Kinoda qrim
Teatr və digər sənət sahələrindən
fərqli olaraq kinoda qrim operator texnikası, kinoplyonkanın həssaslığı,
məkanın işıqlandırılmasından
asılıdır. Teatr
və ya səhnə qrimi adətən şərti xarakter
daşıyır. Kinoda isə iri planları nəzərə
alaraq qrim daha dəqiq olmalıdır.
Kinoda texnikanı bilmək və
işıqlandırmanı nəzərə almaqla bərabər
tamaşaçını obraza inandırmaq qrim
ustasının məsuliyyətindən xəbər verir. Bütün
bunlar qrim texnologiyasına dərindən yiyələnmək və
daim yeniliklərdən agah olmaq deməkdir. Sürətli
inkişafda olan zamanın tempini tutan kinoda janrların
çoxluğu dünya qrim sənətinin də durmadan yenilənməsini
tələb edir.
Azərbaycanda da kino sənətinin
inkişafı qrimdən yan ötmür. Bəzi filmlərdə
yerli qrim ustaları ilə yanaşı xarici ölkələrdən
dəvət olunmuş mütəxəssislər
çalışır. Bu da öz növbəsində
mübadiləni təmin edir, dünya təcrübəsini bir
növ kinomuza gətirir. Azərbaycanda sırf qrim sənəti
ilə bağlı hər hansı təhsil müəssisəsi
olmadığından gənclər bu sənətin özəlliklərini
öncəkilərdən şəxsi təcrübə əsasında
öyrənirlər.
Qrim əsl
yaradıcı sənətdir
Uzun illər kinostudiyada
çalışan qrim ustası Elbrus Vahidov bu sənətə
təsadüf nəticəsində gəlməsinə
baxmayaraq qrimə olan bağlılığından
danışdı:
“İlk dəfə qrim sənətinə
gəlməyim “Nəsimi” filmi ilə başladı. Qrim
ustası Volodya Bereznikovun yanında şagird kimi öyrənirdim.
Daha sonra “Yeddi oğul istərəm”, “Axırıncı
aşırım” filmlərində köməkçi kimi
çalışdım. İlk müstəqil işim Rasim
Ocaqovun “Tütək səsi” filmi oldu və demək olar ki,
Rasim Ocaqovun bütün filmlərində qrim ustası kimi
işləmişəm.
Bu sənətə gəlməyim təsadüf oldu. O vaxtlar Odessa və Moskvada Bədii Teatr Məktəbi var idi. Orada 4 il oxumaq lazım gəlirdi. Lakin mənim bəxtim gətirdi. Uşaqlıqdan rəssamlıqla məşğul idim. Əzim Əzimzadə adına məktəbdə təhsil alırdım. Lakin bu sənət üzrə ali təhsilimi davam etdirə bilmədiyimdən işləmək üçün kinostudiyaya gəldim və Adil İsgəndərov məni qrim studiyasına məsləhət gördü. Baxmayaraq ki, sonralar da bu sənət üzrə ali təhsil almadım, qrimdə özümü tapdım. Bu illər ərzində yanımda bir neçə tələbə qrim ustaları da yetişib. Onlardan müxtəlif studiyalarda çalışanlar, hətta xarici ölkələrdə bu sahə üzrə işləyəni də var. Deyim ki, qrim rəssamlıqla, yaradıcılıqla sırf bağlı sahədir. Gənclərdən qrimlə maraqlanan varsa, bildirim ki, peşəkar qrim ustaları yanında öyrənməklə yanaşı güclü fantaziyaya malik olmaları da əsas göstəricilərdəndir”.
Hazırda Mirzə Fətəli Axundzadə haqqında çəkilən “Sübhün səfiri” bədii filminin hazırlıqları gedir. Elbrus Vahidov deyir ki, mübahisələr, məsləhətləşmələr olur: “Biz qrimi edirik. Sonra rejissoru, ikinci rejissoru, operatoru dəvət edirik və məsləhətləşirik. Artıq nə var, onların bəyəndiyi və xoşlamadığı məqamları müzakirə edirik.
Hərdən aktyorun öz fikrinə də yer ayırmalı oluruq. Bir məqamı da qeyd edim ki, aktyor nə qədər təcrübəli, nə qədər yetkindirsə, onunla işləmək bir o qədər asandır. Hər birimiz bilirik ki, hərə öz işi ilə məşğul olmalıdır. Gənc aktyorlarla bir qədər çətinliklər olur. Hər kəs gözəl görünmək istəyir. Ancaq bu düzgün yanaşma deyil”.
