Uşaq Kitabxanasında Abdulla Şaiqin 130 illiyi qeyd edildi
Fevralın 24-də Azərbaycan uşaq ədəbiyyatının
yaradıcılarından olan Abdulla Şaiqin (1881-1959) anadan
olmasının 130 ili tamam olur. Bu münasibətlə Abdulla
Şaiqin mənzil-muzeyi Firudin bəy Köçərli
adına Respublika Uşaq Kitabxanası ilə birgə tədbir
keçirdi.
Bağça uşaqları və
məktəblilər üçün təşkil olunmuş
tədbirdə muzey azyaşlılara A.Şaiqin həyat və
yaradıcılığını təsvir edən foto-stend təqdim
etdi. Stend vasitəsi ilə uşaqlar ədibin yaradıcılığının
müxtəlif illərini əhatə edən fotolarla
tanış oldular.
Tədbirdə kitabxananın
direktoru Fizurə Quliyeva çıxış edərək,
Abdulla Şaiqin uşaqlara olan sevgisindən danışdı:
«Abdulla Şaiq uşaqlar üçün çoxlu dəyərli
əsərlər yazıb. Onun uşaqlar üçün
yazdığı «Keçi», «Xoruz» şeirləri,
«Tıq-tıq xanım” pyesinin adını çəkmək
kifayətdir. Abdulla Şaiq uşaqlara təbiəti sevməyi,
dostluğu, qayğıkeşliyi öyrədib».
A.Şaiqin lent yazısı səsləndirildikdən
sonra bağça uşaqları ilə məktəblilər
onun şeirlərini ifa etdilər. Sonda uşaqların
çox sevdiyi məşhur «Tıq-tıq xanım» cizgi filmi
təqdim olundu.
Qeyd edək ki, A.Şaiqin 130 illiyi
münasibətilə şairin mənzil-muzeyində və
Dövlət Gənc Tamaşaçılar Teatrında tədbirlər
keçirilməsi planlaşdırılıb.
Gülər
Mədəniyyət.-
2011.- 23 fevral.- S. 6.