Üzeyir ruhlu sənətkar:
Süleyman Ələsgərov
O,
Azərbaycan bəstəkarlıq məktəbinin banisi
böyük Üzeyir Hacıbəyli ilə bizim nəsil
arasında sanki bir körpü idi. Çünki
ömrünün sonuna qədər Üzeyir bəylə
bağlı ən kiçik xatirəni belə unutmur, ondan
gördüklərini və öyrəndiklərini yeni sənətçilər
nəslinə aşılamağa
çalışırdı. Ömrü boyu Üzeyir
Hacıbəyli irsinə sadiq qaldı. Odur ki, bu unudulmaz
insanı «Üzeyir ruhlu sənətkar»
adlandırmağımız həm Üzeyir bəyin, həm də
Süleyman müəllimin ruhuna ehtiramdır. Çünki
Üzeyir bəyin sayəsində Süleyman Ələsgərov
kimi bir bəstəkar yetişdi. Süleyman müəllimin əməllərində
isə daim Üzeyir bəy yaşadı. Bəs Süleyman Ələsgərov
özü necə yaşayıb-yaratdı? Bu sualı
cavablandırmaq üçün bəstəkarın həyat
və yaradıcılıq yoluna nəzər salaq.
Süleyman Əyyub oğlu Ələsgərov 1924-cü il fevralın 22-də Şuşada anadan olub. Təbii ki, Qarabağ sənət beşiyi, Şuşa da onun tacıdır. Buranın füsunkar təbiətinin qoynunda bülbül kimi cəh-cəh vuran sənətkarların ifasını eşitdikcə gənc Süleymanın musiqiyə olan məhəbbəti artır və istedadı sayəsində o da bu aləmə qədəm qoyur. İlk dəfə tarı əlinə alıb onun simlərinə toxunanda sanki ürəyinin telləri də dillənir. Orta məktəbi bitirdikdən sonra Şuşada musiqi texnikumunun tar sinfinə daxil olur. İlk sənət müəllimi unudulmaz bəstəkar Qəmbər Hüseynli olur. Musiqi sənətinə yiyələnməyə can atan Süleyman Ələsgərov texnikumu bitirdikdən sonra təhsilini artırmaq üçün Bakıya gəlir.
Və bu zaman tale onu Üzeyir bəylə qarşılaşdırır. Süleyman müəllim o illəri belə xatırlayırdı:
«Konservatoriyada
ilk qarşılaşdığım şəxs Üzeyir bəy
oldu. Soruşdu ki, nə
bacarırsan? Dedim ki, tar çalıram. Mənə qulaq
asıb razı qaldı və təhsil almağımı məsləhət
gördü. Sonra əlavə etdi: “Qalmağa bir yerin
varmı? Mən utana-utana “xeyr” dedim. O, məni yataqxanaya yerləşdirdi.
Bununla da sənət taleyim başladı».
Süleyman Ələsgərov
Konservatoriyada bəstəkarlıqdan B.İ.Zeydmandan, Azərbaycan
xalq musiqisinin əsaslarından isə Üzeyir bəydən dərs
alır. Tələbəlik illəri onun ilk
yaradıcılıq dövrüdür. Bu illərdə o,
kiçik pyeslər, mahnılar yazır ki, bununla da bəstəkarın
ilk uğurları başlayır. 1942-ci ildə Şirzad Əliyevin
sözlərinə bəstələdiyi «Gözlə məni»
mahnısı bu qəbildəndir. İlk ifaçısı
Bülbül olan bu mahnı vətənpərvərlik
mövzusunda yazılan ən yaxşı sənət nümunəsi
kimi Üzeyir bəy tərəfindən yüksək qiymətləndirilir,
bu uğuruna görə onu Bəstəkarlar İttifaqına
üzv qəbul edirlər. 1948-ci ildə konservatoriyanı bitirən
S.Ələsgərov professional təhsilli bəstəkar kimi
geniş yaradıcılıq yoluna qədəm qoyur.
O, musiqinin müxtəlif
janrlarında qələmini sınayaraq dəyərli sənət
əsərləri yaradıb. Bu əsərlərin əsas qayəsi
xalq musiqisindən rişələnir. Milli musiqimizin
xüsusiyyətlərinin Qərb musiqi elementləri ilə
üzvi şəkildə sintezini yaradan bəstəkar bu cəhəti
də müəllimi Üzeyir bəydən əxz edib və
bütün yaradıcılığı boyu bu ənənəyə
sadiq qalıb. Bəstəkarın özünəməxsus
musiqi dili var. Öz təbirincə desək, gərək
yaxşı bəstəkar əsərinin ilk notlarından
tanınsın. İndi isə bir qədər bu əsərlərdən
danışaq.
