Əli bəy Hüseynzadə
Turançılıq məfkurəsinin böyük
siması, üçrəngli bayrağımızın ideya
müəllifi
Görkəmli
ictimai xadim, pedaqoq, həkim, jurnalist,
yazıçı-publisist, rəssam, musiqişünas Əli
bəy Hüseynzadə 1864-cü il fevralın 24-də Salyan
şəhərində anadan olub. O, Qafqaz
Şeyxülislamı Axund Əhməd Hüseynzadənin nəvəsidir.
Tiflisdə Qafqaz Müsəlmanları
Ruhani İdarəsinin nəzdində altısinifli məktəbdə
(1870-1875), birinci şəhər gimnaziyasında (1875-1883)
oxuyub, Peterburq Universitetinin Fizika-riyaziyyat (1885-1889), İstanbul
Universitetinin Hərbi tibb (1890-1895) fakültələrində
ali təhsil alıb.
Əmək fəaliyyətinə
1897-ci ildə İstanbulda Heydərpaşa xəstəxanasında
həkim olaraq başlayıb, 1900-cü ildən İstanbul
Universitetində Dəri-zöhrəvi xəstəlikləri
kafedrasında professor köməkçisi (dosent) vəzifəsində
çalışıb.
Eyni zamanda bu illərdə bədii
və elmi yaradıcılıqla da məşğul olub. Hələ
təhsil illərində Peterburqda tələbə siyasi dərnəklərində
fəallıq göstərib, İstanbul Universitetində
oxuyarkən isə tələbə yoldaşları ilə
Osmanlı sultanı Əbdülhəmid rejiminə
qarşı məşhur “İttihad və tərəqqi”
partiyasının yaradılmasında iştirak edib. Siyasi fəaliyyətinə
görə sultan xəfiyyələri tərəfindən təqib
edilən Əli bəy 1903-cü ildə Bakıya
köçməyə məcbur olur. Xarici ölkədə təhsil
aldığına görə Rusiya ərazisində həkim
işləməsinə icazə verilmədiyindən Əli bəy
Hüseynzadə jurnalistika sahəsində
çalışır, “Kaspi” və “Bakı” qəzetlərində
yazılarla çıxış edir.
Əli bəy Hüseynzadənin
çoxşaxəli fəaliyyətinin təməlində turançılıq
məfkurəsi dururdu. O, türk xalqlarının milli birliyi,
milli dövlətçilik ideyasını ilk dəfə irəli
sürüb, onun elmi-nəzəri əsaslarını işləyib
hazırlamışdır. 1905-ci il inqilabından sonra
türkçülük məramnaməsini “Həyat” qəzetində,
“Füyuzat” jurnalında dərc etdiyi
“Türkçülük kimdir və kimlərdən ibarətdir?”,
“Yazımız, dilimiz”, “Türk dilinin vəzifeyi-mədəniyyəti”
və digər məqalələrində geniş surətdə
şərh edib.
Eylər dili Çin səddinədək
hökmünü icra,
Bir ucudur Altay bu
yerin, bir ucu səhra.
- misralarında
o, türk dilinin yayıldığı geniş
əraziləri göstərib.
Bu xüsusda Əli bəy Hüseynzadənin redaktorluğu
ilə nəşr olunan (1906-cı il
noyabın 1-dən) “Füyuzat”
(ərəbcədən «gerçəyi
dərk etmək» mənasını verir) jurnalının maarifçilik
missiyasını, ictimai-siyasi
və ədəbi fikir tariximizdə rolunu xüsusi qeyd etmək lazımdır. Hacı Zeynalabdin Tağıyevin
maliyyə yardımı
ilə nəşr olunan jurnalda Məhəmməd Hadi, Mirzə Ələkbər
Sabir, Hüseyn Cavid və digər
qabaqcıl ziyalılar
çıxış edirdilər.
1907-ci ildə
“Füyuzat” jurnalı
bağlandıqdan sonra
Əli bəy Hüseynzadə pedaqoji fəaliyyət göstərib,
Bakıda “Səadət”
məktəbinin müdiri
olub, “Tərəqqi” və “Həqiqət” qəzetlərində çalışıb,
məşhur “Siyasəti-fürusət”
əsərini hissə-hissə
nəşr etdirib.
Türkiyədə Sultan Əbdülhəmid taxtdan salındıqdan sonra inqilabçı yoldaşları olan gənc türklərin dəvətilə 1910-cu ildə
Türkiyəyə gedib,
İstanbul Universitetində
professor vəzifəsində pedaqoji fəaliyyətini davam etdirib. Məhəmməd Əmin
Rəsulzadə ilə
“Türk ocağı”
dərnəyində çalışıb,
I Dünya müharibəsi
(1914-1918) illərində “Turan”
türk birliyinin tərkibində Qərbi Avropa dövlətlərinə
gedərək, türkçülük
təbliğatı aparıb.
Görkəmli türkoloq alim
kimi, 1916-cı ildə
Berlində “Türk qövmləri konqresi”ndə,
1926-cı ildə Bakıda
türkoloji qurultayda iştirak edib.
Ə.Hüseynzadə geniş yaradıcılıq
diapazonuna malik mütəfəkkir alim və yazıçıdır.
O, müxtəlif elm sahələrində
çalışıb, tibbə,
fəlsəfəyə, tarixə,
siyasətə, sosiologiyaya,
ədəbiyyatşünaslığa dair zəngin irs yaradıb.
Onun geniş ədəbi-publisistik
və elmi irsi Azərbaycan milli təfəkkürünün
böyük nailiyyətidir.
Əli bəy Hüseynzadə çoxsahəli fəaliyyəti
ilə Azərbaycan ədəbi-elmi fikir tarixində M.F.Axundovun ardınca yeni mərhələnin əsasını
qoyub, “füyuzatçı”lar adlı orijinal ədəbi-fəlsəfi
məktəb yaradıb.
Onun əsərlərində təbliğ
etdiyi «türkçülük,
çağdaşlıq və
islamiyyət» fəlsəfəsi
Azərbaycanın üçrəngli
bayrağının ideoloji
əsasını təşkil
edir.
XIX əsrin sonu - XX əsrin əvvəllərində türk-müsəlman
dünyasının yetirdiyi
nadir siyasi və ədəbi simalarından
biri olan Əli bəy Hüseynzadə 1940-cı il martın 17-də İstanbulda vəfat edib.
Mədəniyyət.-
2011.- 25 fevral.- S. 12.