“Ələsgər əminin
tövsiyəsi ilə həyatımı kinoya bağladım”
Fikrət Ələkbərov - 65
Çəkiliş meydançası, ekran, teatr, səhnə,
estrada - bütün bunlar müasir tamaşaçının
yaddaşına həkk olunmuş ümumi
anlayışlardır. Amma onların arxasında incəsənətin
mürəkkəb və çoxcəhətli sahələri
birləşib. Belə mühüm sahələrdən biri də
rəssamlıqdır.
Azərbaycanın Əməkdar rəssamı
Fikrət Ələkbərov 40 ilə yaxındır ki,
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında
çalışır. Bu müddət ərzində 50-yə
qədər filmdə dekorator, rəssam assistenti,
quruluşçu rəssam işləyib. Bu günlərdə
(18 fevral) F.Ələkbərovun 65 yaşı tamam olub. Bu
münasibətlə onunla görüşüb həyat və
yaradıcılığı barədə söhbət etdik:
- Fikrət müəllim, rəssamlıq
nədən başlanır?
- Allahın verdiyi istedaddan. İstedad konkret şəxsin yaradıcılığında meydana çıxan xalqın canlı, poetik ruhudur. Əlbəttə, bu istedad zəhmətlə yoğurulmasa, sönüb yox ola bilər. Rəssamı uşaqlıq dövrünün təəssüratları, zaman özü yetişdirir. Mənim anam boş vaxtları olanda parça üzərində naxış tikməklə məşğul olurdu. Mən də dinməzcə oturub onun necə naxış vurmağına tamaşa edərdim. Rəsm çəkməyə marağımı görüb bir gün məni dəftərxana mağazasına apardı, albom, akvarel və rəngli karandaşlar aldı. Sevincim yerə-göyə sığmırdı. O vaxt 2-ci sinifdə oxuyurdum. 5-ci sinifdə olanda artıq Respublika Pionerlər Evinin rəssamlıq dərnəyində məşğul olurdum. Burada müəlliməm Məsmə Ağayeva idi. O mənim xatirəmdə həm gözəl insan, həm də gözəl pedaqoq-rəssam kimi qalıb. İlk kosmonavt Yuri Qaqarin kosmosa uçanda “Qaqarin kosmik gəmidə” adlı şəkil çəkmişdim. Şəkil Məsmə xanımın çox xoşuna gəldi. Bu rəsm Moskvaya, Ümumittifaq uşaq yaradıcılıq sərgisinə göndərildi. Orada da komissiya tərəfindən bəyənilərək digər işlərlə birgə Amerikaya, Dünya uşaq yaradıcılığı sərgisinə göndərirdi. Bu sərgi Nyu-York, Vaşinqton və Minneapolis şəhərlərində də nümayiş etdirildi.
- Yəqin rəssamlığa elə bu həvəs sizi Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirdi?
- 1962-ci ildə rəssamlıq məktəbinin rəngkarlıq şöbəsinə daxil oldum. Burada mənim müəllimlərim Əyyub Məmmədov və Əyyub Hüseynov kimi sənətkarlar idi. Çox gözəl rəssamlar idi. Bu sahədə savadımı artırmaq üçün 1969-cu ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsilimi davam etdirdim. İnstitutu qurtarar-qurtarmaz hərbi xidmətə çağırıldım. Leninqradda (Sankt-Peterburq - red.) xidmət edirdim. Boş vaxtım olan kimi Ermitaja gedib bərpa emalatxanasında rəssamların necə işləmələrinə tamaşa edirdim. Bəxtim onda gətirdi ki, hətta xidməti başa vurmamış Bakıya gəlib diplom müdafiə etdim.
- Kinoya gəlişiniz necə oldu?
