“Qız
qalası” incəsənət festivalı Bakının simvolunu daha da populyarlaşdıracaq
Xəbər verildiyi kimi, ötən
həftə Bakıda, İçərişəhərdə
“Qız qalası” ikinci beynəlxalq incəsənət
festivalı keçirilib. Heydər Əliyev Fondunun təşəbbüsü,
“İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi
və “Qız Qalası” İncəsənət
Qalereyasının təşkilatçılığı ilə
keçirilən üçgünlük festivalda 20 ölkədən
25 tanınmış rəssam iştirak edib. İyulun 1-də
festival başa çatıb.
“İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi
Mikayıl Cabbarov mərasimdə çıxış edərək
deyib ki, festival Azərbaycanın ən qədim abidələrindən
biri olan Qız qalasının daha geniş tanınması və
populyarlaşdırılması məqsədini
daşıyır. UNESCO-nun Dünya İrs Siyahısına
daxil edilmiş İçərişəhərdə yerləşən
bu abidə Azərbaycanın qədim tarixinin və
memarlığının incisi olmaqla yanaşı, ümumbəşəri
mədəni irsi zənginləşdirir.
Ötən il Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva müəllifi olduğu əsəri
təqdim etməklə festivala öz dəstəyini
vermişdi. Bu il isə Leyla xanım Əliyevanın əsəri
festivalda nümayiş olunub.
İdarə rəisi bildirib ki,
müxtəlif ölkələrdən gəlmiş rəssamlar
Qız qalasının maketlərini öz milli
üslublarında bəzəyərək fərqli mədəniyyət
və adət-ənənələrin sintezini əks etdirən
əsərlər yaradıblar. İçərişəhərdə
Bakı sakinləri və şəhərin qonaqları
üçün bu işlərdən ibarət sərgi təşkil
edilib. Həmin əsərlər dünyanın müxtəlif
ölkələrində də nümayiş etdirilərək,
ümumdünya mədəni irsinin bir hissəsi olan Qız
qalasının təbliğində əhəmiyyətli vasitəyə
çevriləcək.
Festivalın litvalı
iştirakçısı, rəssam Skaydra Yançaite Litva və
Azərbaycan milli musiqilərindən parçalar səsləndirmiş,
sərginin onda zəngin təəssürat
oyatdığını, burada yeni dostlar
qazandığını bildirib. Müasir İncəsənət
Muzeyinin icraçı direktoru Ceyhun Ağakişibəyli Heydər
Əliyev Fondunun son illərdə incəsənətimizə və
mədəniyyətimizə göstərdiyi qayğı və
diqqəti xüsusi vurğulayıb.
Qeyd olunub ki, Bakının rəmzi
olan Qız qalası maketlərinin müxtəlif ölkələrə
məxsus milli çalarlarla bəzədilməsi mədəniyyətlərin
yaxınlaşması baxımından mühüm
addımdır.
Meksika Müasir İncəsənət
Muzeyinin direktoru Osvaldo Sançez, Özbəkistanın “Karvan”
İncəsənət Qalereyasının rəhbəri, sənətşünas
Natalya Musina Bakının gözəlliyinə məftun olduqlarını
vurğulayaraq Heydər Əliyev Fondunun milli mədəniyyətin
inkişafına, mədəniyyətlərarası dialoqun təşviqinə
böyük önəm verdiyini diqqətə
çatdırıb. “Qız qalası” İncəsənət
Qalereyasının rəhbəri Emin Məmmədov da ikinci
Beynəlxalq incəsənət festivalının uğurla
keçdiyini bildirərək, müxtəlif ölkələrdən
olan sənət adamlarının bir araya gələrək
bacarıqlarını göstərməsi baxımından tədbiri
yüksək qiymətləndirmişdir.
Xatırladaq ki, 2010-cu il mayında
keçirilən “Qız qalası” birinci Beynəlxalq incəsənət
festivalında 18 ölkədən 20-dən çox rəssam
iştirak etmişdi.
Mədəniyyət.-
2011.- 6 iyul.- S. 5.