«Save the children» əlil
uşaqlar üçün mədəni layihələr həyata
keçirir
Samir
Məmmədov: “Bu layihələrlə həmin insanların cəmiyyətdəki
yerinə dair yanlış təsəvvürlərin əsassız
olduğunu göstərməyə
çalışırıq”
Dünyada beynəlxalq yardım və
inkişaf təşkilatı kimi tanınan «Save the children»
(“Uşaqların xilası”) 78 ildir ki, fəaliyyət göstərir.
Azərbaycanda 1993-cü ildə fəaliyyətə
başlayan qurum uşaqlara və ailələrinə icma
inkişafı, iqtisadi imkanlar, təhsil və digər sahələrə
proqramlar vasitəsilə yardım göstərir.
Təşkilat ötən müddətdə ölkəmizdə bir sıra layihə və proqramlar həyata keçirib. Son illər isə «Uşaqların xilası» daha çox mədəni tədbirlərə diqqət ayırır. Təşkilat teatrla bağlı bir sıra layihələrin dəstəkçisi və təşkilatçısı olub. Bu layihələr daha çox əlil uşaqlar üçün nəzərdə tutulub. Bu yaxınlarda təşkilatın iştirakı ilə gerçəkləşən “Həyat tamaşa kimi» əlilliyi olan uşaq və gənclərin inteqrativ tamaşalarının 5-ci festivalı da bu qəbildəndir.
Təşkilatın Azərbaycan ofisinin nümayəndəsi Samir Məmmədov bu festivala məmnuniyyətlə dəstək verdiklərini vurğulayaraq mədəniyyət sahəsində digər layihələrdən də söhbət açdı:
- Bu, çox maraqlı festival idi. Tədbirdə
əlilliyi olan gənclərlə çalışan bir
sıra qurumlar, qeyri-hökumət təşkilatları bir
araya gəlmişdi. Biz bu təşkilatlarla sıx əməkdaşlıq
əsasında əlilliyi olan uşaq və gənclərin məharətlərini
nümayiş etdirməsinə imkan yaratmışdıq.
Bununla da əlilliyi olan insanların cəmiyyətdəki yerinə
dair yanlış təsəvvürlərin əsassız
olduğunu göstərməyə
çalışırıq. Xatırladım ki, festival
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi
ilə icra edilən “Dayanıqlı dəyişiklik naminə
Birgə Fəaliyyət Proqramı” çərçivəsində
reallaşdırılıb.
- Bu qəbildən layihələr
davam etdirilirmi?
- Əlbəttə. «Save the
children» təşkilatı «Baksell» ilə birgə layihə həyata
keçirir. Bu layihə 2010-cu ildə başlayıb və
2012-ci ilə qədər davam edəcəyi gözlənilir.
Layihə əvvəlcə Bakıda 5 məktəbdə həyata
keçirilib və bəyənildiyi üçün
regionlarda davam etdirilir. «Sağlam bacarıqlar təşəbbüsü»
adlandırdığımız bu layihə kukla
tamaşalarından ibarətdir. Kukla tamaşalarının təşkilinin
əsas məqsədi uşaqlara müsbət dəyişiklikləri
interaktiv üsullarla çatdırmaqdır. Layihə bir
neçə mərhələdən ibarətdir. Uşaqlara
mövzular nəzərə alınmaqla teatr tamaşaları
göstərilir. Növbəti mərhələdə
uşaqlar həmin mövzulara uyğun tamaşa
hazırlayırlar. Daha sonra həmin tamaşalar regional səviyyədə
müsabiqəyə çıxarılır. Bu layihənin
davamı uşaq teatrlarının inkişafına təkan
verəcək. Onu da deyim ki, layihənin əsas
üstünlüyü burada uşaqların əylənərək
öyrənməsindədir. Əsas məqsəd o idi ki,
uşaqlar bu tamaşalarda darıxmasınlar,
sıxılmasınlar. Əksinə, həm əylənsinlər,
həm də öyrənsinlər. Uşaqları incəsənətə
bu yolla istiqamətləndirmək vacibdir.
