Teatr
bayramına çevrilən festival
Lənkəranda keçirilən teatr festivalı bir həftə
ərzində tamaşaçılara əsl bayram sevinci
yaşatdı və bu festival bir daha sübut etdi ki, teatrı
sevmək azdır, teatrı daha çox sevmək
lazımdır. Festival barədə təəssüratlar, rəylər,
fikirlər isə xeyli zəngindir.
İyunun 21-də Lənkəranda
start götürən “Yeni teatr” II Respublika festivalının
iyunun 27-də təntənəli bağlanış mərasimi
oldu. Yekunda Akademik Milli Dram Teatrı rejissor Bəhram Osmanovun
quruluşunda Hüseynbala Mirələmovun Qarabağ
mövzusunda qələmə aldığı “Xəcalət”
tamaşasını teatrsevərlərə təqdim etdi.
“Yeni teatr” II Respublika festivalı
birinci teatr festivalından nə ilə fərqləndi,
hansı yeniliklərlə yadda qaldı,
tamaşaçılar tərəfindən necə
qarşılandı? Bu suallarla festivalda iştirak edən
mütəxəssislərə, sənət adamlarına
müraciət etdik.
“Festival
barədə təəssüratlarım çox müsbətdir”
Sənətşünaslıq
doktoru, professor Məryəm Əlizadə:
- Festival bayram olmaqla yanaşı həm
də çox ciddi işdir, bir növ hesabatdır. Bir həftə
ərzində respublikanın müxtəlif bölgələrində
fəaliyyət göstərən dövlət
teatrlarının tamaşalarına baxdıq. Maraqlıdır
ki, repertuarda klassik dramaturgiyamızla yanaşı, müasir Azərbaycan
və dünya dramaturgiyasının da nümunələri
vardı.
Bu festivaldan çox nikbin
ayrılıram. Ona görə ki, yaxşı
tamaşaların şahidi oldum, maraqlı rejissor işləri,
gözəl aktyor ifaları gördüm.
Mən növbəti “Yeni teatr” III
Respublika festivalından ilk növbədə festivalın
adına, formatına uyğun gələn yeni tamaşalar, daha
çox gənclərimizin - gənc rejissorların, gənc
aktyorların cəsarətli işlərini, dramaturgiyada yeni
adlar gözləyirəm.
Festivalda 13 teatr bir-birindən
yaxşı tamaşalar göstərdi, ancaq ümid edirəm
ki, III teatr festivalında qarşıya qoyduğumuz sırf sənətkarlıq
tələblərinə daha da əməl olunacaq, kəmiyyətdən
çox keyfiyyətə önəm veriləcək. Teatrlarımızda
olan yaradıcı heyətin gücü, potensial imkanları
bu işin öhdəsindən gəlməyə əsas verir.
Onu da qeyd edim ki, Lənkəranda
teatrı sevən, teatrı incə şəkildə duyan
tamaşaçılar var, onlar tamaşanı elə məqamlarda
alqışlayırdılar ki, məhz bu yerdə
alqışlamaq lazım idi. Hər tamaşada zal
ağzınacan dolu olurdu, səhnədə də elə bil
aktyorların paradı idi. Bir daha şahidi olduq ki, Azərbaycan
teatrında çox maraqlı aktyorlar var. Biz bu sənətkarları
- aktyorlarımızı, rejissorlarımızı,
yaradıcı potensialımızı milli sərvətimiz
kimi qorumalıyıq.
“Tamaşaçını
qazanmaq lazımdır”
Yazıçı-dramaturq Əli Əmirli:
- “Yeni teatr” festivalında ikinci dəfədir iştirak edirəm. Bu festivalda göstərilən tamaşalar Gəncədə göstərilən tamaşalardan keyfiyyət baxımından daha üstün, daha keyfiyyətli, daha müasir, daha yaxşıdır. Bu mənada əlbəttə ki, irəliləyiş, yenilik var və mən bunu alqışlayıram.
