Hafiz Məmmədovun
90 illiyi qeyd olundu
Azərbaycan
Dövlət İncəsənət Muzeyində
tanınmış rəssam, Əməkdar incəsənət
xadimi Hafiz Məmmədovun anadan olmasının 90 illiyinə həsr
edilmiş sərgi keçirildi.
Mədəniyyət və Turizm
Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkil
etdiyi tədbiri giriş sözü ilə açan Dövlət
İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev
rəssamın zəngin yaradıcılığından
danışdı. Qeyd olundu ki, sərgilənən əsərlər
Azərbaycan Dövlət İncəsənət Muzeyindən,
rəssamın qızı Lətafət Məmmədovanın
şəxsi kolleksiyasından və digər mənbələrdən
toplanılıb.
Mədəniyyət və Turizm
Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun
müdiri Qalib Qasımov bildirdi ki, 1921-ci ildə Bakının
Sabunçu qəsəbəsində anadan olmuş Hafiz Məmməd
oğlu Məmmədov 1941-ci ildə Bakı Rəssamlıq Məktəbini
bitirib. Onun 1959-1973-cü illər ərzində
Azərbaycan Rəssamlar
İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov,
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
rektoru, Xalq rəssamı, akademik Ömər Eldarov və
başqaları çıxış edərək sənətkarın
mənalı ömür yolundan, yaradıcılıq
xüsusiyyətlərindən, bənzərsiz sənət əsərlərindən
danışdılar.
Vurğulandı ki, sərgidə rəssamın
məişət janrında işlədiyi “Yay günləri”,
“Gözləmirdim”, “Ali məktəbi bitirəndən sonra”,
füsunkar mənzərələri - “Mixaylonun vətəni
Novxanı kəndi”, “Luksorda məbəd”, “Doğma yerlər”,
həmçinin Azərbaycan xalqının görkəmli
şəxsiyyətlərinin - qəzəlxan Əliağa
Vahidin, tarzən Hacı Məmmədovun portretləri
nümayiş olunur. Bundan əlavə, rəssamın
İkinci Dünya müharibəsi mövzusunda işlədiyi əsərləri
də sərgilənir. Bu müharibənin canlı şahidi
olmuş Hafiz Məmmədov çəkdiyi əsərlərdə
də müharibənin dəhşətlərini əks
etdirib.
Sonda rəssamın qızı Lətafət
Məmmədova atasının xatirəsinə göstərilən
böyük diqqət və qayğıya görə tədbirin
təşkilatçılarına minnətdarlığını
ifadə etdi.
Dörd gün davam edən sərgidə
fırça ustasının 20-dən çox rəngkarlıq
əsəri nümayiş olundu.
Ceyhun
Mədəniyyət.-
2011.- 1 iyul.- S. 3.