Xocalı faciəsinin izləri ədəbiyyatımızda
Xocalı faciəsi ədəbiyyatımıza elə o
gecədən - fevralın 25-dən 26-na keçən - səhəri
olmayan gecədən boylandı. O gündən taleyimizə
yazılan Xocalı yazısını yazmağa
çalışırıq...
İlahi! Sən onlara rahatlıq
ver...
İlahi! Təskin et!..
Sən onlara səma nəğmələri
göndər,
Təsəlli səp...
Bu misralar Nurəngiz Günün
“Xocalı simfoniyası”ndandır. Və əslində
“Xocalı simfoniyası” Xocalı faciəsinin
ağısı, oxşamasıdır. “Xocalı
simfoniyası” balasını itirmiş ananın qorxu, təlaş,
hıçqırıq, hönkürtü qarışıq
harayıdır:
Yox, ruzgar! O cürə əsmə
sən!
Torpaqda...
Torpağın
altında dip-diri ölülər var
Diksinə bilər Onlar...
Nurəngiz Günün “Xocalı
simfoniyası” həm də Xocalının yer üzündən silindiyi gecənin ədəbiyyata hopan səsidir. Hələ ki bu səsi bütün dünya eşitməyib, hələ ki “Xocalı simfoniyası” üç dildə - Azərbaycan, rus və ingilis dilində nəşr olunub. Ancaq Xocalı faciəsini
dünyanın kar olmuş qulaqlarına çatdırmaq istəyiriksə,
“Xocalı simfoniyası”
dünyanın bütün
dillərinə tərcümə
olunmalıdır.
Hər kəs Xocalı
faciəsini gördüyü,
hiss etdiyi, duyduğu və yaşadığı
kimi yazır. Bir dərdin yüz yozumu, bir dərdin
yüz çaları
dil açıb danışır.
Bu il
yenə
Xocalının
ad günündə
Azdramaya getdik,
Xocalı facəsinə
tamaşa
etdik...
Bu misralar
şair Qəşəm
Nəcəfzadənin “Xocalı
mövsümü fevral”
başlığı altında
dərc etdirdiyi silsilə şerindəndir.
Qəşəm Nəcəfzadə
Xocalı faciəsinə
ağı demir, Xocalı faciəsinə içində yaşadığı
vaxtın içindən
baxır:
Xocalı uşaqlarının
Soyuqdan donduğunu görəndə,
Uşağımızın
paltosunu
Yaxşıca düymələdik,
Əlinə peçenyə verdik
Üzündən
öpdük
Başını
sığalladıq...
Əslində bu səmimi,
çox səmimi bir etirafdı. Həyat öz axarı ilə gedir. Uşaqlar böyüyür...
böyüməyən, lentlərin
yaddaşında yaşayan,
don vurmuş, güllələnmiş,
qar üstünə səpələnmiş uşaqlardı.
İblisin divan tutduğu
mələk sifətli
uşaqlar... İnsan ovunun qurbanları, qisası alınmayan tifillər... Biz ilin
bir günü yox, ilin 365 günü
Xocalı faciəsini yaşamalıyıq. Bir
gün çox azdı, o qədər azdı ki, Xocalı
soyqırımının qurbanlarının
adını belə sayıb qurtarmağa çatmaz...
Xocalı mövsümü fevral!
Xocalı mövsümüdür bu ay.
Lentin tozu alınır,
Bir də göstərilməyi
Qaldı gələn ilə.
Şair Ələmdar Quluzadənin
qələmə aldığı
“Şəhid şəhər”
poeması da Xocalı faciəsinin dəhşətlərinə, ağrılarına,
faciələrinə həsr
olunub.
Bəşər
görməmişdi bu
qovhaqovu,
Danışa bilmirəm, dilim
də əsir.
Bülənd olub ərşə qalxdı alovu,
Sağlar girov düşdü, şəhidlər əsir.
Şair “Şəhid şəhər”
in dərdlərini, dərdlərin köklərini axtarır:
Oduna qalandıq çox
imdadların,
Sözümün yüz sual,
yüz nidası var.
Qapıma qonaqtək gələn
yadların
Evimə sahiblik iddiası var.
Ələkbər Salahzadənin
“Xocalı xəcilləri”, Ədalət Əsgəroğlunun
“Dərdimizin qan rəngi” poemaları da Xocalı faciəsinə
həsr olunub.
Xocalı faciəsindən
danışarkən yadıma və çoxlarının
yadına jurnalist Səriyyə Müslümqızı
düşür. Xocalı hadisəsi onun gözlərinin qabağında
baş verib, bu faciənin bütün
ağrı-acısını, insan ağlına
sığmayan müsibətlərini yaddaşından əvvəl
gözlərinə köçürüb. Üstündən
19 il keçməsinə baxmayaraq hər dəfə Səriyyə
Müslümqızı ilə qarşılaşanda gözlərində
Xocalının qanlı mənzərəsini görürəm.
Bir jurnalist, bir vətəndaş, bir xocalılı, bir
şahid kimi Səriyyə Müslümqızının qələmə
aldığı "Qar üstünə qan
yağdı", "Ümid olmasa ölərəm"
(ingilis dilində), "Ölümündən o yandakı
Xocalı" kitablarını ədəbiyyatımızın
Xocalı dərdi ilə bağlı canlı salnaməsi sayıram...
Çox güman ki, Xocalı faciəsi
ilə bağlı adlarını çəkə bilmədiyim
çoxlu əsərlər, şeirlər, hekayələr
yazılıb. Ola bilsin ki, kimsə hələ Xocalını
qəlbindən qələminə köçürməyib,
ola bilsin ki, kimsə sözünü deməyib, amma Xocalı
mövzusunun Azərbaycan ədəbiyyatında daimi
mövzulardan birinə çevriləcəyinə gərək
kiminsə şübhəsi olmasın. Biz dərdimizi sözlə
deməyi bacarmalıyıq. Zaman-zaman Xocalı lövhələri
ədəbiyyatımızdan boylanıb qanlı gecənin dəhşətini,
faciəsini, qətlə yetirilən günahsız
insanların səsini batmağa qoymamalıdır. Çünki
zamanın, vaxtın, yaddaşın unutduğunu ədəbiyyat
unudulmağa qoymur...
Təranə,Vahid
Mədəniyyət.-2011.-
25 fevral.- S. 10.