Azərbaycan
turizmi Baltik hövzəsi ölkələrində
tanıdılacaq
Adil Adilov: «Ölkəmizin «Balttour-2011» sərgisində
iştirakı yüksək nəticələr vəd edir»
Azərbaycan
bu günlərdə daha bir beynəlxalq turizm sərgisində
təmsil olunub. Latviyanın paytaxtı Riqa şəhərində
keçirilən «Balttour-2011»də Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən icarəyə
götürülmüş 24 kvadrat metrlik sahədə Azərbaycanın
təbiəti, coğrafi mövqeyi, regionlardakı mövcud
turizm imkanları, ölkədə fəaliyyət göstərən
istirahət məkanları haqqında məlumatlar yer alıb,
ziyarətçilərə rus və ingilis dillərində
reklam-çap məhsulları təqdim edilib.
Sərgidə ölkəmizi Mədəniyyət
və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin
inkişafı sektorunun aparıcı məsləhətçisi
Adil Adilov, Marketinq və təbliğat sektorunun əməkdaşı
Səbuhi Əfəndizadə, «GEO travel» və «Gilan turizm»
şirkətləri təmsil edib.
Sərgi barədə qəzetimizə
məlumat verən Adil Adilov «Balttour-2011»də dünyanın
33 ölkəsinin 600-dən çox turizm şirkətinin
iştirak etdiyini dedi. Onun sözlərinə görə, sərgi
zallarında 200-dən artıq stend qurulub: «Biz
iştirakçı ölkələrin sərgidəki təmsilçiləri
ilə müxtəlif görüşlər keçirdik. Onlara
Azərbaycanda turizm sahəsinin inkişafı və perspektivi
haqqında geniş məlumat verdik və turistlərin həmin
ölkələrdən respublikamıza cəlb edilməsi
istiqamətində təbliğat apardıq. Qeyd edim ki, sərginin
davam etdiyi günlərdə stendimizə çoxlu sayda yerli və
xarici ziyarətçilər gəlirdi. Azərbaycana səfər
etmək marağında olanlara ölkəmizlə
bağlı ətraflı məlumatlar verirdik. Bundan əlavə,
Azərbaycana gəlmək üçün vizanın
alınması qaydaları, gediş-gəliş
üçün nəqliyyat vasitələri, prioritet
sayılan turizm növləri və inkişaf etmiş turizm əraziləri
haqqında da ziyarətçiləri məlumatlandırırdıq».
Nazirlik təmsilçisi sərgi
müddətində bir sıra görüşlərin
keçirildiyini də dedi. Gürcüstanın Acarıstan
Muxtar Respublikasının Turizm və Kurortlar Departamentinin rəisi
Baçuki Çxeidze və onun müavini Georgi Varşalamidze
ilə görüşdə qarşılıqlı turist
mübadiləsi, ikitərəfli əməkdaşlığın
inkişafı mövzusunda söhbətlər aparılıb:
«Eyni zamanda Latviyanın “celo-parts.lv” saytının
administrasiyası ilə görüş keçirildi. Saytın
rəhbərliyi bildirdi ki, bu internet resursuna Baltik hövzəsi
ölkələrində böyük maraq var və Azərbaycanın
turizm potensialını nümayiş etdirən reklam
çarxlarını və digər təbliğat vasitələrini
artıq öz saytlarında yerləşdiriblər. Latviyanın
“Officiel” jurnalının direktoru Andrejs Podobedslə
keçirilən görüşdə isə o bildirdi ki,
qarşılıqlı razılıq olacağı təqdirdə
onlar ölkəmizin turizm potensialı barədə
informasiyanı öz jurnallarında yerləşdirə bilərlər.
A.Podobeds onu da bildirdi ki, yaxın zamanlarda Azərbaycanın
turizm potensialının Baltik hövzəsi ölkələrində
təbliği məqsədilə xüsusi marketinq təklifi
hazırlayacaqlar».
A.Adilov
sərgi zamanı Latviyada təhsil alan azərbaycanlı tələbələrin
könüllü şəkildə Azərbaycanın turizm
potensialının təbliğ edilməsində iştirak
etdiklərini bildirdi və qeyd etdi ki, bu ölkədəki səfirliyimizin
əməkdaşları da Latviyadakı azərbaycanlı diasporunun
üzvləri ilə birlikdə vaxtaşırı stendimizə
gələrək onlara köməklik göstəriblər.
Azərbaycan təmsilçiləri
sərgi zamanı bədnam qonşularımızın növbəti
təxribatı ilə də üzləşiblər. Britaniyanın
“Lonely Planet” şirkəti tərəfindən dərc olunan və
yerli kitab mağazası tərəfindən satışa
çıxarılan bələdçi kitabında
Dağlıq Qarabağın müstəqil respublika kimi təqdim
edilməsini görən nümayəndə heyətimiz bu barədə
dərhal Azərbaycanın Latviyadakı səfirliyinə məlumat
veriblər. Səfirlik əməkdaşlarının
müdaxiləsi ilə bələdçi kitabları sərgidən
kənarlaşdırılıb və kitab mağazası tərəfindən
Riqa şəhərində onlara məxsus kitab evlərindən
də həmin kitabların satışdan
çıxarılacağı bildirilib.
A.Adilov «Balttour 2011» beynəlxalq
turizm sərgisində ölkəmizin turizm potensialının
təqdimatını yüksək qiymətləndirdi. Onun
fikrincə, qeyd olunan sərgidə iştirakımız Azərbaycanın
turizm potensialının geniş təbliğ olunması
istiqamətində mühüm rol oynayıb.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.-23 fevral.- S. 8.