Mədəni əməkdaşlığa
töhfə
Rusiya
İnformasiya-Mədəniyyət Mərkəzi bir sıra
layihələr həyata keçirir
Azərbaycanın bir sıra dövlətlərlə, o cümlədən Rusiya ilə qarşılıqlı dostluq münasibətləri dinamik şəkildə inkişaf edir. Şimal qonşumuzla hərtərəfli, xüsusilə mədəni əlaqələrin inkişafını təcəssüm etdirən çoxsaylı nümunə göstərmək olar. Belə nümunələrdən biri də Azərbaycanda fəaliyyət göstərən Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) və ya «Rossotrudniçestvo»nun nümayəndəliyidir.
Bakıda bu qurum 2009-cu il martın 12-də fəaliyyətə başlayıb. 2011-ci il yanvarın 22-də isə mərkəzin müasir avadanlıqlarla təchiz olunmuş, müasir standartlara uyğun olan yeni binası istifadəyə verilib.
Qeyd edək ki, qurumun fəaliyyətində prioritet istiqamətlərdən biri də mədəni əməkdaşlıqdır.
Mərkəzin rəhbəri filologiya elmləri doktoru, professor Ənvər Şeyxovun sözlərinə görə, «Rossotrudniçestvo»nun məqsədi Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə xidmət etməkdir: «Dünyanın 80 ölkəsində belə mərkəzlər fəaliyyət göstərir. Bu mərkəzlərin əsas məqsədi böyüməkdə olan nəsli dostluq ruhunda tərbiyə etməkdir və biz də ənənəvi dostluq əlaqələrinin möhkəmlənməsinin tərəfdarıyıq”.
Mərkəzin fəaliyyəti Azərbaycanla Rusiya Federasiyası arasında mədəni, təhsil, elmi-texniki və informasiya əlaqələrinin inkişafına yönəlib.
Qurumun əsas vəzifəsi isə Azərbaycan ictimaiyyətini Rusiyanın müxtəlif sahələrdə qazandığı uğurlarla, onun mənəvi irsi, zəngin elmi və mədəni potensialı ilə tanış etməyə, eləcə də ikitərəfli mədəni, təhsil, elmi-texniki proqramların, işgüzar əlaqələrin genişlənməsinə kömək etməyə, rus dilinin tədrisinin dəstəklənməsinə, qeyri-hökumət təşkilatları və dostluq cəmiyyətləri ilə qarşılıqlıı əlaqələrə istiqamətlənib.
Bu hədəfləri həyata keçirməkdən ötrü binada müxtəlif bölmələr fəaliyyət göstərir, çoxsaylı layihələr reallaşdırılır, tədbirlər keçirilir.
«Azərbaycan incəsənəti
xalqlarımızı yaxınlaşdırır»
Qeyd etdiyimiz kimi, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin fəaliyyətinin əsas istiqamətlərindən biri də mədəni əməkdaşlıqdır. Bu baxımdan Bakının mərkəzində ucaldılan 5 mərtəbəli bina Rusiyanın tarixi, onun müasir vəziyyəti, mədəniyyəti ilə tanış olmaq üçün böyük imkanlar yaradır. Mərkəz texnikanın son nailiyyətləri səviyyəsində çox böyük və zəngin informasiya fondları ilə təchiz olunub. Burada kino-konsert, konsert-sərgi və konfrans salonları, kitabxana fəaliyyət göstərir. RİMM-də rus dili tədris-metodik mərkəzi, linqafon kabinetləri, distant təhsil, innovasiya əməkdaşlıq mərkəzləri fəaliyyət göstərir.
