Xocalı soyqırımıkitabı Küveytdə təqdim olunub

 

   Küveytin ən böyük məscidi olan “Əl-Məscid Əl-Kəbir” kompleksində müsəlman ölkələrinin Beynəlxalq sərgisinin açılış mərasimi keçirilib. Azərbaycanın Küveytdəki səfirliyindən bildiriblər ki, ölkəmiz sərgidə iki mövzu-ekspozisiya ilə təmsil olunub.

   Ekspozisiyanın biri Xocalı soyqırımının 19-cu ildönümünə həsr edilib. Burada qoyulmuş stendlərdə “Xocalı uşaqların gözü ilə” rəsmləri nümayiş etdirilir.

   Ekspozisiya çərçivəsində səfirliyin təşəbbüsü ilə ərəb dilində nəşr olunmuş “Xocalı soyqırımı” kitabının və Xocalı faciəsini əyani şəkildə Küveyt ictimaiyyətinə çatdıran filmin ərəb dilində CD variantının təqdimatı da keçirilib. Təqdimat mərasimində Ermənistan silahlı birləşmələrinin keçmiş sovet ordusunun yardımı ilə Xocalı şəhərində törətdikləri vəhşiliklər və faciənin mahiyyəti barədə sərgi iştirakçılarına məlumat verilib.

   Küveytin vəqflər və islam işləri nazirinin müavini, ölkənin tanınmış siyasi-ictimai xadimi doktor Adil Abdullah Əl-Fələh sərgidəki Azərbaycan guşəsini ziyarət edərək, burada nümayiş etdirilən rəsmlər və nəşrlərlə tanış olub. Sərgidə Azərbaycanın füsunkar təbiəti, qədim tarixi, zəngin mədəniyyəti, sürətlə inkişaf edən iqtisadiyyatı, böyük turizm potensialından ətraflı bəhs edən fotolar, videofilm, mətbuatda dərc olunmuş məlumatlar, sənətkarlarımızın əl işləri də nümayiş etdirilir.

 

 

   Mədəniyyət.- 2011.- 23 fevral.- S. 15.