- SSRİ Xalq artisti, xalqımızın böyük sənətkarı Ələsgər Ələkbərov atamın əmisi oğludur. O, vaxt tapanda bizə baş çəkər, mənim dərslərimlə maraqlanar, öyüd-nəsihət verərdi. Bir gün yenə də bizə gələndə mənim şəkil çəkdiyimi gördü. O vaxtı mən artıq Rəssamlıq Məktəbində oxuyurdum. O, çəkdiyim şəkillərə diqqətlə baxıb gözlənilmədən atama dedi: “Ağa Zeynal, əgər ömür vəfa etsə mən Fikrəti kinostudiyaya aparıb işə düzəldəcəyəm. Mən deyən olmasa, sən bunu edərsən. Fikrət şuluqçu olsa da yaxşı uşaqdır, əl qabiliyyəti də var. Qoy kinematoqrafçılar nəslimizin ardıcılı olsun”.
Məsələ ondadır ki, müharibədən əvvəl Ələsgər əmim atamı da kinostudiyaya işə düzəltmişdi, kinooperator köməkçisi vəzifəsinə. Atam müharibə illərində ön cəbhədə çəkilişlər aparıb. Müharibədən sonra “Bir qalanın sirri”, “Səhər” və s. bədii filmlərin yaradılmasında iştirak edib.
Ələsgər əmi 1963-cü ildə vəfat etdi. Üstündən illər keçdi. Bir gün atam işə düzəltmək üçün məni kinostudiyaya apardı. O vaxt studiyada rejissor Rasim Ocaqov “Tütək səsi” filmini çəkməyə hazırlaşırdı. Filmin quruluşçu rəssamı Elbəy Rzaquliyev idi. Kadrlar şöbəsində məni həmin filmə rəssam assistenti vəzifəsinə işə götürdülər. Kinostudiyada müəllimim çox hörmət etdiyim insan və rəssam Nadir Zeynalov oldu. Məhz o, mənə kinematoqrafın incəliklərini, kinoda rəssam işinin nədən ibarət olduğunu öyrədirdi. Nadir müəllim məni 9 yaşımdan tanıyırdı. Atamla kinostudiyaya gedib-gələndə çəkdiyim şəkilləri ona göstərmişdim.
- Maraqlıdır, rəssamlıq sənətinə yiyələnən hər cavanın kinostudiyada işləmək meyli olmur. Çünki kino rəssamı olmaq heç də asan məsələ deyil. Sizdə bu həvəs nə vaxtdan yaranıb?
- 1957-ci ilin yay fəsli idi.
Şıx çimərliyindən qayıdırdım.
İçərişəhəri çox sevdiyim
üçün yolumu oradan saldım. Qız qalasının
yanından keçəndə gözlərimə inanmadım.
Burada bir neçə dəvə vardı. Ətrafda ərəb
geyimində adamlar gəzişirdilər. Sən demə,
“Axırıncı düym” (Ceyms Oldricin eyniadlı hekayəsi
əsasında “Lenfilm”in çəkdiyi macəra filmi - red.) bədii
filminin epizodlarından biri çəkilirdi. Xeyli dayanıb
çəkilişlərə tamaşa etdim. Çəkiliş
qrupundan bir qadın bunu görüb mənə
yaxınlaşdı, adımı, sonra da
yaşadığım ünvanı soruşdu. Mən evə
qayıdanda fikrim çəkiliş meydançasında idi.
İki gündən sonra həmin
qadın yanında da milis nəfəri həyətimizdə
peyda oldular. Milisioner “Fikrət kimdir?” soruşanda atam “yenə
nə oyun çıxarmısan?” deyib üstümə yeridi.
Qadın özünü irəli verməsəydi bir-iki
kötək yeyəcəkdim. Məlum oldu ki, filmin balaca qəhrəmanı
Devini oynayan aktyor xəstələnib. Onu əvəz etmək
üçün qadın mənim ardımca gəlibmiş.
Sevincimin həddi-hüdudu yox idi. Məni orta və ümumi
planlarda lentə aldılar. Sonra ay yarım Bilgəhdə
çəkiliş qrupuna xırda işlərdə köməklik
edirdim.
