Muğamı
qavalla ifa edən ilk qadın xanəndə
Fevralın 24-də muğam sənətimizin
özünəməxsus ifaçısı, Mədəniyyət
və İncəsənət Universitetinin və Azərbaycan
Milli Konservatoriyasının müəllimi, Xalq artisti Səkinə
İsmayılovanın 55 yaşı tamam olur
...O, Opera və Balet
Teatrının səhnəsində ən gənc Leylilərdən
biri oldu...
...İlk qastrol səfərinə Fransadan
başladı...
... Azərbaycan musiqi sənətində
muğamı qavalla ifa edən ilk qadın xanəndə də
o oldu...
... Qadınlardan ibarət ilk
muğam üçlüyünü də o yaratdı...
... Səhnədə, elə həyatda
da azərbaycanlı xanımın necə olmağını
çoxlarına o öyrətdi...
... Dünyanın 40-a yaxın
ölkəsində Azərbaycan musiqisini, qədim
muğamlarımızı layiqincə təmsil etdi...
... Üç böyük
muğam müsabiqəsinin yeganə xanım münsifi də
o oldu...
... Həyatdan və sənətdən
qazandığı iki beşin sahibi də elə odur - Xalq
artisti Səkinə İsmayılova...
- Səkinə xanım, 55
yaxşı rəqəmdir. İki beşin tamamında
özünüzü necə hiss edirsiniz?
- Əla, gördüyünüz
kimi (gülür).
- Gəlin, söhbətimizə
uşaqlıq illərinizdən başlayaq. O illərdən
ki, özünüz hiss etməsəniz də, ətrafınızdakılar
istedadınızı görüb qiymətləndirirdilər.
- Xanəndəlikdir, rəssamlıqdır,
şairlikdir - bunlar Allah vergisidir. Əgər yaxşı təhsil,
yaxşı tərbiyə alsan, başqa sahədə öz
sözünü deyə bilərsən, amma elə sahələr
də var ki, istedadın olmadan bir addım da ata bilməzsən.
Allah-Təala hər kəsə istedad vermir. Əgər
istedadın varsa, seçilmisənsə, bu istedadın
dalınca getməlisən.
Uşaq vaxtı
hüquqşünas olmaq istəyirdim. Məktəbimizə
istedadlı uşaqları aşkar etmək üçün
universitetdən bu gün yaxşı
tanıdığımız gözəl alimimiz, professor Vidadi
Xəlilov gəlmişdi. Səsimə qulaq asdı, dedi ki, ay
qızım, çox adam hüquqşünas, müəllim,
həkim ola bilər, Allah sənə belə gözəl səs
verib, bu sənətin dalınca get. Ona görə də mənə
düzgün yol göstərən və hər zaman təşəkkür
edəcəyim insanlardan biri də Vidadi müəllimdir.
Elə bu fikirlə də orta məktəbi
bitirib Asəf Zeynallı adına Musiqi Məktəbinin
muğam sinfinə daxil oldum. Böyük müəllim, əvəzsiz
sənətkar, Seyid Şuşinskinin layiqli
davamçısı, yüzlərlə xanəndənin
müəllimi Nəriman Əliyevin sinfində muğamın
sirlərini öyrəndim.
Musiqi Məktəbində
oxuduğum illərdə ustad sənətkarlar məndə
opera səsin olduğunu hiss elədilər və böyük
sənətkarlarımız Rauf Abdullayev, Bəhram Mənsurov,
Gülxar Həsənova, Kazım Əliverdibəyov, o
dövrdə Opera və Balet Teatrının direktoru işləyən
Azər Rzayev səsimə qulaq asıb məni teatra,
böyük səhnəyə dəvət elədilər.
Bütün uğurlarıma görə səhnəyə
borcluyam
- İlk dəfə səhnəyə
hansı rolla çıxdınız?
- Mənim bütün
yaradıcılığım bu səhnə ilə
bağlıdır. Bu gün mənim bütün
uğurlarım, tanınmağım, sevilməyim böyük
səhnədə ilk addımlarımı atmağımdan
başlayır. Bu səhnədə ustad sənətkarlardan sənətin
incəliklərini öyrəndim, istedadım cilalandı və
ilk dəfə səhnəyə “Leyli və Məcnun”
operasındakı Leyli rolu ilə çıxdım. Mən
teatra gəldiyim illərdə bizim möhtəşəm sənətkarlarımız
Rübabə Muradova, Nəzakət Məmmədova, Zeynəb
Xanlarova Leyli rolunu ifa edirdilər. Onlara sevə-sevə,
heyranlıqla qulaq asırdım, baxırdım, öyrənirdim.