İncəsənət
vasitəsi ilə terapiya
- Niyə məhz əlil uşaq və
gənclər arasında teatr layihələrinə daha
çox diqqət verirsiniz?
- Bunun səbəbləri var. Misal üçün, təşəbbüs irəli sürdük ki, internata gedib oradakı əlil uşaqlara baş çəkək. Bu, sadəcə mahnı sədası altında rəqs eləmək deyil. Biz onlarla bir yerdə maraqlı vaxt keçirdik. Hədiyyələr payladıq, şəkil çəkdik. İncəsənət vasitəsilə terapiya adlı bir anlayış var. Bu vaxt ərzində onlarla vaxt keçirib, söhbət edirsən. Bu uşaqların əqli və fiziki qüsurları var. Lakin biz həmin müddətdə onları incəsənət vasitəsilə terapiyaya cəhd etdik. Sonra bir çox insanlar bizə müraciət edərək, bu layihədə iştirak etmək istədiklərini bildirdilər. Maddi yardım təklif edənlər də çox oldu. Onu da deyim ki, bizim 9 rayonda ailə və uşaqlara dəstək mərkəzlərimiz var. Biz o mərkəzlərdə uşaqlara tikiş, naxış, əl işləri öyrədirik. Hətta onların əl işlərini auksiona da çıxarmışıq. Əldə edilən vəsait onların özlərinin problemlərinin həllinə sərf olundu. Bu mərkəzlərin qurulmasına iki il vaxt sərf olunub. Qapı-qapı gəzib ehtiyacı olan uşaqları tapırdıq. Bizdə bəzən ailələr əlil uşaqları qapalı şəraitdə saxlayır, onların cəmiyyət arasına çıxmasına imkan vermirlər. Heç əlil kimi qeydiyyata da salmırlar. Onları çətinliklə tapdıq. İlk vaxtlar ailələr imtina edirdi. Amma zamanla onlarla dil tapa bildik.
- Uşaqların incəsənətə cəlb olunmasında tanınmış incəsənət adamlarının iştirakı da vacibdir. Layihələrə onlar könüllü olaraq cəlb olunurlar?
- «Face club»da keçirdiyimiz layihələr zamanı onlar bizə yardımçı olurlar. Bu yaxınlarda orada keçirdiyimiz tədbirdə müğənni Faiq Ağayev «Oz ölkəsinin sehrbazı» nağılını uşaqlar üçün oxudu. Uşaqlar Faiq Ağayev tərəfindən bu nağılı həvəslə dinlədilər. Xeyriyyə gecəsində müğənnilər Nura Suri, Akif Süleymanbəyli, DJ Panço və Səfurə Əlizadə təmənnasız çıxış etdilər. «Musiqi, rəqs, əyləncə üçün -ən əsası özünüz və uşaqlar üçün bizə qoşulun» devizi ilə keçirilən layihədən əldə olunan gəlir qaçqın və məcburi köçkün uşaqlar üçün tibbi və gigiyenik ləvazimatlar, paltar alınmasına sərf olundu. Yəni demək istədiyim odur ki, sənət adamları uşaqlar üçün hazırladığımız mədəni layihələrdə iştirak etməkdən boyun qaçırmırlar.
Ümidvarıq ki, əlil uşaqların teatrlara cəlb olunması ilə bağlı keçirdiyimiz layihələr tezliklə nəticəsini verəcək. Əgər əlil uşaqlarla bağlı festival artıq 5-ci dəfə keçirilirsə, deməli, irəliləyiş var. Hər halda biz uşaqlara teatr bacarıqlarını aşılamağa çalışırıq. Çünki bu gün Azərbaycan telekanallarında bu barədə proqramlar, verilişlər yoxdur. Halbuki telekanalların belə mövzulara yer ayırması lazımdır. Bizim həyata keçirdiyimiz layihələr də bu sahəyə marağın artırılması məqsədini daşıyır.
Gülər Nizamiqızı
Mədəniyyət.-
2011.- 18 fevral.- S. 7.