Elbrus Vahidovun kinostudiyada bu sənətin incəliklərini öyrətdiyi və hazırda “Sübhün səfiri” bədii filmində onunla birgə çalışan qrim ustası İradə Gülbabayeva da qrimin əsl yaradıcı sənət olmasını vurğuladı:
“Qrimə gələn insanda yaradıcılıq qabiliyyəti olmalıdır. Həmçinin qrim səbir tələb edən bir işdir. Mən uşaqlıqdan xalça toxuyurdum. Daha sonra saç ustası və makiyaj sənətinə yiyələndim. Kinoya ilk gəlişim 2005-ci ildə iranlılarla birgə çəkilən “Arzular” filmi oldu. O filmdə geyimdə dərzi işləyirdim. Sonra “Hökmdarın taleyi” filminə dərzi kimi dəvət aldım. Ondan öncə isə parik toxumağı öyrəndim. Çünki “Arzular” filmindən sonra məndə qrim sənətinə böyük maraq yaranmışdı. Növbəti dəfə “Cavad xan” filmində qrim ustası kimi işlədim. Tarixi film olduğundan üzərimizə düşən vəzifə də çox ağır idi və məsuliyyət tələb edirdi. Ondan sonra qrim ustası kimi bədii filmlərdə çalışmağa başladım.”
İradə xanım “Sübhün səfiri” bədii filmində 80-ə yaxın obraz olduğunu bildirdi. Portret obrazlarının çox olması işi daha da maraqlı etdiyini bildirdi.
Fantaziya və səbir...
Qrim sənəti çətin olduğu qədər də maraqlıdır. Əgər filmdə zaman fərqi varsa, obrazları bir neçə dəfə dəyişmək lazım gəlir. Bu yanaşma yaradıcılıq baxımından da zövqvericidir. Qocaldıqca saçın seyrəlməsi, üz cizgiləri - bütün bunlar düzgün qrim tələb edir. Həmçinin yaradıcı yanaşmanın mütləq olduğunu göstərən məqamdır.
İradə xanım deyir ki, səbir və enerji bizim işin əsasıdır:
“Azərbaycanda qrim sənətini öyrədən kurs, məktəb və s. bu tipli yer yoxdur. Lakin sənət elədir ki, onun sonu yoxdur. Günbəgün dərinləşir, axtarış tələb edir. Obraz ətrafında düşünməli, ona təbiilik bəxş etməlisən. Buna görə də bu sənəti seçən insandan çox şey asılıdır. Əgər məqsəd bu sənətə tam yiyələnməkdirsə, buna nail olmalısan. Tamamlanmaq üçün dünya təcrübəsinə də nəzər salmalı, nəyin olub olmadığını daim izləməlisən. Gənclərin qrimə münasibəti də birmənalı deyil. Bəziləri bunun sadəcə makiyaj və saçdan ibarət olduğunu zənn edir.
Filmdə yaralar, kəsiklər etmək lazım gəlir. Təbii ki, bu zaman müəyyən axtarışlar etməli və müəyyən ləvazimatları da əldə etməli oluruq. Həmçinin edilən yara və ya kəsiyin təbii, reallıqda olduğu kimi alınması bütövlükdə filmə təsirsiz ötüşmür”.
Kinoda istənilən iş rejissor nəzarətində olduğundan onun obraza münasibəti də önəmlidir. Bu baxımdan qrim ustası rejissorun münasibətini mütləq nəzərə almalıdır. Həmçinin edilən qrimdə aktyorun özünü rahat hiss etməsi də vacibdir. Çünki yaratdığı obrazla tamlıq yaranmalıdır.
Qrim sənəti yaradıcılıq, fantaziya tələb etdiyi qədər də səbirli olmağı istəyir. Kino kollektiv sənət olduğundan, ortaya çıxan məhsul kütlə üçün nəzərdə tutulduğundan informasiyanı olduği kimi - dolğun və təbii çatdırmaq gələcəkdə obraza olan tamaşaçı münasibətini formalaşdıracaq. Qrimin kinoda rolu bütünlükdə onun estetikasına təsir edə bilən amil kimi qiymətləndirilir.
Reyhan İsayeva
Mədəniyyət.-
2011.- 1 iyul.- S. 11.