Fədakar qadın, şairə ana:
Sona xanım Axundova
Ötən yüzillikdə azərbaycanlı qadın
obrazının kübar cizgilərini özündə
daşıyan onlarla, yüzlərlə xanımlarımız
yaşayıb. Onlardan biri də Sona xanım Axundova olub. Təəssüf
ki, indiyədək bu xanım haqqında ətraflı
araşdırma aparılmayıb... Onun haqqında tədqiqatçı,
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və
Etnoqrafiya İnstitutunun dissertantı Ənvər
Çingizoğlu ilə söhbət etdik:
- Sona xanım Axundovanın ailə
şəcərəsini araşdırmışam. Sona
xanımın atası İsgəndər Mirzə Əbdülhüseyn
bəy oğlu Axundov 1862-ci ildə Şamaxı şəhərində
anadan olub. Molla yanında ibtidai təhsil alıb. Sonra
gimnaziyada oxuyub. Tanınmış vəkil, həm də
“İttihad” partiyasının üzvü olub. Züleyxa
xanım Bayraməlibəyova ilə ailə qurub. Aslan və Əjdər
bəy adlı oğlanları, Sona, Ceyran və Leyla xanım
adlı qızları olub. İsgəndər bəy 1934-cü
ildə vəfat edib.
Sona xanım 1898-ci ildə Bakı
şəhərində dünyaya gəlib. On üç
yaşında ikən valideynləri onu Bakı Şəhər
Bələdiyyə İdarəsi yanında qız məktəbinə
qoyurlar. Bu məktəbi bitirib “Müqəddəs Nina” məktəbinin
Bakı bölməsində təhsilini davam etdirir. Daha sonra
fortepiano ifaçılığı üzrə musiqi təhsili
də alır. Həmin dövrdə yerli camaat dini
qayda-qanunları pozanlara pis baxıb. Bakının məhəllə
qoçuları həmin məktəbdə oxuyan
qızların qarşısını kəsib geri
qaytarıblar. Belə bir hadisə ilə Sona xanım da
qarşılaşır. O, qarlı-şaxtalı bir
qış günü məktəbə gedərkən məhəllə
qoçuları qarşısını kəsir. Qoçular
Sonanın qardaşları Aslanı və Əjdəri də
hədələyib deyiblər: “Sizin başınızdakı
bəyəm papaq deyil! Kişi də bacısını məktəbə
göndərər..!”
- Bəs Sonanın valideynləri bu
məsələyə necə baxıblar? Harasa, kiməsə
müraciət ediblərmi?
- Ədliyyə idarəsində
çalışan İsgəndər bəy, qızın
anası Züleyxa xanımla bu məsələni
götür-qoy edirlər. Ancaq əhəmiyyət verməmək,
səsə-küyə salmamaq qərarına gəlirlər.
Sonanın Şəfiqə xanım Axundzadə adlı bir
müəlliməsi də olur. O da, bu hadisədən xəbər
tutur. Məktəbdə qızlara deyir: “Siz nadanlara fikir verməyin.
Gec-tez onlar sizin yolunuzdan kənara çəkiləcəklər”.
Bu, belə də olur. Yavaş-yavaş hər şey
qaydasına düşür. Şəhərdə qız
uşaqlarının məktəbə getməsi adi hal olur. Onu
da deyim ki, Sona xanım hələ erkən yaşında
yaradıcılıqla da məşğul olub. Çünki
arxiv sənədlərində var ki, bir gün dərs
vaxtı maarif müfəttişi Sultan Məcid Qənizadə
məktəbə gəlir. O, ümumi vəziyyətlə və
dərs proqramı ilə maraqlanır. Müəllimə cavab
verir ki, şagirdlər arasında şeirə, ədəbiyyata
maraq göstərənlər çoxdur. Sonanı göstərir
və deyir ki, Sona qızımızın yaxşı şeirləri
də var. Bu, müfəttişin marağına səbəb
olur. Bir şeir oxumasını istəyir. Sona da “Vətənim”
adlı şeirini oxuyur:
Vətənin bəxtinə hər
dəm çəkirəm həsrəti mən,
Sevirəm vətənimə sərf
edilən qeyrəti mən .
Nə səadət vətənimlə
qazannam şöhrəti mən,
Olmaram razı əgər cəhldə
qalsa vətənim,
Vətənim qalsa əgər cəhldə
yansın bu tənim.
Sultan Məcid Qənizadə
şeiri alıb özü də oxuyur. Sonra da şeiri ondan
alır. Səhərisi “Səda” qəzetində
dərc etdirir. Hətta qəzet belə bir haşiyə
də verir: “Sona xanımın “Vətənim, vətənim”
kimi xitabları hər kəsin qəlbində bir hüsn oyandırıb. Vətənin tərəqqisi
və təması yolunda qeyrət edəcəyinə əminik”.
Aradan bir gün keçəndən
sonra daha bir gözlənilməz hadisə baş verir. Sona xanımın
həmin şeirini şəhərdə ən
kütləvi tirajla çıxan “Kaspi“ qəzeti baş redaktor A.Vaynberqin poetik tərcüməsi ilə öz səhifəsində dərc
edir. Bu hadisələrdən
az sonra “İşıq” adlı qadın jurnalında Sona xanımın maarifə, mədəniyyətə
çağırış ruhlu xeyli şeirləri
dərc olunub.
- Bütün bu yenişli-yoxuşlu həyat yollarını keçəndən sonra
o, savadlı Azərbaycan
qadınlarından biri
kimi səmərəli
əmək fəaliyyətinə
başlayır. Azərbaycanda
savadsızlığın ləğv
olunmasına və qadınların ictimai həyata cəlb olunması kimi səmərəli işlərə
kömək edən fəal qadınlardan biri olur. Sonra
Rusiyada ali təhsil alıb Bakıya dönən tanınmış həkim
Əbülfəz Qarayevlə
ailə qurur. Lakin bundan sonra
bədii yaradıcılıqla
məşğul olmayıb.
Həyatını ailə
qayğılarına həsr
edib. Dünya şöhrətli bəstəkar
Qara Qarayev, görkəmli həkim, gözəl insan Mürsəl Qarayev kimi övladlar böyüdüb. Ondan soruşulanda ki, nə üçün yaradıcılıqla məşğul
olmursunuz? O deyərmiş:
“Xalq üçün,
cəmiyyət üçün
faydalı övladlar böyütmək yaradıcılıq
deyilmi!”
Cəmiyyət
üçün, xalq
üçün görüləcək
hər bir işi yaradıcılıq
hesab edən Sona xanım Axundova 1971-ci ildə vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.-
2011.- 25 fevral.- S. 15.