Təkcə
Azərbaycanın deyil,
dünyanın faciəsi...
Azərbaycan
Turizm İnstitutunda Xocalı soyqırımının 19-cu
ildönümü ilə bağlı “Xocalı - qan
yaddaşımız” mövzusunda fotosərgi və anım mərasimi
düzənlənib.
Tədbirdə
çıxış edən ATİ- nin rektoru Cəfər Cəfərov
19 il əvvəl Xocalıda baş verən
qırğını XX əsrin ən dəhşətli hadisəsi
kimi dəyərləndirib və faciənin yaddaşlardan
silinmədiyini deyib. Rektor bildirib ki, dünyanın bir sıra
ölkələrində bu gün də qan tökülür:
«Dünyanın mühüm informasiya vasitələri törədilən
faciələrdən insanları xəbərdar edirlər. Amma
o gecə Xocalı soyqırımının törədildiyi
anlardan dünya xəbərsiz idi. Soyqırımı
faktının ört-basdır edilməsində o dövrdə
hakimiyyətdə olan dövlət rəhbərlərinin də
günahı böyükdür. Həmin günlərdə rəsmi
dövlət strukturları əsl həqiqəti dünya
ictimaiyyətindən gizlətməklə düşmənin dəyirmanına
su tökdülər».
Bakı Dövlət Universitetinin
dosenti, taixçi alim Boran Əziz tədbirdə
çıxış edərək bildirdi ki, o gecənin dəhşətlərini
Xocalıya həsr etdiyi kitab vasitəsilə xalqa
çatdırmaq istəyib: «Xocalı faciəsini bir millətə
qarşı törədilən
düşünülmüş beynəlxalq cinayət aktı
kimi qiymətləndirirəm. Nə qədər ağır
olsa da, etiraf edək ki, rus hərbçilərinin ermənilərlə
birgə xocalı sakinlərinə, əsgərlərimizə
tutduğu divanı, vəhşiliyi heç bir xalq görməyib,
yaşamayıb. Bu faciəni biz dəfələrlə
1905-1907, 1915, 1918-1920-ci illərdə eyni ssenari üzrə
yaşamışıq. Deməli, dəyişən illər,
dəyişməyən isə
unutqanlığımızdır. Xocalı təkcə Azərbaycanın
deyil, XX əsrin, dünyanın faciəsidir. Bir vətəndaş
kimi bu faciəni “Xocalı soyqırımı” kitabımda sənədli
faktlarla tarixləşdirməyə səy göstərmişəm».
Anım mərasimində Xocalı
soyqırımının şahidi, jurnalist Şamil
Sabiroğlu, Azərbaycan Respublikası Dağlıq Qarabağ
Bölgəsinin Azərbaycanlı İcması İctimai
Birliyinin nümayəndəsi Elçin Əhmədov
çıxış ediblər.
Fəxriyyə
Mədəniyyət.- 2011.- 25 fevral.-
S. 3.