Cavidşünaslığa
layiqli töhfə
Hüseyn Cavid Azərbaycan xalqının dünya mədəniyyətinə
bəxş etdiyi görkəmli şəxsiyyətlərdən
biridir. O, mədəniyyət tariximizə Azərbaycan ədəbiyyatının
klassiki, mütəfəkkir-şair və böyük
dramaturq, habelə filosof kimi daxil olmuşdur. Ədibin milli ruha
söykənən və eyni zamanda, ümumbəşəri
mahiyyət kəsb edən əsərləri - şeir və
poemaları, poeziya və nəsrlə qələmə
aldığı faciə və dramları geniş oxucu və
tamaşaçı kütləsini cəlb etdiyi kimi, həmişə
tənqid və ədəbiyyatşünaslığın da diqqət
mərkəzində olmuş, bu mövzuda namizədlik və
doktorluq dissertasiyaları, monoqrafiyalar, çoxsaylı məqalələr
yazılmışdır.
Həmin araşdırmalarda
yazıçının ümumi
yaradıcılığı, onun ayrı-ayrı sahələri,
konkret əsərləri tədqiqat obyekti kimi
götürülmüşdür. Cavid
yaradıcılığı bu gün də ədəbi-tənqidi
və nəzəri-estetik fikrin diqqət mərkəzindədir.
Bu zəngin irsin tədqiqatçıları arasında ədəbiyyatşünas
və sənətşünaslarla yanaşı, habelə
filosoflar da vardır.
Cavid sənətinin fəlsəfi
dərinliyi və zənginliyinin öyrənilməsi istiqamətində
də araşdırmalar aparılır. Bu da çox təbii
və eyni zamanda, gərəklidir. Ona görə ki, sənətkarın
fəlsəfi görüşlərini, xüsusən estetik
idealını və bədii amalını öyrənmədən
onun yaradıcılığı barədə obyektiv fikir
söyləmək çətindir. Daha dəqiq desək,
estetik idealı və bədii amalı tədqiq edilməyən
sənətkar obyektiv-elmi qiymətini ala bilməz. Hər bir əsərin
və ayrı-ayrı obrazların təhlili son nəticədə
müəllifin sənət aləminin və fəlsəfi
dünyasının müəyyənləşdirilməsinə
xidmət etməlidir.
Bu baxımdan Hüseyn Cavid yaradıcılığı
zəngin material verir. Əlbəttə, bu yöndə Cavid
irsinə aid müəyyən araşdırmalar
aparılmışdır. Azərbaycan MEA-nın müxbir
üzvü Səlahəddin Xəlilovun son illərdə Cavid
fəlsəfəsinə aid apardığı tədqiqatlar
xüsusi əhəmiyyət kəsb edir.
Filologiya elmləri namizədi Rasim
Nəbioğlunun qələmə aldığı «Hüseyn
Cavidin estetik idealı» monoqrafiyası (elmi redaktoru sənətşünaslıq
doktoru, professor İsrafil İsrafilovdur) da, adından
göründüyü kimi, məhz bu ideyaya xidmət edir.
Cavid
yaradıcılığına aid sanballı tədqiqatların
müəllifi, akademik Məmməd Cəfər
yazmışdır: «Cavidin yaradıcılıq idealı
konkret milli məzmunu, milli koloriti ilə yanaşı, həm
də ümumbəşəri mahiyyətdədir və zamanla
bağlı olaraq, daim ziddiyyətli inkişafda,
büllurlaşmaq, aydınlaşmaq, əsrin qabaqcıl
ideyalarına yaxınlaşmaq prosesində olmuşdur». Rasim Nəbioğlu
öz monoqrafiyasında Cavidin estetik idealını məhz bu
mövqedən tədqiq və şərh etmişdir.
Monoqrafiya giriş, üç fəsil
və nəticədən ibarətdir.
Müəllif girişdə Cavid sənətinin
bədii-fəlsəfi anlayışları və sosial-estetik
problemlərinin xüsusi təhlil obyektinə çevrildiyini,
ədibin yaradıcılığına xas olan ideya-bədii
xüsusiyyətləri vahid bir sistemə salmağa və
estetik ideal kateqoriyası işığında bütöv bir
tam kimi öyrəndiyi bu sənətin mahiyyətindəki
«kristal qəfəsi» üzə çıxarmağa
çalışdığını xüsusi qeyd edir.
