Mirzə Cəlil - millətin əbədi mirzəsi...
«Əcnəbi
göydə balonlarla uçur»kən, bizlər «daha vacib
işlər» («xoruz döyüşdürmək, it
boğuşdurmaq, hamamda yatmaq və s.») dalınca
qaçırkən, kütlənin «bir abbası»dan artıq dəyərləndirmədiyi
qələmdən yapışan Mirzə...
Çinovniklər,
keşişlər öz milli-mədəni gələnəkləri
işində, məmurlar, mollalar isə şeyx nəsrullahlar
peşində ikən, yüz ilə yaxın
yağır-bağır edilmiş bir millətin
bağrından qopan bu Mirzə «Molla Nəsrəddin» adında
milli bir Çıraq yandırdı.
Önə
keçən son söz...
Elə axır fikirlər, son
sözlər olur ki, onu «ön söz»lər yerinə işlətməmək
olmur...
Bəli, 1906-cı ilin ilıq
aprelində gedib qərib çar Tiflisində milli bir
Çıraq yandıran bu Mirzə 1932-ci ilin soyuq
yanvarında doğma sovet Bakısında o təkrarsız,
inam-imanlı mətbu işığının «Allahsız»
adına dəyişdirilmə, əks təqdirdə
söndürülmə bəyanatı ilə mənən,
gündəlik «kerosin norması»ndan məhrum edilməklə
fizikən öldürülmə ərəfəsində
övladlarını qızındırmaq üçün
öz əlyazmalarını sobaya atıb yandırdı...
Onun
həyata gəlməkliyi
Sonuncu ifadəni qaralamağa tələsməməli.
Mən, sadəcə, bu milli Mirzəmizin başdan-başa Azərbaycan
dili və nitqinin leksik arsenalını özündə ehtiva
edən bənzərsiz ifadələrinə rəğmən
işlətdim bu kəlməni. Vallahi, bax elə bu anca onun
«Eşşəyin itməkliyi», «Ulağımı satdılar,
yedilər», «A xan, başına dolanım, mən neyləyəydim,
urus məktubu götürdü, qoydu getdi» ifadələrini
xatırlayıb, dəli bir gülməklik elədim. Bu şəhd-şəkərlikdə
ədibi olan bir ölkənin oxucusu olmaqlıq xoşbəxtliyi
yaşadım. Hələ onun ustad bir memar kimi qurduğu
dialoq; «- Ay usta, bu ermənilər ki buxəntərə murdar məxluq
imiş, bəs, qurban olduğum onları niyə düzəldib?
- A Qurban, bəs cəhənnəm?! Fəda olduğum
onları yaratmasaydı, cəhənnəmə kimi göndərərdi?!».
Bu
nümunələrin özü də ədəbiyyatımızın,
teatrımızın, mətbuatımızın -
bütövlükdə XX əsr mədəniyyətimizin
fenomen Mirzəsinin həyata necə gəlməkliyini görk
edir.
Bəli, 1869-cu il fevralın 22-də
Naxçıvanda - Hüseynqulu kişinin balaca həyətində
dünyaya göz açan Cəlil böyük həyata bu
kimi düşüncə daşıyıcılarıyla, mənəvi
cərrah qələmiylə gəlməklikdə idi.
Onun təhsil yolundakı
düşərgələr də xarakterində az
«skvoznyak»lara səbəb olmayıb. Öncə «Allahu Əkbər!»
sədalı mollaxana, ardınca dünyanın
fırlanmasından danışan üçsinifli
Naxçıvan şəhər məktəbi, sonra - 15
yaşında bütün Qafqazın seçmə
uşaqlarının toplaşdığı Qori Müəllimlər
Seminariyası. Daha sonra 10 il davam edən müəllimlik.
Seminariya məzunlarının təyinat obyektləri ilə
bağlı qanun bir yana, Cəlil müəllimi
baxışlarından sezilən, danışıqlarından
duyulan milli təəssübkeşlik elementlərinə
görə yalnız kənd məktəblərinə göndərirdilər.