Mərkəzin konsert-sərgi zalının divarlarında Azərbaycan-Rusiya dostluğunu, ikitərəfli əlaqələri əks etdirən şəkillər asılıb. Ə.Şeyxovun sözlərinə görə, bu məkanda müntəzəm şəkildə fotosərgi, dekorativ-tətbiqi sənət əsərlərinin sərgisi ilə yanaşı, bayram tədbirləri, tanınmış mədəniyyət, incəsənət nümayəndələri, yazıçı və ədəbiyyatçıların iştirakı ilə ədəbi-musiqili gecələr keçirilir, «Rossotrudniçestvo»nun keçirdiyi müsabiqələrin qalibləri mükafatlandırılır: «Azərbaycanda bir sıra qurumlarla əməkdaşlıq edirik. Mədəniyyət və Turizm Nazirliyi bizim əsas tərəfdaşlarımızdan biridir. Ölkənizdə rus dilinə, rus ədəbiyyatına sevgi var və bunun üçün heç bir təbliğat lazım deyil. Biz sadəcə olaraq Rusiya mədəniyyəti, ədəbiyyatı ilə maraqlanan insanlara imkanlar yaradırıq».
«Azərbaycan incəsənəti xalqlarımızı yaxınlaşdırır», deyən Ə.Şeyxov buna misallar da gətirir: «Mərkəzdə təkcə Rusiya deyil, azərbaycanlı rəssamların, fotoqrafların da sərgisi keçirilir, yazıçılarla görüşlər təşkil olunur. Məsələn, burada Rusiyada təhsil alan Azərbaycan rəssamlarından Tahir Salahov, Mikayıl Abdullayev, Mirnadir Zeynalov və başqalarının əsərlərinin sərgisini təşkil etmişik».
Sərgi salonunda qoyulmuş iri ekranlarda isə təhsil proqramlarının təqdimatı keçirilir.
Xüsusi qurulmuş konfrans zalında dəyirmi masalar, konfranslar, yeni kitabların təqdimatı olur. Kinokonsert zalında qurulmuş xüsusi texniki avadanlıqlar isə Rusiya filmlərinin nümayişi və onun müzakirəsi üçün gözəl imkan yaradır. Burada konsert və tamaşalar nümayiş etdirmək üçün səs təchizatı qurulub. Eyni zamanda bu bölmədə xoreoqrafiya studiyası ilə yanaşı, aktyor-ustalıq kursları üçün şərait yaradılıb. Məsələn, Azərbaycan Xalq artisti Aleksandr Nikuşin burada natiqlik sənəti kursu aparır. Konsert-sərgi salonunda tez-tez azərbaycanlı müğənnilərin konsertləri təşkil olunur.
Mərkəzin açılış mərasimi çərçivəsində isə burada Rusiyada təhsil almış Azərbaycan rəssamlarının - Tahir Salahov, Ömər Eldarov, Səttar Bəhlulzadə, Elbəy Rzaquliyev, Böyükağa Mirzəzadə, Nadir Əbdülrəhmanov və Nadir Qasımovun əsərlərindən ibarət sərgi açılıb.
Zəngin kitabxana fondu
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Rusiya mədəniyyətini Azərbaycanda təbliğ edən bölmələrdən biri də kitabxanadır. Bu bölmənin kitab fondunda 2500-ə qədər kitab var. Kitabxanada rus və xarici klassiklərin əsərləri, Rusiya tarixinə və mədəniyyətinə aid kitablar, müxtəlif mövzular üzrə ensiklopediya və sorğu ədəbiyyatı, habelə Azərbaycan və Rusiya dövri nəşrləri geniş təmsil olunub.
Oxucuların kompyuterlərdən də istifadə etmək imkanları var. Belə ki, onların ixtiyarında kitabların elektron versiyası, öyrədici, məlumat proqramları, sənədli və bədii filmlərin yer aldığı 4 min disk verilir. Söhbət əsnasında bəlli oldu ki, bu kitablardan və disklərdən ancaq oxu zalında istifadə etmək mümkündür. Kitabxananın oxucularına gəlincə, çoxluğu azərbaycanlılar təşkil edir. Burada Azərbaycan Respublikası Prezident Administrasiyası yanında Prezident kitabxanasının təqdim etdiyi kitablar əsasında Azərbaycan bölməsi yaradılıb. Kitabxanada həmçinin B.N.Yeltsin adına Prezident kitabxanasının elektron oxu zalı da fəaliyyət göstərir.
