Türkiyəli
jurnalistin Xocalıya həsr olunmuş filmi
«Qaçqın Anar Usubovun həyat hekayəsi»
Fevralın 21-də Xocalı
soyqırımının ildönümü ərəfəsində
Dövlət Gənc Tamaşaçılar Teatrında
türkiyəli rejissor Cem Oğuzun
ekranlaşdırdığı “Qaçqın Anar Usubovun həyat
hekayəsi” sənədli filmi təqdim olunub. Türkiyənin
NTV kanalı tərəfindən lentə alınan film Mədəniyyət
və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə ərsəyə
gəlib. Filmin çəkilməsinə Heydər Əliyev
Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva,
ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu, “Azərbaycan
Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı
icması” İctimai Birliyi təşkilatı dəstək
veriblər.
Dövlət və hökumət rəsmilərinin,
millət vəkillərinin, Dağlıq Qarabağın azərbaycanlı
icmasının nümayəndələrinin, xocalıların
iştirak etdiyi mərasimi giriş sözü ilə Baş
nazirin müavini, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənov
açdı. O, ümidvar olduğunu bildirdi ki, Türkiyənin
Bilkent Universitetinin professoru, tanınmış jurnalist Cem
Oğuz tərəfindən çəkilmiş bu ekran əsəri
xalqımızın başına gətirilmiş Xocalı
faciəsinin dünyaya çatdırılmasına bir töhfə
olacaq.
Tədbirdə
çıxış edən filmin rejissoru Cem Oğuz
vurğuladı ki, bəzən jurnalistin sözünün bitdiyi
an olur və o, fikrini başqa yolla çatdırmaq istəyir:
“Belə bir məqamda mən bu filmi yaratmaq qərarına gəldim”.
“Mədəniyyət”
kanalının direktoru, Əməkdar incəsənət
xadimi Cəmil Quliyev filmin yüksək professionallıqla
çəkildiyini bildirərək belə ekran əsərlərinin
gənc nəslin tarixi keçmişimizi öyrənməsi
baxımından böyük əhəmiyyətə malik
olduğunu diqqətə çatdırdı. O, vaxtilə “Adi
faşizm” filmini çəkmiş Mixail Rommun belə bir
fikrini xatırlatdı ki, faşizm gələcəkdə daha
qəddar olacaq: “Xocalı hadisələri göstərdi ki,
erməni faşizmi alman faşizmindən qəddardır”.
Sonra film nümayiş olundu. Filmdə
Xocalı soyqırımı zamanı 8 yaşında olan
qaçqın uşaq öz həyatını nəql edir. Qərb
sənədli filmləri ruhunda çəkilmiş ekran əsəri
artıq bir sıra beynəlxalq səviyyəli müxtəlif
festivallarda mükafatlara təqdim olunub. Yaxın vaxtlarda ekran əsərinin
təqdimat mərasimlərinin ABŞ-da - Vaşinqton və
Los-Ancelesdə də keçiriləcəyi gözlənilir.
* * *
Tədbirdən sonra filmin müəllifi
Cem Oğuz qəzetimizə müsahibə verdi:
- Oğuz bəy, Xocalı faciəsi
ilə bağlı belə bir sənədli filmlə
tamaşaçılara nə demək istəyirdiniz?
- Ötən əsrin 90-cı illərində
dünyanın müxtəlif ölkələrində -
Bosniya, Ruanda və s. yerlərdə bənzər faciələr
yaşandı. Xocalı faciəsi ilə Bosniyada, Ruandada
baş verən faciələrin fərqi yoxdur. Amma dünya
ictimaiyyəti bu faciəvi hadisələr haqqında məlumatı
olsa da, təəssüf ki, Azərbaycanda baş verən
Xocalı soyqırımı barədə hələ yetərincə
xəbərdar deyil. Mənim məqsədim bu faciəni
dünya ictimaiyyətinə anlada bilmək, dünya ictimaiyyətinin
diqqətini Azərbaycanın erməni təcavüzü
üzündən yaşadığı insanlıq dramına
cəlb etməkdir. Filmdə bunu etməyə
çalışdım. O illəri bir-bir uşağın
dili ilə anlatdım. Qaçqın olmaq, vətəndən
uzaq yaşamaq, belə bir zərbəni yaşayıb o zərbə
ilə birlikdə böyümək nə deməkdir,
bunları anlatmağa çalışdım
tamaşaçılara.
- Ekran əsəri çox təsirli
olmaqla yanaşı, həm də yeni üslublu Qərb sənədli
filmləri ruhunda çəkilib. Bir insan, Xocalı
köçkünü Anarın ətrafında cəmlənən
hadisələri filmə çevirmisiniz və qəhrəmanınızın
obrazının seçimi də çox uğurlu
alınıb. Maraqlıdır, Anarla necə tanış
oldunuz?
