Qəlblərdə yaşayacaq
rəssam
Azərbaycan
boyakarlığı özünün zənginliyi və
yaradıcı şəxsiyyətlərinin çoxcəhətliliyi,
həmçinin mövzu və janr diapazonunun genişliyi ilə
fərqlənir. Azərbaycanın
Xalq rəssamı Kamil Nəcəfzadənin
yaradıcılığı buna parlaq misaldır. Bu rəssam
müharibədən sonra yaradıcılıq yoluna qədəm
qoymuş Azərbaycan rəssamlarındandır.
Kamil Nəcəf oğlu Nəcəfzadə
1929-cu il dekabr ayının 29-da Lənkəranda tacir ailəsində
anadan olmuşdur. 1948-ci ildə Ə.Əzimzadə adına
Bakı Rəssamlıq Məktəbini bitirmiş, 1949-cu ildə
professional təhsilini Moskvada, Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunda davam etdirmişdir. İnstitutun rəssamlıq
fakültəsini bitirdikdən sonra - 1955-ci ildə vətənə
dönən Nəcəfzadə C.Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasında quruluşçu-rəssam kimi
çalışmağa başlamışdır. 40 ildən
artıq yaradıcılıq ömrünü kinoya həsr edən
rəssam “Azərbaycanfilm”-in fəxri olan bir çox filmlərin
yaradılmasında iştirak etmişdir.
Elə vaxt olurdu ki, o, eyni zamanda iki
film üzərində işləməli olurdu. Bəllidir ki,
quruluşçu rəssamın kinodakı işi həm məsuliyyətli,
həm də olduqca diqqət və dəqiqlik tələb
edir. Kamil Nəcəfzadə böyük professional idi. O,
kinostudiyada işlədiyi son illərədək nə şəxsən
özünə, nə də onun işinin nəticələrinə
cavabdeh olan şəxslərə azacıq da olsa, güzəştə
yol vermirdi.
Bütün
yaradıcılığı dövründə rəssamın
nə qədər eskiz çəkdiyinin say-hesabını
heç kəs bilmir. Bu gün az sayda tək-tək eskizlər
rəssamın emalatxanasında saxlanılır. Eskizlərin əsas
hissəsi məhv olmuşdur, lakin az miqdarda bizə gəlib
çatmış bu eskizlər Kamil Nəcəfzadənin həssas
bədii intuisiyasına və yüksək peşəkarlığına
əsaslı surətdə dəlalət edir.
K.Nəcəfzadənin
kinostudiyadakı ilk işi Azərbaycan kinematoqrafı tarixində
bir mərhələ filmi olmuşdur. Bu - 1957-ci ildə M.Qorki
adına kinostudiya ilə müştərək çəkilmiş
“Bir məhəlləli iki oğlan” filmidir. Ssenari müəllifləri
Alla Beqiçeva və türk yazıçısı və
dramaturqu Nazim Hikmətdir.
K.Nəcəfzadənin kinodakı
növbəti işi Azərbaycan kinematoqrafında ən məşhur
ekran əsərlərindən biri - rejissor Tofiq Tağızadənin
“Uzaq sahillərdə” (1958) filmidir. İ.Qasımovun
eyniadlı povestinin motivləri əsasında çəkilmiş
film II Dünya müharibəsi zamanı, İtaliyada partizan dəstəsində
döyüşən Mehdi Hüseynzadənin qəhrəmanlıqları
haqqındadır. Demək olar ki, bu filmdən başlayaraq, rəssamın
eskizləri müstəqil bədii dəyər kəsb etməyə
başlamışdır. Başqa sözlə, bu eskizlər
bitkin qrafika əsərləri kimi qəbul oluna bilər.
K.Nəcəfzadənin iştirak
etdiyi ilk filmlərdə artıq rəssamın müşahidə
qabiliyyəti, detallara olan dəqiq, lakin ehtiyatlı diqqəti
özünü büruzə verir. “Bir məhəlləli iki
oğlan” kinolentində rəssam köhnə Bakının
koloritini yaratmağa müvəffəq olmuşdu. Analoji motiv
digər bir əlamətdar filmdə - “Bir cənub şəhərində”
(1969) meydana çıxdı. Bu kinolentdə
qaldırılmış problem 1960-cı illər
üçün səciyyəviydi: sadə insanın şəxsi
psixoloji və mənəvi problemləri ədəbiyyatda,
teatrda, təsviri incəsənətdə çox geniş
yayılmış bir mövzu idi.