O, öz daxili aləmini paylaşmaq üçün İrəvan
quberniyasının Uluxanlı, Naxçıvan
mahalının Baş Noraşen (İndi Şərur, Cəlilkənd)
və Nehrəm kəndləri ilə kifayətlənmək məhdudiyyətinə
məruz qalır. Bu barədə xatirələrində konkret
bəhs etməsə də, belə bir mətləb duyulur ki,
nə qəm - o həmin illər xalqa elə bir ciddi xidmət
göstərə bilməsə də, gələcəkdə
bu borcu artıqlaması ilə ödəmək
üçün özü xalqdan çox şeylər
götürdü. Həmin illərdə (1887-1897) bu borcun
ilkin «avans»ı olaraq, bir sıra kiçik hekayələrini,
«Kişmiş oyunu» komediyasını, ədəbiyyat tariximizə
dövrün canlı bədii manifesti kimi düşən
«Danabaş kəndinin əhvalatları» povestini qələmə
alır.
1897-ci ildə bir sıra vətən-vətəndaş
«əhvalatları» ilə üzləşib müəllimlikdən
uzaqlaşan C.Məmmədquluzadənin həyatında o
dövr sənətkarları üçün xarakterik olan
uzunmüddətli «axtarma» məzuniyyəti baş verir. Əslində
bu, «bekarçılıq» məzuniyyətindən çox, ədəbi-bədii
şikarçılıq ezamiyyəti idi. Gələcəyin
böyük millət mirzəsi adi müəllimliyi qeyri-adi sənət
şagirdliyinə dəyişmişdi. Əsrin əvvəllərində
Tiflisə gedib, «Şərqi-Rus» qəzeti redaksiyasında
işə düzələn Cəlil öz azman jurnalist gələcəyinə,
«Molla Nəsrəddin» hadisəsinə doğru yol
başlayır. Həmin qəzetin redaktoru Məhəmməd
ağa Şahtaxtlı ilə tanışlıqdan çox mətləbləri
anlayır. Azərbaycan hekayə janrının pasportu hesab
edilən «Poçt qutusu»nu ilk dəfə bu qəzetdə dərc
edir. Və beləliklə,
Bizi deyib gəlir...
«Tiflis, 1906-cı il 7 aprel». Bu an da
onun öz deyimi, öz üslubu ilə deməmək olmur: həyə,
hələ bu nə addı?.. Yəni, «redaktordan», «baş
yazardan», «naşirdən» (yaxud «baş məqalə») yox, sadəcə,
jurnalın nəşr edildiyi yerin adı və tarixi.
İçi mənsub olduğu xalqa hədsiz məhəbbətlə dolu müəllif o jurnalın «ilk məhəbbət məktubu»nu «şanlı» janrlardan biri ilə yox, məhz felyetonla başlayır. Bu xalqın daha strateji, milli məfkurəvi, maddi-sosioloji ladından yox, məhz ən nazik və ən ortaq yerindən xitab edir; «Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!» Mətbuat, yazı-pozu üçün hələ yalnız başdan-başa mövzu xammalı olan bu xalqa bu jurnaldan istifadə məsələsində də müəllimlik edir. Deyir, bu jurnalın vərəqlərini samovar alışığı edə-edə, hərdən şəkillərinə də baxın, qarnınız yırtılanadək gülün, sonra da gedib güzgüyə baxın, görün kimə gülürsünüz. Bu gənc məfkurə müəllimi bu balaca yazısında, Yaxın Şərq də daxil olmaqla, bığlı-saqqallı, «bitdi-sirkəli» şagirdlərə, «ana dilində danışmağı eyib sayan» «abrazovannılara» öz dilini sevmələri üçün onların nostalji hisslərinə də qələm uzadır: «Salınız yadınıza o günləri ki, uşaqlıqda qulaq ağrısı səbəbindən yatmırdınız və ananız da bu dildə sizə deyirdi ki, bala, yat, yoxsa, xortdan gəlib səni aparar».
İllər keçir, dünyada mədəniyyət, Bakıda quyular fontan vurur, məscidlərdə molla fəzlullahlar övrət, dumada «qlasnılar», məhəllələrdə qoçular at oynadır. İmkansız və çarəsiz Mirzə isə öz fenomenal istedadının bəhrəsi olaraq yaratdığı informasiya agenti «Dəmdəməki»yə müraciət edir: «Ay Dəmdəməki, ayə, bu nə zadlardı sən yazıb göndərirsən bizim idarəmizə?! Necə yəni «Bakıda qoçular azyaşlı qızların namusuna təcavüz edirlər»?! A kişi, məgər sən qorxmursan ki, mən də götürüb bunu öz məcmuəmdə çap edərəm (guya etmir ha! - T.A.), o qoçular da əvvəl orda səni, sonra da gəlib burda məni öldürərlər?!»