1960-cı ildə digər belə
bir əhvalatla qarşılaşdım. Respublika Pionerlər
Evinə gedərkən yenə də yolumu İçərişəhərin
dar küçələrindən saldım. Küçələrin
birində xeyli adamın toplaşdığını
gördüm. Bu dəfə İçərişəhərdə
məşhur “Amfibiya adam” bədii filminin çəkilişləri
gedirdi. Bu dəfə də maraq məni o qədər
tutmuşdu ki, dərsdən qaçıb çəkiliş
meydançasına gəlir, yaradıcı heyətin
qulluğunda dururdum. Nəticədə həmin il dərslərdən
geri qaldım və məni yeddinci sinifdə ikinci ilə
saxladılar. Amma bu xoşagəlməz hadisə mənim kinoya
olan məhəbbətimi azalda bilmədi.
Çəkilişlə
bağlı daha bir əhvalat. 1969-cu ildə Bakıda “Brilyant əl”
filmi çəkilirdi. Yenə də çəkiliş qrupu
ilə qaynayıb qarışmağa başladım. Çəkiliş
üçün dəvələr lazım idi. Həmin filmdə
Nəriman Axundov inzibatçı işləyirdi. Dəvələrin
saxlandığı yeri mən yaxşı bilirdim. Qobustanla
Şamaxı arasında dəvə ferması varıydı. Nəriman
Axundovla ora getdik, üç dəvə ilə geri
qayıtdıq. Düz on beş gün qrupda dekorator assistenti
kimi çalışdım.
Mən artıq kinoya
bağlanmışdım. Ona görə də institutu bitirəndən
sonra Ələsgər əminin tövsiyəsi ilə həyatımı
kinematoqrafa bağladım. İndiyə kimi əlliyə qədər
filmdə dekorator, geyim üzrə rəssam, quruluşçu
rəssam işləmişəm. Bunların arasında “Alma
almaya bənzər”, “Arxadan vurulan zərbə”, “Dərviş
Parisi partladır”, “İşarəni dənizdən gözləyin”,
“Gənc qadının kişisi”, “Sizi dünyalar qədər
sevirdim”, “Girişmə, öldürər” bədii filmləri
var. A.Dovjenko adına Kiyev kinostudiyasında istehsal edilən
“Meqapolis” filmində quruluşçu rəssam işləmişəm.
Türkiyə kinematoqrafçılarının çəkdiyi
üçseriyalı “5 nömrəli kameranın məhbusu”
televiziya filmində həm quruluşçu rəssam
olmuşam, həm də həbs düşərgəsi rəisinin
müavini rolunu oynamışam.
Bir neçə il bundan əvvəl
televiziya ilə ümummilli lider Heydər Əliyevə həsr
olunmuş 12 seriyalı “Həqiqətin anı” televiziya filmi
nümayiş etdirildi. Quruluşçu rəssam kimi ilk dəfə
bu filmdə ulu öndərimizin “İş kabineti”, “Qəbul
otağı”, “Liftdən çıxış”, “Heydər Əliyevin
BMT-də çıxışı” dekorasiyalarını
olduğu kimi qurmuşdum. Son illərin kino işlərindən
“Niyyət” filmini və bu günlərdə təqdimatı
keçirilən ““Əlavə təsir” filmini qeyd edə bilərəm.
“Niyyət” filmini görənlər iki qəhrəmanın
yaşadığı böyük evin
çardağını yəqin ki, xatırlayırlar.
Kinostudiyanın kiçik pavilyonunda iri ölçüdə
hazırladığım çardaq naturadan heç nə ilə
seçilmirdi. “Əlavə təsir” filmi xırda dəyişikliklərlə
bütünlüklə interyerlərdə çəkilib.
Filmdəki “Gizli laboratoriya”nı Bakının köhnə evlərinin
birində qurmuşduq. Həmin evdə “Qətl” epizodu və
daha bir neçə səhnə lentə alınıb.
Bundan başqa “Mozalan” satirik
kinojurnalının 100-dən artıq süjetinin və bir
neçə klipin bədii tərtibatını vermişəm.
Bir sözlə, iş çoxdur. Bir tərəfdən də
yaş ötür. Buna baxmayaraq işləməkdən
yorulmuram, əksinə zövq alıram. Çünki həvəs
əvvəlki həvəsdir.
- Müsahibə üçün
çox sağ olun. Sizə cansağlığı və
yaradıcılıq uğurları arzu edirəm.
Aydın
Kazımzadə
Mədəniyyət.-
2011.- 23 fevral.- S. 10.