- Tanışlığımız
təsadüfən oldu. Anarın həmyaşıdı olan
bir neçə gənclə görüşdüm və onun
layihəyə uyğun olduğunu gördüm. Anar
Xocalıdan çıxıb, o faciəni yaşayıb, amma
buna rəğmən həyatda uğur qazanmaq, öz yerini
tapmaq uğrunda çalışıb, təhsil alıb. Mənə
görə o bir az da gənc Azərbaycan dövlətinin
uğurlarının bir nümunəsidir.
Anarla birlikdə uzun sürən
araşdırma apardıq, birlikdə çalışdıq,
qaçqınlarla, xüsusilə Xocalı
qaçqınları ilə görüşlərimdə o da
iştirak edirdi. Ondan müsahibələr vasitəsilə
hekayə ortaya çıxardıq. Bundan sonra da bütün
bunları kinoya çevirdik. Əgər sənədli filmin
ölkə xaricində seyr edilməsini istəyirsinizsə,
insanların özləri ilə söhbət etməlisiniz. Mən
Xocalı ilə bağlı filmimdə bunu etməyə
çalışdım.
- Filmin çəkilməsinə
çox vaxt sərf etmisiniz. Çəkiliş zamanı
çətinliklərlə üzləşmədiniz ki?
- Mən 1993-cü ildən bəri Azərbaycana gəlib-gedən bir insanam. Qaçqın və köçkünlərlə dəfələrlə bir araya gəlmişəm. Filmi çəkərkən bu insanlarla ünsiyyətdən böyük bir zövq duydum. 4-5 şəhəri gəzdim, Ağdam, Hacıkənd, Naftalan, Mingəçevir və Bərdədə bir çox çəkilişlər etdim. Mən filmdən razıyam, amma önəmli olan tamaşaçıların bəyənməsidir.
- Nə üçün sizi məhz qaçqın və köçkünlər mövzusu narahat edir?
- Əgər sən ziyalısansa, ədalətsizliyə həssas olmalısan. Mən də özümü ziyalı hesab edirəm. Belə bir ədalətsizliyin baş verdiyinə görə ona qarşı həssas olmağımın vacibliyini düşünürəm. Digər tərəfdən, Azərbaycana xüsusi bir sevgim var. Mən Azərbaycan haqında bİr kitab da yazmışam: «Türkiyə-Azərbaycan münasibətləri və Ermənistan faktoru». Bundan başqa illərdir ki, Azərbaycanla bağlı qəzetlərdə məqalələr, elmi yazılar yazıram. Bura da bizim üçün ata torpağıdır. Türkiyə xalqı bu məsələdə çox həssasdır. Yaxın gələcəkdə buna bənzər bir sıra layihələri gerçəkləşdirmək niyyətindəyəm. Məsələn, Türkiyədə soyqırımla bağlı film çəkmək istəyirəm. Azərbaycanla bağlı bir layihəm var. Bunların üzərində çalışıram.
- Tarixdən məlumdur ki, Türkiyə türkləri, başqa türk millətləri də, azərbaycanlılar kimi zaman-zaman erməni fitnələri ilə, faciəvi olaylarla üzləşiblər. Necə düşünürsünüz, belə sənədli filmlərin çəkilməsi beynəlxalq aləmdə bir təbliğat vasitəsi, ədalətsizliyin ifşası kimi missiyanı yerinə yetirə bilərmi?
- Bir film yox, bunun kimi 10, 100 film olarsa,
bu baş tuta bilər. Xocalı faciəsinin dünyaya
çatdırılması üçün çoxlu kitablar
yazılmalı, filmlər çəkilməlidir və bu
işi peşəkarlar etməlidirlər. Amma bilirsiniz, hər
bir layihə maliyyə deməkdir. Mən yaxın gələcəkdə
Krım türklərinin üzləşdikləri faciələr
barədə də film çəkməyi
düşünürəm.
Son olaraq “Qaçqın Anar Usubovun
həyat hekayəsi» sənədli filminin ərsəyə gəlməsində
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Heydər
Əliyev Fonduna, Azərbaycanın Mədəniyyət və
Turizm Nazirliyinə minnətdarlığımı bildirirəm.
Onların köməyi olmasaydı, bu film də ortaya
çıxmazdı.
- Filmin nümayişi hansı
xarici ölkələrdə baş tutacaq?
- Avropada, Brüsseldə
(Belçika) nümayiş olunacaq. Faciəni dünyaya
tanıtmaq lazımdır. Fevralın 24-də Vaşinqtonda,
25-də isə Los-Ancelesdə də filmin nümayişi
olacaq.
Reyhan,
Mehparə
Mədəniyyət.-
2011.- 23 fevral.- S. 5.