İlk fəsil estetik ideal
işığında Cavid
yaradıcılığının tədqiqi tarixinin və
mövzunun işlənilməsi səviyyəsinin
araşdırılmasına həsr olunmuşdur. Estetik ideal
kateqoriyasının məzmunu, təbiəti və
funksiyaları haqqında maraqlı fikirlərin, elmi
müşahidələrin, sanballı nəzəri ümumiləşdirmələrin
mövcud olduğunu qeyd edən müəllif onu da bildirir ki,
estetikanın bu kateqoriyası ətrafında hamı
üçün ümumi olan fikirlərlə yanaşı,
polemik mülahizələr və müxtəlif münasibətlər
də var.
Müəllif bunların hər
birinə hörmətlə yanaşır və əsas məqamları
süzgəcdən keçirir. Tədqiqatçı onun
elmi-nəzəri mövqeyini və monoqrafiyada rəhbər
tutduğu ədəbi-estetik prinsipləri düzgün ifadə
edən mülahizələrə üstünlük verir, eyni
zamanda, estetik idealın xüsusiyyətlərini Cavid
yaradıcılığından sintez etdiyi konkret estetik ideal
nümunəsində şərh edir.
Monoqrafiyanın ikinci fəsli
«Hüseyn Cavid sənətinin əsas bədii-fəlsəfi
anlayışları» adlanır. Müəllifin fikrincə,
Cavid sənətinin əsas bədii-fəlsəfi
anlayışları öz məzmunu və həcmi etibarilə
varisliyə malik olmaqla, ümumdünya ədəbi-estetik və
Şərq ictimai bədii fikri kontekstində müəyyən
məna daşıyır. Buna görə də Cavid sənətinin
tədqiqi prosesində bu anlayışların tətbiqedilmə
yönü və dairəsi məhz belə bir yanaşmanı
və öyrənməni tələb edir.
Müəllif Cavid sənətinin əsas
bədii-fəlsəfi anlayışlarını bu şəkildə
qruplaşdırır: Gözəllik, Məhəbbət,
Uçurum, Nəfs(iblislik), Allah, Qəhrəmanlıq.
Hüseyn Cavid gözəllik və
məhəbbət anlayışlarını ayrılmaz vəhdətdə
götürür, onun idealı gözəllik və məhəbbətin
hakim olduğu bir səltənətdir. Şairin məşhur
«Mənim Tanrım gözəllikdir, sevgidir» misrasına və
digər nümunələrə istinad edən tədqiqatçı
burada məhəbbətin gözəllik
yaratdığını, gözəlliyin isə məhəbbət
doğurduğunu, gözəllik və məhəbbətin həm
də yaradıcı qüvvə, bəşəriyyətin
xoşbəxt gələcəyini təmin edəcək ali
keyfiyyət olduğunu xüsusi vurğulayır, həmçinin,
gözəllik və məhəbbətin məna və məzmununu,
funksiyalarını sənətkarın
yaradıcılığı əsasında şərh edir.
Gözəllik və məhəbbət
səltənətini sabahın xoşbəxt aləmi, gələcəyin
firavan cəmiyyəti kimi dəyərləndirən Cavid, eyni
zamanda, həyatda və cəmiyyətdə uçurumun
mövcudluğunu xüsusi vurğulamışdır. Monoqrafiyada
«uçurum» bədii-fəlsəfi anlayışı Cavidin
bir sıra şeirləri, habelə «Şeyx Sənan»,
«Şeyda», «Uçurum», «Knyaz» pyesləri əsasında üzə
çıxarılır. Cavid personajları məzlum və
hüquqsuz insanların ömür yolunu, zəmanənin və
cəmiyyətin çirkinlik və ədalətsizliklərini
uçurum hesab edirlər. Monoqrafiya müəllifinin bu
yöndə qənaəti belədir: «Hüseyn Cavid sənətində
«uçurum» anlayışı haqsız, ədalətsiz, eybəcər,
yaramaz bir həyatın məzmunundan xəbər verir.
Uçurum - milləti və bütün bəşəriyyəti
udan sosial-mənəvi bataqlıqdır. Uçurum - Cavidin
anti-idealıdır».
