Tariximiz şəkillərin
dili ilə
Şəkillər insan yaddaşını təzələyən,
onu heç olmasa, bir anlıq da olsa, keçmişə
qaytaran nəsnədir. Məsələn, rus
yazıçısı Lev Tolstoyun qənaətinə görə,
keçmişi yaxşı olanlar onu xatırlamaq
üçün tez-tez şəkillərə baxır.
Amma biz təkcə öz
keçmişimizi deyil, tariximizi xatırlamaq, olub-keçənlərlə
bağlı yaddaşımızı təzələmək
üçün də şəkilləri nəzərdən
keçiririk. Bu zaman isə heç də hər şey,
Tolstoyun dediyi kimi, ürəkaçan olmur. Çünki bəzi
şəkilləri nəzərdən keçirdikcə,
tarixin sərt fraqmentləri ilə üz-üzə
dayanmalı olursan. Tanınmış fotoreportyor İlqar Cəfərovla
tariximizi onun çəkdiyi şəkillərlə vərəqləyirik.
Dağıdılmış evlər,
qaçqınlıq həyatı, sifətlərinə
ümidsizlik nişanəsi hopmuş insanlar, insan cəsədləri
- bu, yaşadığımız müharibənin ağ-qara
fotolardakı əksidir. Bu şəkilləri gözdən
keçirdikcə istər-istəməz içimizdə bir
sual yaranır: hadisələrin içində olan fotoreportyor
bu görüntüləri lentə alanda hansı hissləri
keçirib?
Həmsöhbətimdən bu suala
cavab almazdan öncə onun haqqında qısa məlumat verək.
İlqar Cəfərov 1960-cı ildə Gəncə şəhərində
anadan olub. Kənd Təsərrüfatı İnstitutunu
(İndiki Gəncə Kənd Təsərrüfatı
Akademiyası) bitirsə də, fotoreportyorluğa olan həvəsi
onu başqa səmtə yönəldib. SSRİ Fotojurnalistika Mərkəzində
(Moskva) qiyabi təhsil alıb: “Fotojurnalistika təhsilimi
başa vurduqdan sonra işləmək üçün Azərinforuma,
indiki AzərTAc-a gəldim. O vaxtdan özümü bu sənətə
bağlamışam».
İşə qəbul ediləndən
təxminən bir il sonra ilk ezamiyyəti Füzuli, Şuşa
və Laçın rayonlarına olub. 1992-ci ilin fevralı idi.
Bu rayonlarda olarkən Xocalı faciəsinin baş verdiyini
eşidən fotorepartyor Bakıya qayıdıb materialları
təhvil verdiyini və dərhal da Xocalıya ezam olunduğunu
deyir: «Təsəvvür edirsiniz, mən insan cəsədlərini
ilk dəfə Xocalıda gördüm. Bunlar mənə
psixoloji cəhətdən çox təsir edirdi. Dəhşətə
gəlirdim və bəzən özümü
qışqırmaqdan, ağlamaqdan güclə
saxlayırdım. Ermənilər bir ailəni vəhşicəsinə
qətlə yetirmişdilər, hər birinin də cəsədi
eybəcər hala salınmışdı. Mən bunların
hamısını lentə almalı idim. Bu fotoşəkilləri
bütün dünyaya göstərmək lazım idi. Başa
düşürdüm ki, bir az soyuqqanlı olmaq
lazımdır. Amma qətlə yetirilən qocaları,
körpə, günahsız uşaqları görəndə
dözmək olmurdu».
Xocalının ardınca İlqar
Cəfərov cəbhə xəttindəki digər rayonlara - Kəlbəcər,
Ağdam, Qubadlı, Cəbrayıl, Goranboy, Gədəbəy,
Qazax və Tərtərə ezam olunur.
Qarşılaşdığı yenə də eyni mənzərələr
olur: qaçqın-köçkünlər,
dağıdılmış evlər, yaralılar, qətlə
yetirilmiş insanlar. Deyir, onu bu ezamiyyətlərin birində ən
çox təsirləndirən yaşlı bir kişinin
hönkür-hönkür ağlaması olub: «Uşaq
yaşlarımdan yaşlı insanların kövrəlməsi
mənə çox təsir edirdi.
Dağıdılmış evinin yanında əyləşib
hönkür-hönkür ağlayan qoca bir kişini görəndə
həddindən artıq mütəəssir olmuşdum. Onun sifətində
ümid adında hissdən heç bir əsər-əlamət
yox idi. Elə kənd var idi ki, tamamilə darmadağın
edilmişdi».
“Bir şəklin izi ilə”
Çəkdiyi şəkillərə
bir də nəzər salan, onlar haqqında şərh verən
fotoreportyorun pessimist əhval-ruhiyyədən sonra, elə bil
ki, çöhrəsində bir qədər təbəssüm
yaranır. Buna səbəb «Bir şəklin izi» adlı
fotoşəkildir. Sən demə, bu şəkil çəkdikləri
əzab-əziyyətdən sonra bir ailəyə azacıq da
olsa xoşbəxtlik gətirib. Fotoreportyor bunun tarixçəsini
belə izah edir: «Bu ailə Qərbi Azərbaycandan, öz
doğma ata-baba yurdlarından didərgin düşüb
Xocalıda məskunlaşmışdı. Rayon işğal
olunduqda oradan da didərgin düşürlər. Mən
Xocalıda olanda bu şəkili çəkdim və şəkil
qəzetdə çap olunandan sonra başladılar bu ailəni
axtarmağa. Sonra onlara Şamaxının Mərəzə kəndində
ev verdilər. Ona görə də şəkli belə
adlandırdım».
2003-cü ildə M.F.Axundov
adına Milli Kitabxanada fotoreportyorun Qarabağa həsr
olunmuş «Bir qəlbin harayı» adlı fərdi sərgisi
keçirilib. İlqar Cəfərov peşəkar fotoreportyor
kimi bir sıra mövzularda keçirilən müsabiqələrin
mükafatçısı olub. Məsələn, «Rusiya Mətbuat
Fotosu-2007» müstəqil peşəkar fotojurnalistika müsabiqəsində
idman nominasiyasının qalibi olub. 2002-ci ildə isə
Moskvada Beynəlxalq Anti-terror Təşkilatının
fotomüsabiqəsində ikinci yeri tutub, 2003-cü ildə
«Fotovideo» jurnalının keçirdiyi müsabiqənin,
2005-ci ildə Bakıda Milli Olimpiya Komitəsinin təşkil
etdiyi «İdman, olimpiya, incəsənət» mövzusunda isə
fotomüsabiqənin qalibi olub. Moskvada keçirilən «Biz
idmanı seçirik!» və Avstriyada təşkil edilən «Təmiz
dünya 2008» müsabiqələrində də qalib olub. Bundan
başqa, o, Yaponiyada keçirilən nüfuzlu «"Nikon Photo
Contest İnternational-2009"» fotomüsabiqəsinin qaliblərindən
biridir.
Mehparə
Mədəniyyət.-
2011.- 25 fevral.- S. 15.