“Yaddaşın yolları”
İstiqlal Muzeyində sərgi açılıb
Fevralın 23-də Azərbaycan
İstiqlal Muzeyində Xocalı faciəsinin 19-cu
ildönümü ilə əlaqədar “Yaddaşın
yolları” adlı tədbir-sərgi keçirildi. Tədbirdə
Rəssamlıq Akademiyasının müəllim və tələbə
heyəti, Bakı Humanitar Kollecinin şagirdləri, Prezident
Qvardiyasının əsgərləri, Daxili Qoşunların,
Sərhəd Qoşunlarının müdavimləri və digər
qonaqlar iştirak edirdi.
Əvvəlcə Xocalı faciəsində
həlak olanların xatirəsi bir dəqiqəlik sükutla
yad olundu. Tədbiri giriş sözü ilə açan
İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi bildirdi ki,
Xocalı faciəsi Azərbaycan tarixinin unudulmayan səhifələrindən
biridir. Bu hadisə xalqımızın yaddaşından
heç vaxt silinməyəcək. Sərgi barədə məlumat
verən direktor qeyd etdi ki, sərgidə Dövlət Rəssamlıq
Akademiyasının, Mədəniyyət və İncəsənət
Universitetinin, Qərb Universitetinin tələbələrinin
40-dan çox rəsm, heykəltəraşlıq və qrafika
əsərləri nümayiş olunur.
Azərbaycan Rəssamlar
İttifaqının üzvü Rauf Əbdülhüseynoğlu
Xocalı faciəsinə dair faktları
iştirakçıların diqqətinə
çatdırdı. Gənc rəssamların tarixi həqiqətləri
əks etdirən mövzulara müraciət etməsini müsbət
hal kimi dəyərləndirən rəssam gələcəkdə
də Xocalı mövzusuna həsr olunan yeni əsərlərin
yaranacağını bildirdi.
Sonda
Bakı Humanitar Kollecinin şagirdləri Xocalı
soyqırımına həsr olunmuş ədəbi-bədii
kompozisiya ilə çıxış etdilər.
C.Zərbəliyev
Mədəniyyət.-
2011.- 25 fevral.- S. 5.