Turizm sektoru Azərbaycanın
iqtisadi potensialında mühüm
yer tutacaq
Bakıda
möhtəşəm “Kempinski Badamdar” hotel kompleksi istifadəyə
verilib
İyulun 2-də Bakıda
beşulduzlu “Kempinski Badamdar” hotel kompleksinin
açılışı olub. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva,
qızları Leyla Əliyeva və Arzu Əliyeva
açılış mərasimində iştirak ediblər.
Prezidentə məlumat verilib ki,
Bakıda “Kempinski Badamdar” hotel kompleksi kimi möhtəşəm
obyektin inşası Azərbaycanın turizm sahəsində
qarşıya qoyduğu böyük məqsədlərin
növbəti əyani nümunəsidir. Lüks otel Avropada və
dünyada xüsusi imicə malik Kempinski hotellər qrupunun
standartlarına uyğun inşa edilmişdir. 1897-ci ildə
Berlində yaranan, mərkəzi ofisi Cenevrədə yerləşən
Kempinski qrupu dünyada ən böyük hotel təşkilatının
- Beynəlxalq Hotellər Alyansının
yaradıcısıdır. Qrup dünyanın 28 ölkəsində
beşulduzlu 65 hotelin sahibidir. Kempinski hotelləri yüksək
keyfiyyəti və çoxsaylı bənzərsiz xidmət
növləri təklif etməsi ilə də fərqlənir.
“Kempinski Badamdar” da ən yüksək standartlara cavab verən
dünya miqyaslı hotel kompleksidir.
Qeyd olundu ki, belə bir beynəlxalq
səviyyəli şirkətin Azərbaycana maraq göstərməsi
ölkəmizdə istər yerli, istərsə də xarici
iqtisadi qurumlar üçün yaradılan əlverişli
investisiya mühitindən irəli gəlir. Qeyri-neft sektorunun
inkişafına xüsusi diqqət yetirildiyi respublikamızda
turizmin inkişafı da sürətlənir. Bu isə hotel
biznesinin genişləndirilməsini və keyfiyyətcə
yeni mərhələyə qədəm qoymasını zəruri
edir. Hazırda Azərbaycan dövləti bu baxımdan kompleks
tədbirlər reallaşdırır. “Kempinski Badamdar” hotel
kompleksi də həmin istiqamətdə atılan əsaslı
addımlardan biridir.
Bildirildi ki, paytaxtın Yasamal
rayonunda Mikayıl Müşfiq küçəsində yerləşən
“Kempinski Badamdar” hotel kompleksi 2,5 hektar ərazini əhatə
edir. Üç mərhələdə inşa edilən bu
kompleksin ümumi sahəsi 84 min kvadratmetrdir. Qeyd olundu ki,
“Kempinski Badamdar” hotel kompleksi istirahət mərkəzi kimi də
fəaliyyət göstərəcək. Yalnız dünyanın
ən inkişaf etmiş ölkələrində rast gəlinən
bu cür obyektlər iş adamları, turistlər və
qonaqlar üçün maksimum xidmətlər təklif edir.
Müasir dizaynı ilə seçilən obyektdə beynəlxalq
və milli memarlıq üslubu peşəkarlıqla
uzlaşdırılmışdır. Kompleksin tikintisini “Gilan” MMC-nin sifarişi ilə “Gilan İnşaat” MMC aparmışdır.
Hotelin birinci mərtəbəsində
müxtəlif ofis və mağazalar fəaliyyət göstərəcək.
Burada üç iclas salonu da var. Kompleksin 14-cü mərtəbəsində
isə ən yüksək standartlara cavab verən otaqlar yerləşir.
Hotelin restoranlarında yerli mətbəxlə yanaşı,
dünyanın ən tanınmış mətbəxlərinin
ləziz yeməkləri
də müştərilərə
təqdim ediləcək.
Kompleksdəki SPA və Sağlamlıq
Mərkəzi də müasirliyi ilə diqqət çəkir.
İdeal şərait
yaradılmış mərkəzin
ümumi sahəsi 3,5 min kvadratmetrdir. Qapalı üzgüçülük hovuzu
var. Bütün istirahət
məkanlarında vitamin barları
fəaliyyət göstərir.
Mərkəzdəki yapon bağçası
isə sadəcə nağıl təsiri bağışlayır. “Kempinski Badamdar” hotel kompleksinin SPA və Sağlamlıq Mərkəzində
göstərilən xidmət
müştərilərdə zəngin təəssürat
yaradacaq və onlara mənalı istirahət bəxş edəcək.
* * *
Prezident İlham Əliyev mərasim iştirakçılarını
təbrik edərək
dedi:
- Kempinski hotelinin Azərbaycanda fəaliyyətə başlaması
çox gözəl hadisədir. Çünki bu hotellər
dünya miqyasında hotellər içində mühüm yer tutur. Bu hadisə,
eyni zamanda, Azərbaycanın inkişafının
göstəricisidir. İnvestorların Azərbaycan iqtisadiyyatına,
xüsusilə xidmət
sektoruna diqqəti və marağı əlbəttə ki, bizi çox sevindirir. Mən çox şadam
ki, Bakıda belə gözəl, yaraşıqlı hotel fəaliyyətə
başlayır. Bu, şəhərimizə əlavə
yaraşıq, gözəllik
verəcəkdir. Hotelin xarici
görünüşü gözəldir
və daxili tərtibatı da ən yüksək səviyyədədir.
Bu il
Azərbaycanda “Turizm ili” elan edilibdir.
Bu, təsadüfi deyildir. Çünki turizm sektorunun
inkişafına böyük
diqqət göstərilir.
