ABŞ Konqresində
Xocalı soyqırımı qurbanları
anılıb
1992-ci ilin fevralında Azərbaycanda
erməni silahlı qüvvələri tərəfindən həyata
keçirilən amansız Xocalı soyqırımının
19-cu ildönümü ABŞ Konqresinin Nümayəndələr
Palatasında anılıb. Azərbaycanla bağlı işçi
qrupunun həmsədri konqresmen Bill Şuster, eləcə də
Konqres üzvləri xanım Virciniya Foks, Stiv Koen və
xanım Eddi Bernis Conson Nümayəndələr Palatasında
verdikləri bəyanatlarla həmkarlarını Azərbaycanın
Xocalı şəhərinin acı taleyinə biganə
qalmamağa və sovet ordu hissələrinin köməyi ilə
erməni silahlı qüvvələri tərəfindən
yerlə-yeksan edilən şəhərin sakinlərinin xatirəsini
anmağa çağırıblar.
Şimali Karolina ştatının
Konqresdəki nümayəndəsi xanım Virciniya Foks deyib: “Mən,
həmkarlarımı mənə qoşularaq Xocalı şəhəri
və həmin fəlakətli günlərdə qətlə
yetirilən Xocalı sakinlərini yad etməyə və bu
faciənin ildönümündə Azərbaycana dərin
başsağlığı verməyə
çağırıram”.
Tennesi ştatının konqresmeni
Stiv Koen isə Xocalı faciəsini həmkarlarına təsvir
edərkən o zaman hadisə haqda yazan ABŞ-ın “Newsweek”və
“Times” jurnallarından məqalələri xatırladıb. Texas
ştatının təmsilçisi xanım Eddi Bernis Conson
vurğulayıb ki, Xocalıda qətlə yetirilən
insanların xatirəsi qarşısında hamı bu cür
addımları qətiyyətlə pisləməyə
borcludur.
Konqresdə Azərbaycanla
bağlı işçi qrupunun həmsədri,
Pensilvaniyalı qanunverici Bill Şuster Xocalı
qırğınını bəşəriyyətə
qarşı cinayət adlandıraraq hadisənin
ildönümünü anan Azərbaycan xalqı ilə birlikdə
olmağa çağırıb.
Mədəniyyət.-
2011.- 23 fevral.- S. 15.