S.Ələsgərov «Bahadır və
Sona», «Solğun çiçəklər» operalarının,
«Məhəbbət gülü», «Özümüz bilərik»,
«Milyonçunun dilənçi oğlu», «Sevindik qız
axtarır», «Olmadı elə, oldu belə»,
«Subaylarınızdan görəsiniz», «Həmişəxanım»,
«Gurultulu məhəbbət», «Hərənin öz ulduzu» musiqili
komediyalarının, «Ulduz» operettasının, «Bayram müqəddiməsi»,
«Vətən və gənclik» simfoniyaları, 7 simfonik poema,
süitalar, xalq çalğı alətləri orkestri
üçün «sözsüz mahnılar», tar ilə xalq
çalğı alətləri orkestri üçün 3
konsert, violençel, fortepiano və simfonik orkestr
üçün «İkili» konsert, 200-dən çox mahnı
və romans, xor musiqisi və s. bu kimi əsərlərin
müəllifidir. Xalq musiqisinin, xüsusən də muğam
janrının incəliklərinə bələd olan bəstəkarın
«Bayatı-Şiraz» simfonik muğamı onun
yaradıcılığında mühüm mərhələni
təşkil edir.
S.Ələsgərov
ömrünün son gününə qədər sənət
eşqi, xalq məhəbbəti ilə yazıb-yaratdı.
Lakin son illərdə başımıza gələn bu
müsibətlər, Qarabağ dərdi, Şuşa nisgili onu
nə qədər sarsıtmışdısa, o qədər də
mübarizə əzmi ilə qələbə ruhlu əsərlər
yazmağa sövq etmişdi. Hər dəfə bu barədə
söhbətimiz olanda belə deyərdi: «Xalqımızın
ağır, çətin günündə biz sənətkarlar
daha çox işləməli, tariximizi, bu
günümüzü, başımıza gələn faciələri
öz əsərlərimizdə tərənnüm etməliyik
ki, bu əsərlər tarixin canlı şahidi kimi gələcək
nəsillərə yadigar qalsın».
Süleyman Ələsgərov son illərdə hərbi-vətənpərvərlik mövzusuna daha çox müraciət edən bəstəkarlardan idi. Onun yazdığı mahnı və marşlar öz musiqi dili və melodik çalarlarına görə xalq ruhuna çox yaxındır. Bu mənada Süleyman müəllimin «Yürüş mahnısı», «Gənclik marşı» (1992), Aslan Aslanovun sözlərinə «Bu torpağa bağlıyıq» (1990), «Haradasan, igid oğlan» (1994) mahnıları, Qurban Musayevin sözlərinə «Biz qələbə çalmalıyıq» (1994) mahnısı, Bəşir Nəzərlinin sözlərinə «Bura vətəndir» (1995) mahnısı, Bəhlul Orucoğlunun sözlərinə «Əsgər marşı» (1997), Qüdrət Əzizin sözlərinə «Güllələnən abidələr» balladası (1999), «Azərbaycan polisi», «Bakı-Ankara» (1999) əsərləri, orkestr üçün çoxlu sayda hərbi marşları və s. bu kimi sənət inciləri qəlbi Vətən eşqi ilə döyünən bəstəkarın qələbəyə, mübarizəyə çağırış səsinin ifadəsidir. Bu mübarizə ruhu içərisində sözsüz ki, bir yanğı da var. Bu da Qarabağ dərdi, Şuşa həsrətidir. Bəstəkar bu nisgilini də xalq şairi Zəlimxan Yaqubun «Bu gecə yuxuma girmişdi Şuşa» şerinə yazdığı musiqidə qabarıq ifadə edir.
Süleyman Ələsgərovun əbədiyaşarlığı yalnız onun əsərlərində deyil, ictimai fəaliyyətində və insani keyfiyyətlərində də öz əksini tapır. O, ömrünün çox hissəsini pedaqoji fəaliyyətə həsr edib. A.Zeynallı adına Musiqi Texnikumunun direktoru, mahnı və rəqs ansamblının rəhbəri, Mədəniyyət Nazirliyində İncəsənət şöbəsinin müdiri, Dövlət Televiziya və Radio Komitəsində xalq çalğı alətləri orkestrinin dirijoru və musiqi bədii rəhbəri, Musiqili Komediya Teatrının direktoru və baş dirijoru, Dövlət Konservatoriyasında professor, xalq çalğı alətləri kafedrasının müdiri vəzifələrində çalışıb.
Süleyman müəllimi qayğıkeş insan, əsl vətəndaş və unudulmaz şəxsiyyət kimi anırlar. Onun həyat və yaradıcılıq yolu monoqrafiyalarda, oçerklərdə, radio və televiziya verilişlərində, bəstəkara həsr olunmuş çoxlu sayda məqalələrdə öz təcəssümünü tapır. Amma Süleyman Ələsgərovun ruhu qarşısında daha ümdə bir borcumuz var. Bu, doğma Şuşasından nigaran gedən sənətkarın ruhunu şad etməkdir.
Səadət Təhmirazqızı,
Musiqişünas
Mədəniyyət.-
2011.- 23 fevral.- S. 7.