Ölkəmizin turizm imkanları İstanbul sərgisində
nümayiş olunub
Xəbər
verdiyimiz kimi, Azərbaycanın turizm təmsilçiləri
fevralın 10-dan 13-dək Türkiyənin İstanbul şəhərində
keçirilən EMİTT beynəlxalq turizm sərgisində
iştirak ediblər.
Ənənəvi olaraq hər il
iştirak etdiyimiz sərgidə ölkəmizin turizm
potensialı bu dəfə də 60 kvadratmetrlik lövhədə
nümayiş olunub. Sərgidə Azərbaycanı Mədəniyyət
və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın
İsmiyev, Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov,
tədqiqat işləri, statistika və lisenziyalaşdırma
sektorunun baş məsləhətçisi Nəzər Eminov,
Azərbaycan Dövlət Mahnı və Rəqs
Ansamblının 6 üzvü, ölkəmizdə fəaliyyət
göstərən turizm şirkətlərindən «Deys Hotel
Baku», «Didare Melal», «Millennium Tourism & Congress», «GEO travel» və
«Alp İnn» hoteli təmsil edib.
Mədəniyyət və Turizm
Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı
sektorunun müdiri Mahir Qəhrəmanovun sözlərinə
görə, sərgidə dünyanın 50-dən çox
ölkəsinin rəsmi turizm qurumları, şirkət və
mehmanxanaları iştirak ediblər: «Sərginin
açılış mərasiminin sonunda Azərbaycanın
milli rəqs nümunələri nümayiş olundu. Rəsmi
nümayəndələr və sərgi
iştirakçıları böyük maraqla rəqqaslarımızın
çıxışını seyr etdilər. Bununla
yanaşı, sərgi müddətində hər dəfə
20 dəqiqə olmaqla, gündə bir dəfə milli rəqslərimiz
xüsusi ayrılmış səhnədə nümayiş
etdirilirdi. Bu da iştirakçılar tərəfindən
böyük maraqla qarşılanırdı. Azərbaycana səfər
etmək marağında olanlara ölkəmizlə
bağlı ətraflı məlumatlar verildi, zəngin turizm
potensialına malik olan respublikamız müxtəlif
çeşidli reklam çap məhsulları və reklam
çarxları vasitəsilə nümayiş etdirildi. Azərbaycanın
xalq rəqslərinə və folklor nümunələrinə
ziyarətçilər tərəfindən xüsusilə
böyük maraq vardı».
M.Qəhrəmanov bildirdi ki, Azərbaycanın
stendi medianın diqqət mərkəzində olub: «Türkiyə
telekanalları, eləcə də bir sıra xarici telekanallar
Azərbaycan stendində çəkilişlər apardılar.
Həmçinin sərgi zamanı müxtəlif ölkələrin
sərgi iştirakçıları ilə görüşlər
keçirdik, onlara Azərbaycanda turizm sahəsinin
inkişafı və perspektivi haqqında geniş məlumat
verdik. Bundan əlavə, ölkəmizə gəlmək
üçün vizanın alınması qaydaları,
gediş-gəliş üçün nəqliyyat vasitələri,
prioritet sayılan turizm növləri və inkişaf etmiş
turizm əraziləri haqqında bilgiləri də onların nəzərinə
çatdırdıq».
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 18 fevral.- S. 3.