İstanbulda 40 gün, 40 gecə

 

    Həm ziyarət, həm ticarət, həm də mədəniyyət

  

   Ticarət də bir mədəniyyətdir

  

   Ötən il Avropanın Mədəniyyət Paytaxtı kimi önəmli missiyanı yerinə yetirən İstanbul şəhəri bu il də dünyanın diqqət mərkəzində olacaq. Martın 18-dən aprelin 26-dək şəhər beynəlxalq əhəmiyyətli tədbirə - İstanbul Ticarət Festivalına (İstanbul Shopping Fest) ev sahibliyi edəcək. Festival çərçivəsində İstanbul düz 40 gün, 40 gecə dünya turistlərini həm sərfəli alış-veriş etməyə, həm də zəngin mədəni irsi ilə tanış olmağa dəvət edəcək.

   Nəhəng layihənin məbləği 50 milyon dollar həcmindədir. İstanbul Ticarət Festivalı sayəsində hədəflənən alış-veriş həcmi isə 3 milyard dollar məbləğində gözlənilir. Ticarət, mədəniyyət, əyləncə festivalı İstanbulun Çırağan Sarayında düzənlənən mərasimdə mətbuata təqdim edilib. Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay, İstanbul valisi Həsən Avni Mutlu, İstanbul Böyükşəhər Bələdiyyəsinin başçısı Kadır Topbaş, İstanbul Ticarət Festival Platformasının (İstanbul Shopping Fest Platform) rəhbəri Mehmet Büyükekşi və başqaları layihə barədə məlumat veriblər.

   Qeyd olunub ki, bu festival növbəti illərdə də ənənəvi olaraq keçiriləcək.

  

   İstanbul üçün nəhəng güc birliyi

  

   40 gün, 40 gecə milyonlarla turisti qəbul edəcək İstanbul Ticarət Festivalı Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və İstanbul Valiliyi himayəsində, İstanbul Böyükşəhər Bələdiyyəsi, Türkiyə İxracatçılar Məclisi, İstanbul İnkişaf Agentliyi və İstanbul Ticarət Palatasının dəstəyi ilə, Türk Hava Yolları ilə işbirliyi və TÜRSAB (Türkiyə Səyahət Agentlikləri Birliyi), TUROB (Turist Otelçilər, İşlətimçilər və Yardımçılar Dərnəyi), TURYİD (Turizm Restoran Sərmayəçiləri və İşlətimçiləri Dərnəyi) və s. qurumların iştirakı ilə gerçəkləşəcək.

   14 milyon əhalisi və 5343 kvadrat kilometrlik ərazisi ilə bir ölkə böyüklüyündə olan İstanbulun 90 müasir ticarət mərkəzi, həmçinin Taksim, Nişantaşı, Şişli, Bakırköy, Fatih, Bahariyə və Bağdat Caddesi kimi ticarət məhəllələri bir çox ünlü markaya ev sahibliyi edir.

  

   Turistlər üçün indiyədək görünməmiş güzəştlər

  

   Martın 18-də açılacaq İstanbul Shopping Fest çərçivəsində yüzlərcə yerli və əcnəbi ticarət markası ilə yanaşı, Kapalı Çarşı, Misir Çarşısı kimi müasir alış-veriş yerlərinin də qatılacağı tədbirdə yeni mövsüm malları 50 faiz endirimlərlə təqdim ediləcək, müxtəlif güzəşt kampaniyaları təşkil olunacaq. Festival boyunca İstanbulun onlarla yerində, alış-veriş mərkəzlərində və mağazalarda bir çox tədbirlər gerçəkləşəcək, küçə şənlikləri, konsertlər, uşaqlar üçün özəl oyunlar, musiqi tədbirləri, ziyafətlər, yarışmalar, moda nümayişləri və s. keçiriləcək.

   Rusiya, İran, Ukrayna, Azərbaycan, Səudiyyə Ərəbistanı, Yunanıstan, Rumıniya, Suriya, İraq və digər ölkələrdən insanların tez-tez üz tutduqları İstanbulda bu festival çərçivəsində turistlərə geniş güzəştləri olan, üstəlik vergisiz alış-veriş imkanı təmin olunacaq. Ediləcək endirim və üstünlüklər sayəsində hər turist 580 dollara təxminən 1000 dollar dəyərində mal ala biləcək.

  

 

   Mehparə

 

   Mədəniyyət.- 2011.- 23 fevral.- S. 8