Bir dünya gülüş

 

   Sabit Rəhman - 100

  

   Onun əsərləri səhnəmizə yeni nəfəs, yeni mövzu, sağlam gülüş gətirdi... Onun komediyaları dadı, duzu, istiotu ilə nəsil-nəsil insanları güldürdü...

   O, sənəti ilə zamanın fövqündə dayandı və zamansızlaşdı...

  

   İyunun 29-da Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli nasiri və dramaturqu, Əməkdar incəsənət xadimi Sabit Rəhmanın anadan olmasının 100 illiyinə həsr olunmuş yaddaqalan yubiley gecəsi keçirildi. Sabit Rəhmanın işıqlı xatirəsi gecəni büsbütün işıqlandırdı.

  

   ...70 ilə yaxındır ki, səhnəmizdə “Toy” çalınır, “Xoşbəxtlər” “Aydınlığ”a çıxır, “Nişanlı qız”ların “Hicran”ına son qoyulur, Allah bilir, bəlkə neçənci dəfədir ki, “Əliqulu evlənir”. Bütün bunlar “Yalan” deyil. Həqiqət həm də budur ki, Sabit Rəhman olmasaydı, bu ədəbi incilərin heç biri olmayacaqdı. Bütün bunlarsız Azərbaycan səhnəsinin nə qədər kasıb və kasad olacağını təsəvvür etmək isə o qədər də çətin deyil.

   Yubiley gecəsinin aparıcısı tanınmış teatrşünas, sənətşünaslıq doktoru, professor İlham Rəhimli Sabit Rəhman yaradıcılığından söz açdı. Azərbaycan dramaturgiyasında və teatrında özünəməxsus yeri olan Sabit Rəhmanın ömür kitabını vərəqlədi.

  

   “Toy”

  

   Sabit Kərim oğlu Mahmudov (Sabit Rəhman) 1910-cu il mart ayının 26-da Şəkidə dünyaya gəlib. 1926-cı ildə “Molla Nəsrəddin” jurnalında “Şeyx Samit” imzası ilə dərc olunan felyetonu ədəbiyyat aləminə yeni bir istedadın gəlişindən xəbər verirdi. İllər keçəcək 50-dən çox hekayə, “Vəfasız”, “Son faciə”, “Arzular” povestlərini, “Nina”, “Böyük günlər” romanlarını, “Hicran”, “Ulduz” musiqili-komediyalarını yazacaq Sabit Rəhman daha çox səhnəmizin gülüşü və təbəssümü kimi seviləcəkdi.

   Müasir Azərbaycan komediyasının yaranmasında və inkişafında xüsusi xidmətləri olan Sabit Rəhman 1938-ci ildə “Toy” komediyasını yazır. “Toy” toy kimi qarşılansa da, Sabit Rəhmanın yazdığı “Toy”un əsl mahiyyətini bilmək üçün böyük bir imperiyanın süqutunu gözləmək lazım gəlirdi. Mərhum ədəbiyyatşünas-tənqidçi Yaşar Qarayev yazırdı: “Mən həmişə heyrət edərdim ki, bu qədər şaqraq, şən və şux bir “Toy” “37”-dən dərhal sonra 1938-ci ildə necə meydana çıxa və necə belə ucadan səslənə bilərdi?! Doğrudanmı bu “Toy” - matəmdə bayram, vəba vaxtı işrət” idi?

   Axı, düz yarım əsr biz “Toy”u məhz belə təsvir və təhlil etmişik! Yox, teatr Cavidin və Müşfiqin yasını “Toy”la qeyd edə bilməzdi! Əslində bu toy ölən mənəvi-əxlaqi sərvətlər üçün Sabitin və səhnənin qoşa ittihamı, mövcud əxlaqa və zəmanəyə onların birlikdə tutduğu mənalı, eyhamlı divan və toy idi”.

   Sabit Rəhman dırnaqarası ideal sayılan sovet cəmiyyətinin nöqsanlarını gülə-gülə göstərsə də, əslində bu gülüşün arxasında insan taleyi dayanırdı. Necə ki, özü “Toy” komediyasını yazandan sonra demişdi: “Mən qabaqcadan bilirdim ki, yerim 37-ci ildə tutulan yazıçıların arasında olacaq. Lakin yazıçı borcumu yerinə yetirmək mənə üstün gəldi”.

   Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar gecədə çıxış edərək Sabit Rəhmanın onun üçün doğma bir insan olduğunu bildirdi. “Sabit Rəhman atamın dostu, dostumun atası idi. Onların xatirəsi mənim üçün həmişə əzizdir” - deyərək Sabit Rəhmanın özünəməxsus yaradıcılığından danışdı: “Bəzən deyirlər ki, Sabit Rəhman Azərbaycan sovet komediyasının banisidir, mən deyərdim ki, o, Azərbaycan antisovet komediyasının banisidir. Çünki bütün komediyalarında sovet quruluşunun eybəcərliklərini ifşa edib, qamçılayıb”.

