“Xocalı fəryadı”
Xalça
muzeyində yaradıcılıq sərgisi
Fevralın 24-də Lətif Kərimov adına Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyində “Humay” Milli mükafatçısı, Rəssamlar
İttifaqının üzvü Rauf Əbdülhüseyn
oğlunun və onun davamçısı, Əbdülhüseyn
Rauf oğlunun Xocalı soyqırımına həsr olunmuş
“Xocalı fəryadı” adlı yaradıcılıq sərgisi
keçirildi.
Tədbirdə
çıxış edən muzeyin direktoru Röya
Tağıyeva bildirdi ki, 1992-ci ilin 26 fevralında törədilmiş
Xocalı soyqırımı təkcə Azərbaycan xalqına
qarşı deyil, bütövlükdə bəşəriyyətə
və insanlığa qarşı bir cinayətdir: “Hər bir
sənət adamı tarixin müəyyən məqamlarını
öz əsərlərində yaşatmağa
çalışır. Keçəçilik sənətində
yüksək peşəkarlıq qabiliyyətinə malik olan
Rauf Əbdülhüseyn oğlu və onun davamçısı
da bu mövzuya müraciət edərək gözəl sənət
nümunələri yaradıblar”.
Mədəniyyət və Turizm
Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun
aparıcı məsləhətçisi Qalib Qasımov qədim
keçəçilik sənətini yaşadan sərgi müəlliflərinin
yaradıcılığından danışdı. Nümayiş
etdirilən əsərlərdə həm xalqımızın
qəhrəmanlıq salnaməsinin, həm də
ağrılı-acılı faciələrinin əks
olunduğunu qeyd etdi: “Biz bu əsərlərdə Xocalı
faciəsinə bir sənətkarın gözü ilə
baxırıq. Bilirik ki, xalqımız hər zaman faciələrə
böyük iradə və əzmkarlıqla sinə gərib,
tariximizi yaşadıblar. Sənət adamları da bu istiqamətdə
həmişə öz sözlərini deməyə
çalışırlar. Belə sərgilərlə, təsviri
və dekorativ sənət əsərləri vasitəsilə
tariximizi təbliğ edə bilərik”.
Rauf Əbdülhüseyn oğlu sərginin
təşkilatçılarına minnətdarlığını
ifadə etdi. Qeyd edək ki, sərgidə ata və oğulun
17 əsəri nümayiş olunur.
Ceyhun.
Mədəniyyət.-
2011.- 25 fevral.- S. 2.