Mədəniyyətləri
qovuşduran məkan
“İpək Yolu” II Beynəlxalq musiqi festivalı
İyunun 28-dən iyulun 1-dək Bakı şəhərində
keçirilən “İpək
Yolu” II Beynəlxalq musiqi festivalı ölkəmizin mədəni
həyatında əlamətdar
hadisə kimi yadda qaldı. İlk dəfə ötən il
Şəki şəhərində
keçirilən festivalın
uğurları respublikamızda,
habelə onun hüdudlarından uzaqlarda
böyük əks-səda
yaratmışdır.
Azərbaycanın
müstəqilliyinin bərpasının
20-ci ildönümünə həsr olunan builki festival həm janr, həm də üslub baxımından geniş və rəngarəng bir sənət aləmini əks etdirdi: Avropa və Azərbaycan klassik musiqisi, romantizm və avanqard, muğam və etno-caz, orta əsrlərin folklor musiqisi və poeziya, teatr və rəssamlıq.
İncəsənətin müxtəlif
növlərinin - musiqi,
teatr, poeziya, rəsm əsərlərinin
bir araya gətirilərək parlaq
çalarlarla nümayiş
etdirilməsi, bir-birindən
fərqli məkanlarda
- şəhərimizin musiqi
salonlarında və muzeylərində, qədim
tarixi-memarlıq abidələrində
və teatrlarında baş tutan konsertlərin, tamaşaların
və multimedia layihələrinin
təqdimatı böyük
bir sənət bayramı əhval-ruhiyyəsi
yaratdı.
Festivalın bədii rəhbəri - dünya şöhrətli
bəstəkar, UNESCO-nun “Sulh
naminə” incəsənət
xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının
sədri, Xalq artisti, professor Firəngiz Əlizadə mədəni
həyatımızda mühüm
hadisə olan festivalın müxtəlif
xalqların mədəniyyətləri
arasında qarşılıqlı
əlaqələrin möhkəmlənməsində
böyük əhəmiyyət
daşıdığını xüsusi qeyd etmişdir. Müxtəlif xarici ölkələrdən
(Ukrayna, Polşa, Hindistan, Cənubi Koreya, Norveç) dəvət olunmuş musiqiçilərin festivalda
iştirak etməsi bir daha musiqinin
bütün millətlər
arasında ən anlaşıqlı ünsiyyət
dili olduğunu sübut edir.
Festivalın ilk tədbiri - “Xalçanın musiqi sehri” adlı multimedia layihəsinin təqdimatı Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində keçirildi. Tədbiri giriş sözü ilə açan professor F.Əlizadə Böyük İpək Yolunun musiqi təcəssümü olan festivalın yeni ideyalar, maraqlı tapıntılar və qeyri-adi sürprizlər gətirəcəyini vurğulayaraq bütün iştirakçıları “sənət karvanı”nın səyahətinə dəvət etdi. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, professor Röya Tağıyeva qonaqları və “İpək Yolu”nun ilk yolçularını salamlayaraq uğurlar arzuladı.
Multimedia layihəsinin müəllifi - gənc və istedadlı musiqiçi, Bəstəkarlar İttifaqının nəzdindəki “Oazis” simli kvartetinin və “Ad Libitum” ansamblının solisti və bədii rəhbəri Cavad Tağızadədir. C.Tağızadə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur və hazırda Tbilisi Konservatoriyasının magistratura pilləsində təhsilini davam etdirir. Respublika (N.Əliverdibəyov adına müsabiqə) və beynəlxalq müsabiqələrin, o cümlədən, “Raduqa İbla” müsabiqəsinin (İtaliya) laureatı olan, “Duxbury Muzik Festival”ının (ABŞ) mükafatlarına layiq görülən C.Tağızadə müxtəlif xarici ölkələrdə (Türkiyə, Rusiya, Almaniya, Fransa, Mərakeş v. s.) konsert poqramları ilə çıxış edərək Azərbaycan bəstəkarlarının əsərlərini təbliğ edir. Layihənin digər iştirakçısı - Üzeyir Mahmudbəyli Bakı Musiqi Akademiyasının II kurs tələbəsi, Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin solistidir. Bir sıra xarici ölkələrdə konsert proqramları ilə çıxış etmiş, “I Beynəlxalq Gənc Orkestrlər Festivalı”nın (Türkiyə) və “R.Wagner” (Bayreyt) festivalının iştirakçısı olmuşdur.