Festivalın bir üstün cəhəti də ondan ibarətdir ki, bölgələrimizdə yaşayan insanlar başqa teatrların tamaşalarına baxmaq imkanı qazandılar. Təbii ki, Lənkəran tamaşaçısının Mingəçevirdə, Gəncədə oynanılan tamaşalara baxmaq imkanı azdır. Azərbaycanın ən tanınmış teatrları bir həftə ərzində bir bölgədə tamaşa göstərirsə, istər-istəməz burada yaşayan insanlar teatr həyatı ilə yaxından tanış olmaq imkanı qazanırlar.
Sevindirici haldır ki, əgər Gəncədə I teatr festivalında biz bir neçə teatrın zəif tamaşasına baxmışdıqsa, II teatr festivalında buna rast gəlmədik. Festivalla bağlı mənim öz təkliflərim var. Hesab edirəm ki, növbəti teatr festivalında iştirak hüququ qazanılması məsələsinə bir daha baxılmalıdır. Seçim olmalıdır ki, kimlər, hansı tamaşanı festivala təqdim edəcək. Bunun üçün əvvəlcədən tamaşanı diskə yazdırıb münsiflərə təqdim etməli, münsiflər də tamaşaya baxıb ümumi fikrə gəlməlidir ki, bu tamaşa festivalda iştirak etsin, ya yox. Festivalda ancaq yüksək səviyyəli tamaşalar göstərilməlidir.
Bir həftə ərzində hər gün iki tamaşa göstərilirdi və tamaşalar anşlaqla keçirdi. Mən tamaşaçılardan çox razı qaldım. Tamaşaçını qazanmaq lazımdır. Əgər tamaşaçısı yoxdursa, əgər tamaşaçı gəlib tamaşanı bəyənməyib çıxıb gedirsə, istənilən halda teatr təqsirkardır. Teatr özü-özü üçün lazım deyil, teatr tamaşaçı üçün lazımdır.
“Festival teatr aləmini
canlandırır”
Teatr Xadimləri İttifaqının məsul katibi, teatrşünas Kəmalə Cəfərzadə:
- “Yeni teatr” festivalının adı əslində ölkəmizdə teatr sahəsindəki yeniləşmələrdən xəbər verir. Hər şeydən öncə festival bayram deməkdir, bu bayram baş tutdu, biz bir həftə ərzində 13 teatrın festivala təqdim etdiyi tamaşalara baxdıq. Repertuarda kifayət qədər rəngarənglik vardı, tamaşaların səviyyəsi yüksək idi və bu da festivala marağı daha da artırırdı.
Festival əslində teatr sənətinin bayramı idi və biz şahidi olduq ki, müxtəlif səbəblərdən görüşə bilmək imkanı olmayan teatr kollektivləri, uzun illər bir-birini görə bilməyən sənətçilər bu bayramda bir-biri ilə görüşdülər, sənət sevinclərini paylaşdılar. Vətənimizin bu gözəl guşəsində insanlar teatra böyük coşqu ilə gəldilər və bütün bunlar bölgələrdə aparılan uğurlu mədəniyyət siyasətindən xəbər verirdi.
Teatr festivalları teatr aləmini canlandırır, teatrı insanlara daha da yaxınlaşdırır. İstərdim ki, belə festivallar davamlı olsun, teatr sənətinin təbliği və inkişafına öz töhfələrini versin.
“Nəticə göz
qabağındadır”
Əməkdar incəsənət xadimi Bəhram Osmanov:
- “Yeni teatr” festivalının məqsədi Azərbaycanda fəaliyyət göstərən teatrları vahid bir məkana toplamaq, tamaşalara baxmaq, müzakirə eləmək və beləliklə, teatrların ümumi mənzərəsi barədə ümumi fikir söyləməyə imkan yaratmaqdır.