   Bu gün səhnələrdə Sabit Rəhmanın əsərlərinin olmadığından təəssüflənən yazıçı Sabit Rəhmanın pyeslərinin yenidən səhnələrə qayıtmağını arzuladı.

  

   Böyük sənətkar və böyük insan

  

   Sabit Rəhman tək nasir, dramaturq yox, həm də kinossenarist idi. Onun qələmindən çıxan “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Koroğlu”, “Əhməd haradadır” filmlərinin ssenarisi, təsadüfi deyil ki, kinossenarilərimizin ən gözəl nümunələrindən sayılır. Bunu vaxtı ilə “Arşın mal alan” filminin ssenarisini oxuyan Üzeyir bəy Hacıbəylinin Sabit Rəhmana dediyi sözlər də təsdiq edir: “Başqası mənim gülüşlərimi hoqqabazlığa çevirə bilərdi, amma sən gülüşlərimə ekran üçün can vermisən”.

   Böyük sənətkar olmaqla yanaşı, Sabit Rəhman böyük insan idi. O, hər zaman yaxşı dostlarının olması ilə özünü xoşbəxt sayardı. Xalq şairi Rəsul Rza onun barəsində yazırdı: “ Sabit mənim üçün hər şeydən əvvəl insani dostluq mücəssəməsidir. Necə deyərlər, can bir qəlbdə dostuq. İndiyə kimi bizim dostluğumuza kiçik bir ləkə düşməyib. Mən fəxr edirəm ki, Sabit kimi bir dostum var”.

  

   Aktyorlar üçün yaradıcılıq çeşməsi

  

   Bütün görkəmli dramaturqlar kimi Sabit Rəhman da teatra bağlı bir insan idi. Onun yaradıcılığı aktyorlar üçün yaradıcılıq çeşməsi sayılırdı. Sabit Rəhmanın tamaşalarında Mirzəağa Əliyev, Sidqi Ruhulla, İsmayıl Osmanlı, Mövsüm Sənani, Ağasadıq Gəraybəyli, Hökümə Qurbanova, Barat Şəkinskaya, Süleyman Ələsgərov kimi qüdrətli sənətkarlar iştirak edirdi. Xalq yazıçısı İlyas Əfəndiyevin təbirincə desək, Sabit Rəhman və Azərbaycan teatrı - bu iki anlayış arasında sıx bir yaxınlıq vardı.

   Gecədə Sabit Rəhmanın əsərləri əsasında müxtəlif teatrların səhnəsində hazırlanan “Toy”, “Xoşbəxtlər”, “Əliqulu evlənir”, “Hicran”, “Nişanlı qız”, “Yalan” tamaşalarından parçalar, Sabit Rəhmanın ssenari müəllifi olduğu “Ulduz” və “Əhməd haradadır?” filmlərindən fraqmentlər göstərildi.

  

   “Küləklər”...

  

   ...İllər arxada qalmışdı. Sabit Rəhman yaradıcılığını büsbütün komediya janrına həsr etmişdi. Kifayət qədər tanınır və sevilirdi.

   1970-ci ilin sentyabr ayında teatrda “Küləklər” komediyasının məşqləri gedir, özü isə 60 illik yubileyinə hazırlaşırdı. Ancaq “Toy”dan başlanan yolda “Küləklər” əsdi. O, “Vəfasız” olmasa da, dünya ona vəfasız oldu. “Küləklər” komediyasını görmək ona nəsib olmadı. Sabit Rəhmanın iş otağında saatın əqrəbləri sanki donub, həmişə 3-ə 15 dəqiqə qalmışı göstərir - Sabit Rəhmanın dünyadan ayrıldığı vaxtı...

   Yubiley gecəsində tanınmış rejissor, Xalq artisti Ağakişi Kazımov, kinoaktyor Elxan Qasımov Sabit Rəhmanın həyat və yaradıcılığından söz açdılar. Yubilyarın nəvəsi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, musiqişünas Ceyran Mahmudova Sabit Rəhmanın ailəsi adından gecənin təşkilatçılarına, qonaqlara öz təşəkkürünü bildirdi. Gecədə yubilyarın oğlu Emin Sabitoğlunun musiqilərindən istifadə olundu.

   Xatırladaq ki, yubiley gecəsinin ssenari müəllifi Əməkdar mədəniyyət işçisi Atababa İsmayıloğlu idi.

   Gülməyi və güldürməyi bacaran Sabit Rəhman dünyasını dəyişəndən sonra belə ənənəsinə sadiq qalaraq, əsərləri ilə insanları güldürməyi, sənəti, fitri istedadı, uzaqgörənliyi ilə zamanın fövqündə dayanmağı bacardı.

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2011.- 1 iyul.- S. 6.