Musiqi, poeziya və xalça sənətini qovuşduran multimedia layihəsi Azərbaycanda ilk dəfə professor F.Əlizadənin təklifi ilə xüsusi olaraq “İpək Yolu” II Beynəlxalq musiqi festivalı üçün hazırlanmışdır. Layihənin əsas ideyasını iki müxtəlif qütblərdən hərəkət edən, Qərb və Şərq mədəniyyətlərini birləşdirən “karvan”ların kəsişdiyi sənət yolu təşkil edir. Bu ideyanı ifadə etmək üçün layihənin əsas iştirakçıları - Cavad Tağızadə (violin) və onun həmkarı Üzeyir Mahmudbəyli (viola) maraqlı ifa üsullarından istifadə etməklə qeyri-adi teatrlaşdırılmış konsert kompozisiyası qurmuşlar. Muzeyin körpüvari salonunun qarşı-qarşıya iki müxtəlif giriş qapılarından eyni zamanda daxil olan tamaşaçılar və iştirakçılar qədim Azərbaycan xalçalarını seyr edərək aramla hərəkət edən və salonun tam mərkəzində görüşən iki “sənət karvanı”nı əks etdirir: bir tərəfdən Arseni Tarkovskinin şeirlərini söyləyən C.Tağızadə, digər tərəfdən isə Mikayıl Müşfiq poeziyasını təqdim edən Ü.Mahmudbəyli hərəkət edir. “Karvan”ların qovuşduğu məkanda iştirakçıların duet şəklində ifa etdikləri improvizasiyalar isə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərinin mövzuları və muğam intonasiyaları əsasında qurulmuşdur. Soltan Hacıbəyovun “Karvan”ı ilə çərçivələnən kompozisiyaya İ.S.Baxın “Partita” və “Qavot” əsərlərindən, A.Şnitkenin “Qədim üslubda süita”sı və V.A.Motsartın “Kiçik serenada”sından fraqmentlər daxil edilmişdir.
Musiqi mədəniyyətinin inkişaf dövrlərini əks etdirən bu məntiqi ardıcıllıqda, layihə müəllifinin qeyd etdiyi kimi, “sənətdə öz yolunu taparaq daima irəliləmək və bu yolda heç bir zaman milli köklərini itirməmək” fikri maraqlı bədii həllini tapmışdır. Gənc və istedadlı musiqiçilər öz improvizasiyalarında yalnız Qərb və Şərq musiqisinin sintezini deyil, həmçinin xüsusi ifa üsullarından istifadə etməklə milli çalğı alətlərinin imitasiyasını yaratmağa nail olmuşlar. Violində milli musiqi alətimiz olan kamançanın, violada isə udun ifa tərzinin əks etdirilməsi tamaşaçıların xüsusi marağına səbəb oldu. Həqiqətən bu layihə tamaşaçıları musiqinin sehrinə sala bildi.
Festivalın çox əhatəli və geniş proqramına daxil edilmiş tədbirlər - o cümlədən, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin uzun müddət unudulmuş “Əsli və Kərəm” muğam operasının açıq havada - qədim tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayında Azərbaycan Dövlət Opera və Balet Teatrının solistlərinin iştirakı ilə gerçəkləşən konsert tamaşası (rejissor - Hafiz Quliyev, baş rollarda: Əsli - Vüsalə Musayeva, Kərəm - İlkin Əhmədov), Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər və baş dirijor - Xalq artisti Gülbacı İmanova), Azərbaycan Dövlət Kvartetinin, Azərbaycan Dövlət Triosunun və solistlərin iştirakı ilə keçirilən kamera-instrumental, vokal və xor musiqisi konsertləri, alman dramaturqu Patrik Züskindin mono-pyesi əsasında hazırlanmış və Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynovun və Opera və Balet Teatrının solisti Mütəllim Dəmirin ifasında təqdim olunan “Kontrabas + Muğam” tamaşası maraqla qarşılandı.
Tanınmış caz ifaçısı, pianoçu Emil Əfrasiyaboğlu və onun rəhbərlik etdiyi instrumental qrupun konserti, məşhur polyak pianoçusu Stanislav Deya və respublikanın Əməkdar artisti, pianoçu Nərgiz Əliyarovanın dueti şəklində təqdim olunan F.Şopen, F.List və Q.Qarayevin fortepiano əsərləri, Ukraynanın “Rikoşet” simli kvartetinin konserti, Hindistanın məşhur musiqiçisi Amaan Əli Xanın rəhbərliyi ilə “Sarod” ansamblının konserti, Azərbaycan Dövlət Qədim Musiqi Alətləri Ansamblının (bədii rəhbəri - Məcnun Kərimov) və Cənubi Koreya və Norveç musiqiçilərinin iştirakı ilə folklor konserti, “Novruz” muğam triosunun konserti və nəhayət, festivalı yekunlaşdıran “Şairin qəlbi” adlı multimedia layihəsi - Əməkdar rəssam Səbinə Şıxlinskayanın E.Qriqin “Norwey” musiqisinə və Türk şairi Yeşim Ağaoğlunun şeirlərinə çəkilmiş installyasiyaların təqdimatı festivalın qonaqları və sənətsevərlərin rəğbətini qazandı.
İnanırıq ki, Azərbaycanın və müxtəlif xalqların mədəniyyətlərini qovuşduran “İpək Yolu” II Beynəlxalq musiqi festivalının “sənət karvanı” daima irəliləyəcək və yeni-yeni bədii ideyaları bütün dünyaya çatdıracaq.
Sevda Hüseynova,
musiqişünas,
Azərbaycan
Bəstəkarlar
İttifaqının məsləhətçisi
Mədəniyyət.-
2011.- 6 iyul.- S. 7.