Monoqrafiya müəllifi Cavid sənətinin
digər bədii-fəlsəfi anlayışı - Nəfs
(iblislik) barədə danışmazdan əvvəl bu
anlayış barədə Şərq, o cümlədən Azərbaycan
fəlsəfəsində mövcud fikirləri
araşdırır, böyük Azərbaycan alimi Nəsirəddin
Tusinin Şərq - Qərb fəlsəfi-etik nəzəriyyələrindən
çıxış edərək nəfs haqqında
yaratdığı konsepsiyaya, eyni zamanda, klassik Azərbaycan ədəbiyyatında
bu mövzuda poeziya nümunələrinə nəzər
yetirir.
Bu məsələni Cavid
yaradıcılığı əsasında araşdıran tədqiqatçı
belə bir qənaətə gəlir ki, nəfs Cavid
idealının əks qütbündə dayanan bir qüvvənin,
daha doğrusu, anti-idealın məğzidir. Cavidə görə,
müxtəlif növ nəfslər «xəyanət» adlı
universal nəfsə daxildir və eyni zamanda, bu nəfsdən
şaxələnir. Tamah, şan-şöhrət, sərvət,
şəhvət kimi nəfslər xəyanətdən
başlayır və xəyanətdə qurtarır.
Rasim Nəbioğlu öz
araşdırmalarına əsaslanaraq belə hesab edir ki, Cavid
sənətində tez-tez «xain» və «xəyanət» sözlərinin
işlədilməsi, onlara müvafiq epizod, hadisə və səhnələrin
verilməsi daxili bir sistem səviyyəsindədir. Tədqiqatçı
bu cür epizodlara «Ana», «Xəyyam», «Peyğəmbər» pyeslərində
təsadüf olunduğunu qeyd edir. Onun fikrincə, şairin
«İblis» faciəsi şər ensiklopediyası olmaqla
başdan-ayağa «xəyanət» nəfsinin doğurduğu
düşüncə və hərəkətlər silsiləsinə
əsaslanır.
Müəllif onu da əsaslandırır
ki, Cavid sənətində Allah-zaman və məkanca mövcud
«uçurum»ların fövqündə duran cəmiyyətin
daxili qanunlar məcəlləsinin yaradıcısıdır -
burada bütün insanlar bərabər, azad və xoşbəxt
bir həyat yaşayırlar. Allah-ictimai ədaləti bərqərar
edən və onun keşiyində duran bir qüvvədir, əxlaqi
dəyərləri qoruyan himayəçidir, insan kamilliyinin təşəkkül
və təcəssümünün
yaradıcısıdır.
Monoqrafiyanın
üçüncü fəsli «Hüseyn Cavid sənətinin əsas
sosial-etik problemləri» adlanır. Müəllif burada öz
qarşısında belə bir sual qoyur: Cavidin gözəllik
və məhəbbət səltənəti kimi təcəssüm
edən estetik idealına hansı sosial-etik problemlər
daxildir? Təbii ki, bu suala qəti cavab vermək çətindir.
Buna görə də gələcək tədqiqatların
Cavid sənətinin həm bədii-fəlsəfi
anlayışları, həm də sosial-etik problemləri
istiqamətində çox düyünləri aça biləcəyinə
əmin olan müəllif həmin problemləri bu şəkildə
qruplaşdırır: kamil insan, kamil insanların birliyi və
yer üzündə əbədi sülhün olduğu həyat,
azad qadın və xoşbəxt ailə.
Tədqiqatçının fikrincə,
göstərilən sosial-etik problemlər Cavidin estetik
idealında struktur səviyyəsində və vəzifəsində
olmaqla şairin estetik idealı ilə birlikdə onu təşkil
edən ayrı-ayrı komponentlər arasında daxili dialektik əlaqə
vardır. Rasim Nəbioğlu Cavid sənətinin bədii-fəlsəfi
anlayışları və sosial-etik problemləri istiqamətində
apardığı tədqiqat işi ilə şairin estetik
idealını canlı şəkildə görməyə,
anlamağa, sintez etməyə və göstərməyə
nail olmuşdur.
Monoqrafiya müəllifi yüksək
elmi təfəkkürə malik olduğunu və Cavid irsinə
dərin bələdliyini nümayiş etdirmişdir. Rasim Nəbioğlunun
«Hüseyn Cavidin estetik idealı» monoqrafiyası
Cavidşünaslığa layiqli töhfədir.
Adilxan
Bayramov,
filologiya elmləri doktoru
Mədəniyyət.-
2011.- 23 fevral.- S. 15.