Azərbaycanlı aktyor Hollivudun mükafatına layiq görülüb

 

   Azərbaycanın gənc aktyoru Timur Oduşev “Hollywood Young Artists Award” mükafatına layiq görülüb. Gənc aktyor “Sahə” filmindəki roluna görə sözügedən mükafatın nominantı olub. “Nərimanfilm” kinostudiyasından verilən məlumata görə, mükafatlandırma mərasimi martın 13-də ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək.

   “Sahə” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanın “Nərimanfilm”, Gürcüstanın “Qruziyafilm” və “Bagirafilm” kinostudiyalarının birgə layihəsi əsasında istehsal olunub. Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) və Timur Oduşev (Azərbaycan) ifa edib. Ssenari müəllifi və quruluşçu rejissor İlqar Safatdır. Operatorlar Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamlar Rəna Əfəndi və Törəxanım Ağabəyova, bəstəkar Andrey Doynikov, bədii rəhbər Cəmil Quliyev, filmin prodüseri Nəriman Məmmədovdur.

 

 

   Mədəniyyət.- 2011.- 23 fevral.- S. 11.