Musiqili Komediya Teatrında «Evlənmə»
Qoqolun məşhur əsəri ilk dəfə Azərbaycan
səhnəsində
Musiqili
Komediya Teatrı vaxtilə bu səhnədə böyük
uğur qazanmış retro tamaşaları yenidən səhnəyə
gətirməklə yanaşı, bir sıra məşhur
müəlliflərin əsərlərini də repertuara daxil
edir.
Bu əsərlərdən biri də
böyük rus yazıçı-dramaturqu Nikolay Qoqolun Azərbaycan
peşəkar teatrında ilk dəfə səhnə həllini
tapan «Evlənmə» komediyasıdır. Janrına görə
qeyri-adi məzəli hadisə kimi səciyyələnən
tamaşanın premyerası fevralın 23-24-də Gənc
Tamaşaçılar Teatrında (Musiqili Komediya
Teatrının binası təmirdədir - red.) keçirildi.
İlk tamaşanı izləyənlər
arasında baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri,
hökumət rəsmiləri, mədəniyyət, incəsənət
xadimləri vardı.
Evlənmək istəyən
dörd kişinin bir xanımın könlünü ələ
almaq üçün cəhdlərindən bəhs edən səhnə
əsərinin iki günlük premyerası uğurlu
keçdi. Bu barədə danışan tamaşanın
rejissoru, Əməkdar incəsənət xadimi Bəhram
Osmanov «Evlənmə» əsərinin tarixinə də nəzər
saldı: «Böyük dramaturq Qoqolun əsərləri Azərbaycan
teatrında vaxtilə dəfələrlə tamaşaya
qoyulub. Azərbaycan səhnəsində Qoqolun daha çox
«Müfəttiş» pyesi məşhurdur. Amma son 40 ildə
heç bir teatrımız onun yaradıcılığına
müraciət etməyib. İlk dəfə peşəkar səhnədə
isə onun «Evlənmə» əsərinə müraciət
olundu. Ümumiyyətlə bu pyesin tarixi qəribədir. Tarixi
faktlara görə, bu tamaşa bəzi illərdə çox
hazırlanıb, bəzi illərdə isə unudulub. Amma son
illər həm Rusiyada, həm də Avropada bu əsər yenidən
səhnəyə qayıdıb. Sevinirəm ki, Azərbaycan
teatrı da bu prosesdə yer alıb».
Pyesin səhnə yozumundan
danışan rejissor bildirdi ki, müəllif əslində bu əsərdə
bir insanın digərinə olan qayğısının zəruriliyini
göstərir: «Pyes vaxtını səmərəsiz
keçirən insanların həyatından bəhs edir. Onlar
həyatlarını elə qurublar ki, həyat onlara
acınacaqlı, maraqsız gəlir. Qərara gəlirlər
ki, keçən ömrü maraqlı etməyin ən əsas
yolu evlənməkdir. Ailə həyatı qursalar maraqlı
olar. Beləliklə, yaşı keçmiş bu insanlar evlənmək
qərarına gəlirlər. Buna görə də ərə
getmək yaşı keçən bir xanımın yanına
gəlirlər. Lakin onlar bir-birlərini anlamırlar. Nəticədə
hər biri bu izdivacın uğursuz olduğunu anlayaraq
çıxıb gedir. Qoqol bu əsərdə insanın
insana qayğısından, insanın ən ülvi bir hiss olan
məhəbbəti oyuncağa çevirməyin acı nəticəsindən
danışır. Pyes bizim Musiqili Komediya Teatrında uzun illər
baxdığımız ənənəvi operettalardan deyil. Bu
dram teatrı üçün yazılmış bir qədər
psixoloji, dramatik, satirik, komik notlarla olan bir əsərdir».
Tamaşaya digər teatr kollektivlərindən
də aktyorların dəvət olunduğunu nəzərə
çatdıran rejissor bunu Azərbaycan teatrında həyata
keçirilən islahatların bir nəticəsi olduğunu
bildirdi: «Tamaşada çox maraqlı aktyor heyəti
formalaşıb. Gənc Tamaşaçılar
Teatrının, Akademik Milli Dram Teatrının aktyorları bu
tamaşada oynayırlar. Teatr sahəsində aparılan
islahatlar bu imkanı bizə verdi. Azərbaycanda elə aktyorlar
var ki, aylarla, illərlə bir teatrda oturub rol gözləməməlidirlər.
Bakıda yaşayırlarsa bütün teatrların səhnəsində
oynamalıdırlar. İmkan varsa bölgə teatrlarına
ezam olunmalıdırlar. Bu aktyorlara yaradıcılıq
potensialını göstərmək üçün
geniş imkanlar yaradır. Musiqili Komediya Teatrının bu
tamaşası islahatların göstərdiyi nəticədir. İkigünlük
tamaşa üçün bütün biletlər
satılıb, bu artıq marağın yetərincə
olması deməkdir. Tamaşanın inkişafı tədricən
olacaq. Nəzərdə tutmuşuq ki, tamaşanı bölgələrdə
də təqdim edək».
Qeyd edək ki, tamaşada
rolları xalq artistləri Məleykə Əsədova (Aqafya
Tixonovna), Şükufə Yusupova (Fyokla İvanovna), Arif Quliyev
(Jevakin), əməkdar artistlər Elçin Həmidov
(Yaiçnitsa), Ramiz Məmmədov (Anuçkin), aktyorlar Emma Məlikova
(Arina Pantelemonovna), Qurban İsmayılov (Polkolyosin), Çingiz
Əhmədov (Koçkaryov), Ülviyyə Əliyeva
(Dunyaşka), Möylə Mirzəliyev və Elxan
İsmayılov (Starikov), Məhərrəm Qurbanov və
Vüqar Hacıyev (Stefan) ifa edir. Tamaşanın musiqi rəhbəri
Əməkdar incəsənət xadimi Yalçın
Adıgözəlov, dirijoru Fəxrəddin Atayev, quruluşçu
rəssamı Nabat Səmədova, quruluşçu baletmeysterləri
Zakir Ağayev, Yelena Ağayeva, rejissor assistenti Elməddin
Dadaşovdur.
Gülər
Nizamiqızı
Mədəniyyət.-
2011.- 25 fevral.- S.4.