Görkəmli rejissor, unudulmaz teatr xadimi
Şəmsi Bədəlbəyli - 100
Teatr tariximizin görkəmli siması, Xalq artisti Şəmsi
Bədəl bəy oğlu Bədəlbəyli 1911-ci il fevral
ayının 23-də Şuşa şəhərində
doğulub. Orta məktəbi bitirdikdən sonra Ş.Bədəlbəyli
Pedaqoji texnikuma daxil olub. Lakin qəlbində teatra böyük
həvəs olduğuna görə bədii özfəaliyyət
dram kollektivində fəal çıxış edərək
özünü bu sahədə sınamağa
çalışıb.
1927-ci ildə Pedaqoji Texnikumu bitirərək
Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi
Akademiyası) daxil olub, burada Üzeyir Hacıbəylinin sinfində
bəstəkarlıq nəzəriyyəsi ixtisası üzrə
təhsil alıb. Üzeyir Hacıbəyli ilə ünsiyyət,
böyük dramaturq Cəfər Cabbarlı ilə dostluq
münasibətləri onun taleyində əhəmiyyətli rol
oynayıb.
1932-ci ildən etibarən Ş.Bədəlbəyli
özünü rejissor kimi sınayaraq tanınmış
rejissorlar A.Tuqanov, İ.Hidayətzadə və R.Təhmasibə
assistentlik etməyə başlayıb. 1934-cü ildə o,
Moskvaya - “Malıy Teatr”da rejissor kimi təcrübə
keçməyə göndərilir.
Ş.Bədəlbəyli 1938-ci ildən
etibarən Azərbaycan Dövlət Dram Teatrında müstəqil
surətdə rejissorluq fəaliyyətinə başlayıb. Burada
C.Məmmədquluzadənin “Ölülər”, S.Rəhmanın
“Xoşbəxtlər”, C.Cabbarlının “Od gəlini” əsərləri
onun tərəfindən böyük müvəffəqiyyətlə
səhnələşdirilib.
Böyük Vətən müharibəsi
illərində Ş.Bədəlbəyli sovet
qoşunlarının tərkibində İrana ezam olunur. Təbrizdə
Ü.Hacıbəylinin “Arşın mal alan” operettasını
səhnələşdirir, eyni zamanda burada “Qırmızı
Şərq” qəzetinin müxbiri kimi də fəaliyyət
göstərir.
Şəmsi Bədəlbəyli
40-70-ci illərdə ayrı-yarı vaxtlarda uzun müddət
Dövlət Musiqili Komediya Teatrının direktoru və bədii
rəhbəri olub. Bu teatrda səhnələşdirdiyi “Ləpələr”
(A.Məlikov), “Hicran” (E.Sabitoğlu) və s. əsərlər
böyük tamaşaçı rəğbəti qazanıb.
1959-1965-ci illərdə Ş.Bədəlbəyli
Opera və Balet Teatrının direktoru və baş rejissoru vəzifələrində
çalışıb. Bu teatrın səhnəsində onun tərəfindən
“Koroğlu”, “Arşın mal alan”, “Durnalar gölü”,
“Traviata”, “Trubadur” və digər əsərlər səhnələşdirilib.
1957-ci ildə rejissor Türkmənistan Dövlət Opera və
Balet Teatrında “Koroğlu” operasını tamaşaya qoyub.
Ü.Hacıbəylinin sinfində
musiqi təhsili alması onun sonralar məhz musiqili teatrlarda
rejissor kimi yaradıcılıq fəaliyyətində
danılmaz rol oynayıb. Opera partituralarını oxumaq, əsərin
musiqi materialının səhnə obrazlarının bədii
siqləti ilə həmahəngliyinə nail olmaq, instrumental
ifaçılıqdan ansambl təşkil etmək
baxımından məhz musiqiçi Ş.Bədəlbəyli
ilə rejissor Ş.Bədəlbəylinin
yaradıcılıq təmasının uğurlarıdır.
1974-1976-cı illərdə Azərbaycan
Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri
vəzifəsində çalışıb. 1976-cı ildən
isə ömrünün sonuna kimi Azərbaycan Teatr Cəmiyyətinin
sədri olub.
Şəmsi Bədəlbəyli
filmlərə də çəkilib. “O qızı tapın”,
“Axırıncı aşırım”, “Ömrün səhifələri”
filmlərində yaddaqalan obrazlar yaradıb.
Görkəmli rejissor,
bacarıqlı inzibatçı Şəmsi Bədəlbəyli
musiqili teatr sənətimizin inkişafında, onun tərəqqisi
yolunda göstərdiyi böyük xidmətlərə görə
Xalq artisti fəxri adına (1964) layiq görülüb,
“Qırmızı Əmək Bayrağı” ordeni və
medallarla təltif edilib. 1987-ci il
mayın 23-də vəfat edib.
Mədəniyyət.-
2011.- 23 fevral.- S. 7.