İllər keçir, «Molla Nəsrəddin»in mövzu dairəsi, mətləb-mahiyyət hədəfləri böyüyür, millətin qanlı, şanlı ziyalılarını öz ətrafına toplayır, xalqı bala-bala oyadır. Bəzən elə ilk sayının üz qabığında verdiyi «Xalq oyanır» karikaturasındakı kimi...
İllər keçdikcə «Molla Nəsrəddin» fərdi qüsurlara gülüşdən bölgəvi, ictimai-fəlsəfi nöqsanları hədəfləməyə keçir. Onun «nöqteyi-nəzərincə» «İrəvan müsəlmanları»nın işi bütün dünya müsəlmanlarınınkından ona görə asandır ki, əgər başqaları küçədə-bazarda qarşılaşdıqları yad adamın «böyük zat» olub-olmadığını ayırd edə bilmədikləri səbəbindən təzim etmədikləri üçün «zibilə düşürlər»sə, bunlar «boynuyoğun, yekəqarın» görən kimi baş əydiklərindən başları heç bir əngəl çəkmir.
«Meşədə gördüklərim» felyetonu isə publisistika aləmimizdə ayrıca bir görəcəkdir! «Bir gün idarəmizə bir əcnəbi gəlib, bizdən məcmuəmizlə əməkdaşlıq etmək arzusunda olduğunu bildirdi və ona xüsusi vəsiqə verməyimizi təvəqqe etdi. Biz də ona Şirvan bölgəsi üzrə vəsiqə verdik. Getdi və həftə səkkiz-mən doqquz məcmuəmizə materiallar göndərməyə başladı. Bütün məqalələrinin sərlövhəsi isə eyni idi: «Meşədə gördüklərim»...
İllər keçir, türk-müsəlman dünyasında satirik jurnalistikanın əsasını qoyan Mirzə Cəlil sağdan dini xürafat, soldan bolşevik-sovet sarkazmlarına məruz qalırdı. Zaman «çalxalanıb-bulandıqca ayranlıq olanlar», üzə çıxan yağ-qaymaqlara güc gəlirdi. Bu jurnalla həm də öz nəşriyyatlarını tapmış olan M.Ə.Sabir, Ö.F.Nemanzadə, Ə.Nəzmi, Ə.Qəmküsar, N. Nərimanov, Ə. Haqverdiyev, M.S. Ordubadi kimi yazıçı və jurnalistlər «Molla Nəsrəddin»i sovet tufan-təlatümləri dənizində pənah aparmalı yeganə ada, ən milli oda hesab etsələr də, C. Məmmədquluzadə məcmuəyə uzanan bolşevik barmaqları ilə razılaşa bilmirdi. Nəhayət, o, Azərbaycanda sovet hakimiyyətinin qələbəsindən iki ay sonra ailəsi ilə birgə Təbrizə köçür və 1921-ci ildə orada «Molla Nəsrəddin»in 8 nömrəsini çap edir. Lakin «...hər gün burada bir desyatin torpaq satılırsa, bu hesabla İran torpaqları neçə ilə fövt olar?» («Hesab dərsi») kimi felyetonlarına görə burada da ona rahatlıq vermirlər. Sonra yenidən Vətənin bu tayına dönüş.
Bu tay Vətən, o tay Vətən, bu cür dönməzlik, o cür yenməzlik, gah küskünlük, gah nikbinlik ovqatı, zamanın əlyazma-soba əhvalatı və...
Bizi deyib getsə də... qaldı!
Hər şeyi bilən bu Kişi bunu
da bilməmiş deyildi ki, «Bir
kərə yüksələn
bayraq...» kimi, onun adı, xidmətləri də yüksələcək, öz
böyüklüyü mərtəbəsinə
ucaldılacaq. Əsərləri
neçə-neçə dillərə
tərcümə ediləcək.
Adı bir sıra mədəni-maarif
müəssisələrinə, Cəlilabad rayonuna, Cəlilkəndə ad olunacaq.
Bakıda, Naxçıvanda
ev-muzeyləri, Nehrəmdə,
Cəlilkənddə xatirə
muzeyləri yaradılacaq.
Təntənəli yubileyləri,
ildönümləri keçiriləcək.
Teatr səhnələrimizin
«qaraçuxası», ekran-efirlərimizin
butası, qəlblərimizin
sənət Atası olacaq...
Tahir Abbaslı
Mədəniyyət.-
2011.- 23 fevral.- S. 13.