"Rus muzeyi: virtual filial"
Mərkəzdə diqqətçəkən bölmələrdən biri Dövlət Rus Muzeyinin ən yeni multimedia layihəsi - "Rus muzeyi: virtual filial" informasiya-təhsil mərkəzidir. Ə.Şeyxovun sözlərinə görə, hazırda dünyada bu cür 79 mərkəz fəaliyyət göstərir: «Onlardan 56-sı Rusiyada, 23-ü isə xarici ölkələrdədir. Layihə maarifçilik-elektron-rəqəmsal və mətbu materiallardan sərbəst istifadə edilməsi yolu ilə geniş auditoriyanı rus mədəniyyətinin dəyərləri, Rusiyanın tarixi keçmişi ilə tanış etmək, eləcə də layihə iştirakçıları arasında vahid mədəni-informasiya məkanı formalaşdırmaq məqsədlərini həyata keçirməkdir. Hər il genişləndirilən mediatekada (Rus Muzeyinin multimedia proqramlarının və videofilmlərin vahid bazasında) rus təsviri incəsənətinin tarixinə aid 200-ə yaxın film və proqram var.
Bütün lazımi avadanlıqla təmin olunmuş mərkəzin metodik fənn kabinetlərində isə rus dili tədris olunur.
Ənənəvi tədbirlər məkanı
«Rossotrudniçestvo» həm də müxtəlif təşkilatların tədbirlərinə ev sahibliyi edir. Burada xeyriyyə bazarları da təşkil olunur. Məsələn, Azərbaycan sənətkarlarının rəsm əsərlərinin, xalçaların satış-sərgisindən əldə edilən gəlirdən 1 saylı uşaq evinə televizor alınıb.
Bundan əlavə, mərkəzdə tanınmış rus mütəfəkkirlərinə və yazıçılarına həsr olunmuş tədbirlər keçirilir, dəyirmi masalar təşkil olunur. Burada həmçinin Bakıda çalışan rus dili müəllimləri üçün metodik toplantılar da keçirilir ki, bunun üçün müasir standartlara uyğun zal yaradılıb.
Ə.Şeyxov maraqlı bir məqamı da vurğuladı ki, hər il bir hadisəyə həsr edilmiş tədbir keçirilir: «Məsələn, bu il keçirdiyimiz tədbirlər ilk kosmonavt Yuri Qaqarinə həsr olunub. Bununla bağlı məktəblərdə olimpiadalar keçirildi, kosmosa həsr olunmuş şeirlər oxundu və s. Ötən il keçirilən tədbirlər faşizm üzərində qələbənin 65 illiyinə həsr olunmuşdu».
Buradakı innovasiya əməkdaşlığı mərkəzi isə mərkəzin innovasiya əməkdaşlığının müasir təqdimatı əsasında qurulub.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri ölkələrimiz arasında mübadilə proqramlarını reallaşdırdıqlarını da diqqətə çatdırdı: «Teatrlarımız arasında mübadilə qastrolları keçiririk».
Son olaraq qeyd etmək olar ki, Azərbaycanla Rusiya arasında qarşılıqlı mədəni təsirlərin mövcudluğu danılmazdır. XX əsr ərzində ölkəmiz Rusiya mədəniyyəti ilə tanış olmaqla bərabər, bu məkana öz töhfələrini də verib. Sevindirici haldır ki, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi bu gün də bu münasibətlərin qorunub-saxlanmasında bir vasitə rolunu oynayır. Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri Sergey Narışkinin sözləri ilə desək, bu gün, əlbəttə, həm Rusiya, həm də Azərbaycan elmi, mədəni, təhsil əlaqələrinin, informasiya mübadiləsinin genişləndirilməsində eyni dərəcədə maraqlıdır. Şübhəsiz, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi bu işdə əlindən gələni edəcək.
Mehparə
Mədəniyyət.-
2011.- 1 iyul.- S. 13.