Dövlət Film Fondunda “Uşaq kino
bayramı”
Fevralın 18-də Azərbaycan Dövlət Film Fondunda
“Uşaq kino bayramı” keçirildi. Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə
keçirilən tədbirdə uşaq evləri,
Bakının ümumtəhsil məktəblərinin
şagirdləri, məcburi köçkün ailələrindən
uşaqlar iştirak edirdi.
Tədbirdə uşaqlar
üçün musiqili əyləncə proqramı, “İt sərgisi”,
“Tırtıl”, “Cəsur təyyarə” cizgi filmlərinin təqdimatı
oldu. Eyni zamanda bu cizgi filmlərinin yaradıcıları ilə
görüş keçirildi və uşaqlara maraqlı hədiyyələr
verildi.
Tədbirdə Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən keçirilmiş və
bu günlərdə yekun vurulan uşaq cizgi filmləri
üçün ssenari müsabiqəsinin qalibləri də
mükafatlandırıldı. Münsiflər heyətinin
ümumi qərarı ilə müsabiqənin qalib ssenariləri
müəyyən edilib. I yerə “Balaca ev” ssenarisinə
görə Lalə Abbasova, II yerə “Hər işdə bir
xeyir var” ssenarisinə görə Pərviz Məmmədov və
“Bağa qınını bəyənmədi” ssenarisinə
görə Elçin Musaoğlu, III yerə “Özgəyə
quyu qazan, özü düşər” (ssenarisi Vüqar
Haqverdiyev) və “Əsl insan” (ssenarisi Ayna Qəmbərova)
layiq görülüb.
Müsabiqədə I yeri tutan
“Balaca ev” ssenarisi üzrə çizgi filmi 2011-ci ildə
dövlət sifarişi ilə istehsalata buraxılacaq. II yerin
sahiblərinin hər birinə 500 manat və III yerin sahiblərinin
hər birinə 300 manat mükafat verildi.
Tədbirdə Dövlət Film
Fondunun direktoru Cəmil Quliyev, Mədəniyyət və Turizm
Nazirliyi Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği
və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov
və şöbənin böyük məsləhətçisi
Almas Sultanzadə iştirak edirdi.
Yeganə
Mədəniyyət.-
2011.- 23 fevral.- S. 6.