“Xocalı simfoniyası”nın ilk nümayişi
keçirildi
Azərbaycan Milli Elmlər
Akademiyasının Rəyasət Heyətinin binasında
prezident təqaüdçüsü, tanınmış
şairə Nurəngiz Günün “Xocalı simfoniyası”
poeması əsasında çəkilmiş televiziya filminin
nümayişi keçirildi. Film Heydər Əliyev Fondunun
Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın
təşəbbüsü ilə həyata keçirilən
“Xocalıya ədalət” kampaniyası çərçivəsində
ərsəyə gəlib.
Tədbiri giriş sözü ilə
açan Ağamusa Nağıyev adına “Milli dəyərlərin
qorunması” fondunun rəhbəri Dilarə Nağıyeva
şairənin əsərlərindən bəhs edərək
“Xocalı simfoniyası” poemasının onun
yaradıcılığında xüsusi yer tutduğunu dedi:
“Xalqımıza qarşı törədilmiş ümumbəşəri
cinayətləri ifşa edən bu əsər Nurəngiz
Günün ürək ağrısı və zəhməti
ilə başa gəlib. O, ata-baba yurdlarından qovularaq
qaçqın və məcburi köçkünə
çevrilmiş bir milyondan artıq insanın taleyinə biganə
qala bilmədi. Nurəngiz Gün əsər boyu
tamaşaçını inandıra bilir ki, insanlığa
qarşı yönəlmiş heç bir cinayət cəzasız
qalmamalıdır”.
Ağamusa Nağıyev adına
“Milli dəyərlərin qorunması” fondu və “Qafqaz Media”
İctimai Birliklərinin birgə səyi nəticəsində
nümayiş olunan “Xocalı simfoniya”sı filmində ermənilər
tərəfindən müxtəlif illərdə
xalqımıza qarşı törədilən faciələr
şairə Nurəngiz Günün səsi ilə ictimaiyyətə
çatdırılır. Rejissor Şahmar Qəriblinin
quruluşu ilə hazırlanmış film İsveçrədə
nümayiş olunub. Yaxın zamanlarda filmin başqa Avropa
ölkələrində göstərilməsi nəzərdə
tutulub.
Tədbirdə millət vəkilləri
Gülər Əhmədova, Jalə Əliyeva, Xalq şairi
Söhrab Tahir və başqa qonaqlar çıxış etdilər.
Yeganə
Mədəniyyət.-
2011.- 23 fevral.- S. 6.