“Cəlil Məmmədquluzadə yaradıcılığında
ana dili və azərbaycançılıq”
Fevralın 22-də C.Məmmədquluzadənin
Bakıdakı ev-muzeyinin və M.Qorki adına Mərkəzi Səyyar
Kitabxana Fondunun təşkilatçılığı ilə
böyük yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin
(1869-1932) anadan olmasının 142 illiyi və Beynəlxalq ana
dili günü münasibətilə tədbir keçirildi.
“Cəlil Məmmədquluzadə
yaradıcılığında ana dili və azərbaycançılıq”
mövzusunda tədbiri C.Məmmədquluzadənin ev-muzeyinin
direktoru Pərixanım Mahmudova açaraq
yazıçının həyat və
yaradıcılığı barədə məlumat verdi, onun
əsərlərinin gənc nəslin tərbiyəsində əsl
örnək, həyat məktəbi olduğunu bildirdi. Sonra
ev-muzeyinin böyük elmi işçisi Yeganə Məmmədova
“Cəlil Məmmədquluzadə
yaradıcılığında ana dili və azərbaycançılıq”
mövzusunda çıxış etdi.
“Azərbaycan ədəbiyyatı”
qəzetinin məsul katibi Atababa İsmayılov
yazıçı-dramaturqun
yaradıcılığının məziyyətlərindən
söz açdı. Tədbirdə iştirak edən Əməkdar
artist Azad Şükürov Mirzə Cəlil obrazları, onun
yaratdığı xarakterlərin özünəməxsusluğu
və dərinliyi haqda danışdı. Bakı şəhər
150 saylı məktəbin Azərbaycan dili və ədəbiyyatı
müəlliməsi Məlahət Babakişiyeva ədəbiyyatımızda
böyük rolu olan C.Məmmədquluzadənin böyük
maarifpərvər yazar və jurnalist kimi fəaliyyətini
vurğuladı.
Tədbirdə görkəmli ədiblərin,
mədəniyyət xadimlərinin Bakı şəhərində
fəaliyyət göstərən xatirə muzeylərinin əməkdaşları
da iştirak edirdilər. N.Nərimanovun xatirə muzeyinin
direktoru Kamilə Hüseynova və muzeyin elmi əməkdaşı
Rəna Qəhrəmanova tədbirdə çıxış
etdilər. Nizami rayon Uşaq Gənclər
Yaradıcılıq Mərkəzində fəaliyyət
göstərən dərnəyin gənc aktyorları Cəlil
Məmmədquluzadə yaradıcılığından
kompozisiya təqdim etdilər. Tədbir
iştirakçılarına Cəlil Məmmədquluzadə
ev-muzeyinin fondlarından hazırlanmış “Cəlil Məmmədquluzadə-Molla
Nəsrəddin” sənədli səyyar sərgi də təqdim
olundu.
Reyhan
Mədəniyyət.-
2011.- 23 fevral.- S. 3.