Dünya azərbaycanlıları Bakıda
toplanıb
Müxtəlif ölkələrdə
Azərbaycanı tanıdan, mədəniyyətimizi, incəsənətimizi
uğurla təmsil edən soydaşlarımız mötəbər
qurultayda bir araya gəliblər
İyulun 5-də Bakıda, Heydər
Əliyev Sarayında Dünya azərbaycanlılarının
III qurultayı keçirilib. Qurultayın
açılışında bildirilib ki, Dünya azərbaycanlılarının
III qurultayının Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpasının 20-ci
ildönümünə təsadüf etməsi tədbirin
ictimai-siyasi məzmununu daha da zənginləşdirir.
Qeyd edək ki, Dünya azərbaycanlılarının
I qurultayı 2001-ci il noyabrın 9-10-da ümummilli lider Heydər
Əliyevin sərəncamı ilə keçirilib. Qurultay
xaricdəki soydaşlarımızın azərbaycançılıq
ideyası ətrafında sıx birləşərək təşkilatlanması
baxımından tarixi əhəmiyyət kəsb edib, milli
diaspor hərəkatının inkişafında yeni mərhələnin
başlanğıcını qoyub. Prezident İlham Əliyevin
sərəncamı ilə 2006-cı il martın 16-da Bakıda
keçirilmiş Dünya azərbaycanlılarının II
qurultayı milli diasporumuzun inkişafında yeni mərhələ
açıb. Ötən beş ildə müxtəlif ölkələrdə
100-dən çox yeni diaspor təşkilatı
yaradılıb.
III qurultayda 42 ölkədən
seçilmiş 600 nümayəndədən 579 nəfəri,
habelə dünyanın 30 ölkəsindən 211 nəfər
qonaq qismində iştirak edib. Azərbaycan Respublikasının
dövlət və hökumət strukturları, qeyri-hökumət
təşkilatları, elm, təhsil, mədəniyyət və
digər yaradıcı qurumlar və siyasi partiyalardan 677
nümayəndə və 405 qonaq qurultayda iştirak edir.
Qurultaya ümumilikdə 13 ölkənin parlamentindən 37
deputat qatılıb. Dünya azərbaycanlılarının
III qurultayının iştirakçıları arasında
vaxtilə Azərbaycanda yaşamış yəhudi, rus,
ukraynalı, bolqar, ahıska türkü və digər
xalqların xarici ölkələrə miqrasiya etmiş təmsilçiləri
də var. Bakıda bir araya gələn soydaşlarımız
arasında tanınmış mədəniyyət, elm xadimləri,
Azərbaycanı dünyada layiqincə tanıdan, təbliğ
edən sənət adamları da var.
Azərbaycan prezidenti İlham Əliyev
qurultayda nitq söyləyib. Prezident bildirib ki, 5 il əvvəl
336 Azərbaycan diaspor təşkilatı olduğu halda, bu
gün onların sayı 416-ya çatıb: “Diaspor təşkilatları
keyfiyyət baxımından da güclənib və öz
sözlərini deməyə başlayıb”. Prezident
vurğulayıb ki, Azərbaycan diaspor təşkilatlarının
fəaliyyəti erməni lobbisinin ölkəmizə
qarşı apardığı çirkin kampaniyaya tutarlı
cavablar verir.
Dövlət
başçısı çıxışında diaspor təşkilatlarına
tövsiyələrini də çatdırıb: “Fəaliyyət
göstərdikləri ölkələrdə bütün Azərbaycan
icmaları və diplomatik nümayəndəliklər bir
olmalıdırlar. Diaspor təşkilatlarının birliyi təmin
olunmalıdır. Diaspor təşkilatları və səfirlik
komanda şəklində işləməlidir”. Prezident
çıxışını “Dünyada yaşayan azərbaycanlıların
bir vətəni var - o da Azərbaycandır! Dünyada
yaşayan azərbaycanlıların arxasında Azərbaycan
dövləti dayanır” sözləri ilə bitirib.
Qurultayın sonunda qətnamə,
dünya azərbaycanlılarına müraciət, digər sənədlər
qəbul olunub. Azərbaycan prezidenti İlham Əliyev Dünya
azərbaycanlılarının Əlaqələndirmə
Şurasının sədri seçilib.
* * *
Diasporun tanınmış
simalarına orden və medallar təqdim olunub
Prezident İlham Əliyevin 4 iyul 2011-ci il
tarixli sərəncamı
ilə bir qrup ictimai xadim
xalqlar arasında dostluğun möhkəmləndirilməsi
və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə
görə “Dostluq” ordeni və “Tərəqqi” medalı ilə təltif olunublar. Dövlət başçısı iyulun 5-də Heydər Əliyev Sarayında, Dünya azərbaycanlılarının
III qurultayında fasilə
zamanı təltif olunmuş diaspor xadimlərinin bir qrupuna orden və
medallar təqdim edib.
Prezidentin sərəncamı ilə
Başar Ali Kemal oğlu Kömür, Eldar Faiq oğlu
Əfəndiyev, Ertan Demirtaş, İosif Semyonoviç Şaqal, Mehmet Akkan Suver,
Suat Günsel, Vladimir İvanoviç Kolesnikov “Dostluq” ordeninə layiq görülüblər.
“Tərəqqi”
medalına 33 nəfər
layiq görülüb.
Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla xanım Əliyeva da “Tərəqqi” medalı ilə təltif olunub. Rusiya Azərbaycanlı Gənclər
Təşkilatının sədri,
İslam Əməkdaşlıq
Təşkilatının Gənclər
Forumunun baş əlaqələndiricisi olan
Leyla Əliyeva bu mükafata xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması
və Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılması istiqamətində göstərdiyi
xidmətlərə görə
layiq görülüb.
Mədəniyyət.-
2011.- 6 iyul.- S. 2.