Rəssamın bilavasitə boyakarlıq texnikasını virtuoz tərzdə istifadə etməsindən az sonra daha ətraflı söhbət açılacaq. Lakin kinoeskizlərdə də boyakarlıq formasının əsl ustalıq maestriyasını görməmək mümkün deyil. K.Nəcəfzadə böyük ustalıqla bu və ya digər dövrü asanlıqla stilizə edir. Söhbət yalnız predmet sırasından getmir, hansı ki, şübhəsiz, uyğun olan “yerin və zamanın dahisi”-nin əsasını təşkil edir. Burada başqa, daha böyük mövhumdan danışılır ki, bunu müdiriyyətin sadəcə olaraq bir imzası ilə təmin etmək mümkün deyildir. Bu elə bir istedaddır ki, genetik olaraq bəzi insanlara mənsub olur və gərgin əmək bahasına müvəffəqiyyətlə inkişaf edir. Kamil Nəcəfzadə sənəti asanlıqla və çox təbii surətdə lazımi dövrə uyğunlaşır. Sanki onun üçün bu və ya digər dövrün əhval-ruhiyyəsini yaratmaq - nəfəs almaq qədər təbiidir. Məsələn, “Bizi bağışlayın” (1979) filmi üçün yaradılmış (yaxud layihələşdirilmiş) interyerlər.
Kamil Nəcəfzadənin kino yaradıcılığında əsl dramatizmlə dolu bir çox kompozisiyalar vardır. Bu, “Sən niyə susursan” (1966) və “Dörd bazar günü” (1975) filmlərinə aid ayrı-ayrı səhnələrdir. Rəssam dəfələrlə tarixi mövzulu filmlər üzərində işləməli olmuşdu. Bunlar “Səmt küləyi”, “Qızıl uçurum”, “Atları yəhərləmək vaxtıdır” kinolentləridir. Ölkəmizin tarixinin müxtəlif dövrlərinə həsr olunmuş bu filmlər rəssamın qarşısında yeni-yeni məsələlər qoyurdu. Bu məsələlər də çox vaxt tədqiqatçı xarakter daşıyırdı.
Həmçinin, nəzərə almaq lazımdır ki, özünün kinoda çox sıx məşğul olmasına baxmayaraq, K.Nəcəfzadə aktiv və məhsuldar surətdə dəzgah boyakarlığı və qrafika sahəsində işləyirdi. O, Azərbaycanda, Sovet İttifaqının müxtəlif şəhərlərində və xaricində keçirilən müxtəlif sərgilərin iştirakçısı idi.
Xarici tematika K.Nəcəfzadənin yaradıcılığında böyük yer tutur. 1958-ci ildən başlayaraq, rəssam dəfələrlə xarici ölkələrə səfərlər etmişdir. Sonra, o, aldığı təəssüratlara əsasən qrafika və boyakarlıq əsərlərindən ibarət silsilələr yaradırdı ki, onlar Bakıda, Moskvada və digər şəhərlərdə sərgilənirdi.
Rəssam bir çox ölkələrə səfər etmişdir. Onun əsərlərinin içərisində elələri vardır ki, Fransa, İngiltərə, ABŞ, Kanada, Türkiyə, Rumıniya və başqa ölkələrin adamlarını və görkəmli abidələrini əks etdirir. K.Nəcəfzadə 1982-ci ildə Vyetnama səfərini xüsusi rəğbətlə xatırlayırdı.
Elə təsəvvür yaranır ki, rəssam Yer kürəsinin coğrafi cəhətdən bir-birindən uzaq nöqtələrində olarkən sırf görmə informasiyası ilə yanaşı, qeyri-iradi olaraq hansısa bir enerji impulsunu, bir dərəcəni tuta bilirdi. Onun köməyi ilə də müəllifin bədii təfəkkürü bu, yaxud digər yaradıcılıq növünə qoşulurdu.
K.Nəcəfzadə 2011-ci il iyun ayının 29-da qısa sürən xəstəlikdən sonra vəfat etdi. Bu münasibətlə Azərbaycanın Respublikası Prezidentinin imzaladığı nekroloqda deyilir: “Tanınmış rəssam, gözəl pedaqoq və qayğıkeş insan Kamil Nəcəf oğlu Nəcəfzadənin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır”
Cəmilə Həsənzadə,
sənətşünaslıq
doktoru
Mədəniyyət.-
2011.- 1 iyul.- S. 5.