Festivalda iştirak edən teatrların tamaşalarına baxdım, iki illik fasilədən sonra birinci festivalda daha çox tənqidə məruz qalan teatrların bu dəfə öz işlərinə daha ciddi yanaşdıqlarının, daha layiqli tamaşalarla festivala gəldiklərinin şahidi oldum. Nəticə göz qabağındadır. İnanıram ki, “Yeni teatr” III Respublika festivalından sonra dördüncü festivalı beynəlxalq festival kimi keçirmək imkanımız olacaq.
Birinci festivalda mənim dörd tamaşam nümayiş olunurdu, bu dəfə müxtəlif teatrlarda quruluş verdiyim üç tamaşa - Nodar Dumbadzenin “Mən, nənəm, İliko və İllarion” (Mingəçevir Dövlət Dram Teatrı), Nikolay Qoqolun “Evlənmə” (Azərbaycan Dövlət Musiqili Komediya Teatrı) və Hüseynbala Mirələmovun “Xəcalət” əsəri əsasında hazırladığım “Xəcalət” tamaşası (Akademik Milli Dram Teatrı). Bu bəlkə də təsadüfdür, bəlkə də mənim hər bir teatra olan sevgimlə, hörmətimlə əlaqədardır. Çünki mən rejissorluğa başlayan ilk günlərdən paytaxtdan daha çox bölgə teatrlarında tamaşalar hazırlayırdım. Orada olan aktyorların, rəssamların azacıq inkişafında mənim hazırladığım tamaşalar rol oynayıb.
Qismət olsa, “Yeni teatr” III Respublika festivalında daha maraqlı tamaşalarla çıxış edəcəyik.
“Sənətin təsiredici qüvvəsi
daha çoxdur”
Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin Teatr sektorunun baş məsləhətçisi Vəfa Novruzova:
- “Yeni teatr” II Respublika festivalı iyunun 21-dən Lənkəranda start götürdü. Nazirliyin İncəsənət şöbəsinin Teatr sektorunun müdiri Naidə İsmayılzadə və mən iyunun 20-dən artıq burada idik. Açılış mərasiminin məsuliyyətini sözsüz ki, öz üzərimizə götürmüşdük. Lənkəran Dram Teatrının rəhbərliyinin də burada böyük rolu olduğunu qeyd etməliyəm. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev festivalın açılış mərasimində çıxış edərək, müasir Azərbaycan teatrının ümumi mənzərəsindən, nailiyyətlərindən söz açdı, festivalın məramı, məqsədi barədə teatrsevərlərə ətraflı məlumat verdi.
Festival müddətində hər gün iki tamaşa nümayiş olundu. Lənkəran tamaşaçıları bu tamaşalara gəlib baxdılar və sevindirici haldır ki, festival əsl teatr bayramına çevrildi. Bir həftə ərzində maraqlı, janr etibarı ilə rəngarəng tamaşalar göstərildi.
Hər bir canlı sənətin təsiredici qüvvəsi daha çoxdur. Teatrın missiyası da bundan ibarətdir ki, tamaşaçı ilə canlı ünsiyyətdə olsun. Biz Gəncədə də o ünsiyyətin bəhrələrini gördük, Lənkəranda da insanların teatra axınının şahidi olduq. Musiqili Komediya Teatrının “Evlənmə” tamaşasına o qədər tamaşaçı gəlmişdi ki, zaldakı qədər tamaşaçı bayırda qalmışdı. İmkanım olsaydı teatrın divarlarını bir az genişləndirərdim ki, o insanlar tamaşaya baxa bilsinlər.
Azərbaycanın milli teatr ənənələrini qoruyub saxlamaqla yanaşı regionlarda teatr sənətini inkişaf etdirmək, insanlara sevdirmək artıq bir ənənəyə çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan teatrı 2009-2019-cu illərdə\" Dövlət Proqramının tədbirlərinə əsasən iki ildən bir “Yeni teatr” Respublika festivalı regionlarda davam edəcək və mənə elə gəlir ki, üçüncü teatr festivalı daha maraqlı olacaq.
Təranə Vahid
Mədəniyyət.-
2011.- 1 iyul.- S. 8.