Çox keçmədi ki, “Leyli və
Məcnun”da Leyli, “Əsli və Kərəm”də Əsli, “Gəlin
qayası”nda Gülbahar, “Aşıq Qərib”də Şahsənəm
rollarını ifa elədim. Səhnəyə
alışdım, səhnəyə öyrəşdim, səhnəyə
bağlandım. İki böyük sənətkarımız
- Rübabə Muradova və Nəzakət Məmmədova
dünyasını dəyişəndən sonra - Allah hər
ikisinə qəni-qəni rəhmət eləsin - opera səhnəsində
iki il baş rolları tək oynamalı oldum. Bu məsuliyyəti
öz çiyinlərimdə daşıdım. Mənim belə
bir məhsuldar teatr həyatım olub. Hər zaman deyirəm
ki, bütün uğurlarıma, müvəffəqiyyətlərimə
görə o səhnəyə borcluyam.
- Özünəməxsus ifa tərzi,
imici olan Səkinə xanımın başqalarından
seçilməyinin sirri nədədir?
- Səhnə hər zaman gözəllik
istəyir. Çox xoşbəxtəm ki, Rəşid Behbudov
kimi sənətkarın yaratdığı Mahnı
Teatrının kollektivi ilə dəfələrlə qastrol səfərlərində
olmuşam, onunla Fransada, İngiltərədə bir səhnədə
çıxış etmişəm. Özümü həm də
ona görə xoşbəxt sayıram ki, belə sənətkarlardan
diqqət görmüşəm. Rəşid Behbudovun gözəl
bir sözü vardı, deyirdi ki, hər bir sənətkar
öz ölkəsinin simvoldur. Onun səhnəyə gəlişi,
görünüşü ölkəsi haqqında ilk təəssürat
yaradır. Çox sevinirəm ki, Azərbaycan
xanımının simasını həmişə qoruyub
saxlamışam. Çünki biz hansı səhnədə
oluruqsa-olaq, öz geyimimizlə, davranışımızla Azərbaycanı
təmsil edirik.
- Sənətdə uğur qazanmaq
və bu uğuru qoruyub saxlamaq çətin olsa da, siz bunu
bacardınız. Doğrudanmı uğuru qorumaq onu əldə
etməkdən daha çətindir?
- Bəli, ən çətini əldə
etdiklərini qoruyub saxlamaqdır. Sənətdə uğur
qazanmaq üçün insanın ağlı, zəkası, zəhmətsevərliyi
ilə yanaşı, həm də sənətinə sonsuz
eşqi-məhəbbəti də olmalıdır. Belə olsa
uğur səndən qaçmayacaq.
Səbirli,
Allaha bağlı adamam
- Mədəniyyət və İncəsənət
Universitetində, Milli Konservatoriyada dərs deyirsiniz.
Özünüzü harada daha rahat hiss edirsiniz: səhnədə,
yoxsa auditoriyada?
- Mən hər zaman bu işləri
bərabər yürütməyə
çalışıram. Biz həm səhnədəyik, həm
də təbii ki, öz ardıcıllarımızı
yetişdiririk. Bu mənada səhnədə də, auditoriyada
da özümü çox yaxşı hiss edirəm.
- Siz həm də muğamı
qavalla ifa edən ilk qadın xanəndə olmusunuz...
- Mən sevinirəm ki, Azərbaycan
musiqi sənətində muğamı qavalla ifa edən ilk
qadın xanəndəyəm. Sevinirəm ki, 1988-ci ildə Azərbaycan
Dövlət Filarmoniyasında böyük simfonik orkestrlə
Vasif Adıgözəlzadənin işləməsində
“Şur” və “Rast” simfonik muğamlarını ilk dəfə
İslam Rzayevlə bərabər mən ifa etmişəm.
- Ancaq bildiyimə görə,
keçmişdə də qadın xanəndələr səhnəyə
qavalla çıxardılar....
- Bəli, qadın xanəndələr
səhnəyə qavalla çıxardılar, ancaq bu sadəcə
simvol idi. 1988-ci ildə Amerikaya səfərə
hazırlaşırdım, belə göstəriş vardı
ki, klassiklərimizdən gələn ənənə ilə -
tar, kamança və bir də qavalla ifa edən xanəndə
olmalıdır. O vaxtlar xanım ifaçılar qavalı
simvolik olaraq əllərində tuturdular. Dedim ki, əgər
qadın xanəndələr bu gün ”Rast”, “Çahargah”,
“Bayatı-Şiraz” oxuyursa, niyə qaval da çalmasın? Bir
ay ərzində qaval çalmağı öyrəndim.
