İki imperiyanın qorxduğu
şair - Əli Tudə
Əli
Tudə barədə şahın xüsusi fərmanı:
“Tutulduğu anda məhkəməsiz-filansız qətlə
yetirilsin!”. O, ağır sınaqlardan keçə-keçə
Azərbaycanın yaddaşında AZADLIQ şairi,
xalqının şairi kimi qaldı.
Zaman su kimi rahat, dəvə
karvanı kimi ləngərli, dəyirman daşı kimi
ağır-ağır ötüb keçəcək, Əli
adlı bir uşaq böyüyüb iki imperiyanın
qorxduğu şairə çevriləcəkdi. Xalq isə qəhrəmanını
sevib “Tudə” - yəni “Xalq” təxəllüsü ilə
çağıracaqdı. Ancaq o zamana qədər Əli kəşməkəşli,
mübarizələrlə dolu bir tale yaşayacaqdı.
O qaldırdı deyə bükük belini,
Başından keçmədi yetən
yolunda,
Kimi ayağını, kimi əlini,
Mən başımı qoydum Vətən
yolunda!
Əslən Ərdəbilin
Çanaxbulaq kəndindən olsa da, Əli Tudə (Əli Əliqulu
oğlu Cavadzadə) 1924-cü il yanvarın 31-də Bakıda
anadan olub. Ötən əsrin əvvəllərində neft
Bakısına üz tutanların arasında Əlinin də
ailəsi var. Ancaq bu səfər ailəyə uğur gətirmir.
Uşaqkən valideynlərini itirən Əli nənəsinin
himayəsində böyüyür. Tanrı sanki ona yetimliyin,
itkilərin əvəzində istedad verir. 13 yaşında Əlinin
şeirləri qəzetlərdə çap olunur. Ancaq bu
sevincin ömrü də uzun çəkmir. 30-cu illərdən
başlayan qanlı repressiyalar onların da talelərini,
yollarını dəyişir. Cənubi Azərbaycandan olduqlarına
görə Əli nənəsi ilə birlikdə İrana
sürgün olunur. Mühacir həyatı onun tale payı
olur.
Cənubda da Əlini sakit həyat
gözləmir. Ata yurdu Savalan dağının ətəyindəki
Çanaxbulaq kəndində təsərrüfat işləri
ilə məşğul olur. Sonra bir müddət Ərdəbildə
qara fəhləlilik edir, vaxt tapan kimi isə ürəyindən
süzülən şeirləri kağıza
köçürür.
Sən ey baxıb neçə yerə,
Nəsə xəbər alan
dünya!
Heç demirsən bircə kərə,
Nə təhərdi balan, dünya!
1940-cı illərdə Cənubi
Azərbaycanda başlanan milli azadlıq hərəkatı Əlinin
həyatında yeni bir səhifə açır.
Nə qədər döyüş
var, mübarizə var,
Bayrağım vətəndir,
silahım qələm.
- deyən gənc Əli bu hərəkata
qoşulur və onun fəallarından biri olur. Milli ruhda
yazdığı şeirləri ilə xalqı mübarizəyə
səsləyir. 1945-ci il dekabrın 12-də Cənubi Azərbaycanda
milli hökumət qurulur. Xalqını, millətini ürəkdən
sevən Əli milli hökumətin Maarif Nazirliyində işləyir.
“Ana dili” kitabının tərtibində və çap
olunmasında xüsusi rol oynayır.
Bundan əlavə Əli Tudə
İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli
Filarmoniya yaradır. “Öz gözlərimlə” kitabında Əli
Tudə yazır: “Bu təkcə Təbrizdə deyil,
bütün İranda açılan ilk filarmoniya idi.
Salondakılar intizarla səhnəyə baxır, əllərindəki
konsert proqramını dönə-dönə oxuyurdular. Ancaq
proqramda yazılmamış bir çıxış da
vardı. Bu da konsert başlamazdan əvvəl milli hökumətin
lideri Seyid Cəfər Pişəvərinin edəcəyi nitq
idi. Bunu yalnız filarmoniyanın müdiriyyəti bilirdi”.
Tudə təxəllüsünü
Xalq özü verdi mənə.
Mərd, fədai olmağı
Məsləhət gördü mənə.
Milli hökumət onu ali mükafatla, “21 Azər” medalı ilə təltif edir. O zaman Əli Tudənin 22 yaşı vardı...
Üzünə gülən taleyi yenə ondan üz döndərir. Qanlar bahasına qurulmuş hökuməti İran dövləti beşikdəcə boğur. Əli Tudənin üsyankar ruhlu kitabları mətbəədə yandırılır. Əli Tudə barədə şah xüsusi fərman verir: “Tutulduğu anda məhkəməsiz-filansız qətlə yetirilsin!”.
O, yenidən Şimali Azərbaycana üz tutur. Budəfəki mühacirlik Əli Tudə üçün ömürlük taleyə çevrilir. Əli Tudə 1946-cı il dekabrın 12-də ləkəsiz vicdanla sovet Azərbaycanına gəlir və bu ləkəsiz vicdanını ömrünün sonunadək qoruyub saxlayır.
Hər kəsin öz qibləsi var,
Mənim qibləm Vətəndir -
deyən şair 60 illik yaradıcılığında bütöv şair ömrü yaşadı. Ayrılığın həsrətini köksündə gəzdirdi və bütün yaradıcılığı boyu Vətən, Cənub həsrəti mövzusuna sadiq qaldı. Poeziya yolunda yorulmadan çalışdı və böyük Əli Tudə irsi qoyub getdi. “Cənub nəğmələri”, “Məhbusların son sözü”, “Arazın o tayında”, “Qəzəb”, “Təbriz yolu”, “Mühacir qeyrəti”, “Mənim səsim”, “Yarımçıq dastan” - bir sözlə, 40-dan çox kitabın müəllifi kimi ədəbiyyat tariximizdə yer aldı.
Əli Tudəni həm də XX əsr Cənubi Azərbaycan poeziyasının klassiklərindən biri kimi qiymətləndirirlər. “Ona ömrünün axırına kimi Cənubi Azərbaycana, Təbrizə, Ərdəbilə, doğma kəndinə getməyə imkan vermədilər. O tərəf İran, bu tərəf sovet. İki imperiya bir şairdən qorxdu!”. Bu sözlər Xalq şairi Nəriman Həsənzadəyə məxsusdur.
Əli Tudə 1996-cı il fevralın 26-da vəfat etdi. Mərd, məğrur, heç kəsə baş əyməyən şair sağlığında heç bir fəxri ad almasa da, bütöv Azərbaycanın yaddaşında AZADLIQ şairi, xalqının şairi kimi qaldı.
Təranə Vahid
Mədəniyyət.-
2011.- 25 fevral.- S. 12.