Şəmsi
Bədəlbəylinin 100 illik
yubileyinə həsr olunmuş konfrans
Fevralın 23-də Nizami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyində Xalq artisti, görkəmli mədəniyyət
xadimi Şəmsi Bədəlbəylinin 100 illik yubileyinə həsr
olunmuş elmi-praktik konfrans keçirildi.
Konfransda baş nazirin müavini
Elçin Əfəndiyev, mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev, təhsil naziri Misir Mərdanov,
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov,
Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov,
Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli,
Yazıçılar Birliyinin sədri Anar, tanınmış
mədəniyyət və incəsənət xadimləri
iştirak edirdilər.
Tədbiri giriş sözü ilə
açan muzeyin direktoru, professor, millət vəkili Rafael
Hüseynov Şəmsi Bədəlbəylinin Azərbaycan mədəniyyəti
tarixində müstəsna rol oynadığını
vurğulayaraq onun zəngin yaradıcılığından
danışdı: “Şəmsi müəllim yüksək səviyyəli
ziyalı, böyük mədəniyyət xadimi, sözün
düzünü deməkdən çəkinməyən adam
idi. Şux, mehriban insanıydı. Təbiətindəki
şuxluğu həyatının son günlərinəcən
qoruyub saxladı və yəqin, Musiqili Komediya Teatrının
səhnəsindəki bir-birindən uğurlu
quruluşlarının, tanınmış komiklərimizlə
elə ilk ünsiyyətdən dil tapa bilməsinin
mühüm bir səbəbi də o daimi şuxluğundan irəli
gəlirdi. XX əsr milli rejissura sənətimizin
sayılıb - seçilən simalarından olan Şəmsi
Bədəlbəyli musiqili teatrımızın inkişaf və
tərəqqisi üçün çox böyük işlər
görüb. Bu gün 100 illiyini fəxarət hissi ilə qeyd
etdiyimiz unudulmaz sənətkarın həyat və yaradıcılığı,
ictimai fəaliyyəti bizlər üçün örnəkdir”.
Sonra Bakı Musiqi
Akademiyasının “Tarix və Azərbaycan musiqi nəzəriyyəsi”
kafedrasının professoru Tariyel Məmmədov
çıxış edərək Şəmsi Bədəlbəylinin
Azərbaycan musiqili teatrının inkişafı
üçün gördüyü xidmətlərin əvəzsiz
olduğunu qeyd etdi. Şəmsi Bədəlbəyliyə həsr
olunmuş televiziya verilişlərindən kadrlar, AzTV-nin
fondundan sənətkarın həyat və
yaradıcılığını əks etdirən film
nümayiş etdirildi.
Konfransın davamında xalq
yazıçıları Anar, Çingiz Abdullayev
çıxış edərək böyük sənətkarla
bağlı maraqlı xatirələrini
bölüşdülər.
Tədbirdə Azərbaycan Teatr
Xadimləri İttifaqı, UNESCO-nun Beynəlxalq Teatr
İnstitutunun Azərbaycan Milli Mərkəzinin təşəbbüsü
ilə işıq üzü görən “Ömrün səhifələri”
kitabının təqdimatı da keçirildi. Konfrans
iştirakçıları sənətkarın həyat və
yaradıcılığını əks etdirən fotosərgiyə
də maraqla baxdılar.
Yeganə
Mədəniyyət.- 2011.- 25
fevral.- S. 5.