Çünki orta məktəbdə musiqi məktəbinin
qarmon sinfini bitirmişdim, musiqi alətləri mənə yad
deyildi, həm də o mənada ki, ailədə bacım və
qardaşlarım musiqi alətlərində
çalmağı bacarırdılar. Bu məsuliyyəti
boynuma çəkdim, Amerika kimi böyük bir ölkədə
6 konsertimiz oldu və səfərimiz uğurla keçdi. Bu ilk
addım istər o dövrdə, istərsə də bu
dövrdə çox maraqla qarşılandı. Ən
maraqlısı budur ki, muğam ifa edən bütün
qadınlar səhnəyə qavalla çıxırlar.
- İlk dəfə həm də
qadınlardan ibarət üçlük yaratdınız...
- Bəli, Azərbaycanı təmsil
elədiyimiz üçün bu üçlüyün
adını da “Azərbaycan” qoyduq. Elə bir ölkə yoxdur
ki, üç azərbaycanlı xanım səhnəyə
çıxanda zalda alqış səslənməsin və bu
gün də ansambl fəaliyyət göstərir.
- Həyatda qarşınıza
çıxan maneələri necə dəf edirsiniz?
- Səbirlə. Çox səbirli
adamam və fikirləşirəm ki, insan səbirlə
bütün istəklərinə çata bilər. Allaha
bağlı adamam. Bir də insan gərək həyatda nəfsinə
sahib olmağı bacarsın, hansı sənət olursa-olsun
insan mükəmməl öyrənsə, istədiyinə
çata bilər.
Həyat
gözəldir
- Keçmiş xatirələrlə
yaşayırsız, yoxsa gələcək arzularla?
- Keçmiş elə keçmişdir, keçdi getdi... həyatın axarında nə olmalıdırsa, olacaq, bunun üçün çox təəssüflənməyə dəyməz. Fikirləşmək lazımdır ki, yenə də həyat çox gözəldir, sevgi ilə doludur, sabahlarda çox gözəl günlər var. Gələcək arzular insanı yaşadır.
- Artıq bir sənətkar olaraq bu gün muğam müsabiqələrində münsif kimi iştirak edirsiniz. Hansı hisləri keçirirsiniz?
- Fəxr edirəm ki, üç möhtəşəm muğam müsabiqəsinin jürisində yeganə qadın xanəndə kimi iştirak edirəm. Biz o uşaqların hər birinə öz balamız kimi baxırıq. İrad da tutanda elə bir formada demək istəyirik ki, sıxılmasınlar, ümidləri qırılmasın. Çünki bir sənətkar 25-30 ilə yetişir. Biz onlardan 2-3 ay ərzində böyük sənət tələb edə bilmərik, öz səviyyələrinə, öz yaşlarına, öz çəkilərinə uyğun ifa gözləyirik. Ona görə də hər birinə çox obyektivliklə, həssaslıqla, qayğı, diqqət, sevgi ilə yanaşırıq.
- Səhnədə Leyli olmaq çətindir, yoxsa həyatda?
- Səhnədə Leyli olmaq odur ki, sən kiminsə obrazını yaradırsan. Bu da çətindir. Ona görə ki, səhnədə yaratdığın obrazla tamaşaçıları inandırmalısan, əgər tamaşaçı inanmasa, səni sevib alqışlamayacaq. Həyatda isə ailəmdə yoldaşımın Leylisiyəm. Hər zaman deyirəm ki, sənətkarın iki qanadının biri onun sənəti, biri onun ailəsidir. Qoşa qanad olanda sənətkar xoşbəxt olur. Mən hər bir xanıma, hər bir sənətkara bu xoşbəxtliyi arzulayıram.
- Səkinə İsmayılova deyəndə “Heyratı”, “Heyratı” deyəndə Səkinə İsmayılova yada düşür. “Heyratı”ya niyə bu qədər bağlısınız?
- Hər zaman tələbələrimə də öyrədirəm ki, elə muğamlar var ki, gərək onları kişi kimi oxuyasan. Çünki bu muğamların xarakteri belədir. “Heyratı” döyüşə çağırışdır, cəngavərlikdir, qəhrəmanlıq ruhudur. Təbii ki, onun üçün də səs dinamikası, səsin özünün funksiyası olmalıdır.
- Ömrünüzün bu məqamında özünüz özünüzə nə arzulayırsız?
- Sənətə gəldiyim gündən dövlətdən, ətrafımdakı insanlardan özümə qarşı qayğı, diqqət görmüşəm, bu gün də dövlətimizin, Mədəniyyət və Turizm Nazirliyinin böyük qayğısını hiss edirəm. Bu da məni ruhlandırır ki, bundan sonra öz gücümü, öz istedadımı, sənətimi bütünlüklə mədəniyyətimizə həsr edim.
Təranə Vahid
Mədəniyyət.-
2011.- 18 fevral.- S. 5.