Hesab edirəm ki, növbəti illərdə
turizm sektoru Azərbaycanın iqtisadi potensialında mühüm
yer tutacaqdır.
İnkişaf etmiş, xüsusən
də zəngin təbiətə malik olan ölkələrin iqtisadiyyatında turizm mühüm yer tutur. Azərbaycan zəngin ölkədir,
turizmin inkişafı
üçün gözəl
yerlər vardır və biz bu imkanlardan istifadə etməliyik.
İndi bütün bölgələrdə
yeni, gözəl, müasir mehmanxanalar, turizm məntəqələri
açılır. Əlbəttə ki, ən gözəl
hotellər Bakı şəhərində fəaliyyətə
başlayır. Bu il təkcə Bakıda beşulduzlu altı hotel istifadəyə
veriləcək. Onların içində
birinci hotel “Kempinski Badamdar” hotelidir.
Bir il ərzində
bir şəhərdə
beşulduzlu altı hotelin, özü də ən məşhur hotellər şəbəkəsinə mənsub
olan hotellərin fəaliyyətə başlaması
onu göstərir ki, Azərbaycan sürətlə inkişaf
edir, ölkəmizdə
xidmət sektoru inkişaf edir. Əvvəlki dövrdə
- 10-15 il bundan əvvəl investorları Azərbaycanda
cəlb edən sahələr enerji sektoru ilə məhdudlaşırdı. Bu da yəqin ki,
təbii idi. Çünki o vaxt Azərbaycanda
infrastruktur, şəhər
nəqliyyatı lazımi
səviyyədə deyildi,
ümumiyyətlə, müstəqil
ölkəmizin inkişafı
birinci mərhələdə
idi. Ancaq bu gün, ölkəmizin indiki dövründə xidmət
sektoruna qoyulan sərmayə xüsusi əhəmiyyət kəsb
edir. Hesab edirəm ki,
növbəti illərdə
bu işlər bütün istiqamətlərdə
daha da sürətlə
aparılacaqdır.
Bakı dünyanın ən
gözəl şəhərlərindən
biridir. Bunu həm biz deyirik,
həm də şəhərimizin qonaqları
etiraf edirlər.
Gözəl şəhərdə qonaqları qəbul etmək üçün gözəl şərait olmalıdır. Burada yaradılan
şərait dünya
səviyyəsindədir. Hesab edirəm ki, Kempinski hotellər şəbəkəsinin çərçivəsində
bu hotel öz gözəlliyi və funksional mahiyyəti ilə fərqlənəcəkdir.
Eyni zamanda, bilirəm ki, Kempinski qrupunun
Azərbaycanla bağlı
başqa planları da vardır. Bakıda, bəlkə də ölkəmizin digər şəhərlərində yeni
təşəbbüslər irəli sürülə bilər. Hər halda, bu hotelin fəaliyyətə
başlaması Azərbaycanda
hotel biznesinə böyük
təkan verəcəkdir.
Prezident vurğuladı ki,
Azərbaycanda xarici investisiyalar lazımi səviyyədə qorunur.
Həm qanunvericilik bunu təmin edir, həm də ölkə rəhbərliyinin siyasəti
bundan ibarətdir: “Məhz bunun nəticəsidir ki, adambaşına düşən
birbaşa xarici sərmayələrin həcminə
görə Azərbaycan
uzun illərdir MDB məkanında birinci yerdədir. Təkcə keçən il
Azərbaycan iqtisadiyyatına
təxminən 16 milyard
dollar sərmayə yatırılıb.
Hesab edirəm ki, bu il ölkəmizə
qoyulan investisiyaların
həcmi daha da çox olacaq
və beləliklə,
Azərbaycanın hərtərəfli
inkişafı üçün
yeni imkanlar yaradılacaqdır”.
* * *
Kempinski hotellər qrupunun
Avropadakı hotellər
şəbəkəsinin prezidenti
Canni van Daalen mərasimdə iştirakına
görə prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, sürətlə
inkişaf edən Azərbaycanın böyük
gələcəyi olacağına
əminliyini vurğuladı.
Qeyd etdi ki, Kempinski hotellər
qrupu Azərbaycanda fəaliyyətə başlamaqdan
məmnundur və bu əməkdaşlığın
böyük perspektivi
var. Bildirdi ki, hotel kompleksində yerli kadrların işlə təmin olunması və onların ixtisaslarını artırması
daim diqqət mərkəzində saxlanılacaq.
Prezident İlham Əliyev
“Kempinski Badamdar” hotel kompleksinin xatirə kitabına ürək sözlərini yazdı.
Mərasim iştirakçıları dövlət başçısı
və ailə üzvləri ilə xatirə şəkli çəkdirdilər.
Sonra Prezident İlham Əliyev “Kempinski Badamdar” hotel kompleksinin iqamətgahlar və ofislər binası ilə də tanış oldu. 14 mərtəbəli
binanın 1-ci mərtəbəsində
850 nəfərlik ziyafət
salonu yerləşir.
Burada xidmət ən yüksək beynəlxalq standartlara cavab verir. 14-cü mərtəbədəki iqamətgahlar
da müasirliyi ilə seçilir. Sahəsi 750 kvadratmetr olan ən böyük iqamətgah dövlət və hökumət başçıları, eləcə
də digər yüksək səviyyəli
qonaqlar üçün
nəzərdə tutulmuşdur.
8 və 10-cu mərtəbədəki
iqamətgahlarda hər
cür şərait yaradılmışdır. 4-7-ci mərtəbələrdə
ofislər yerləşəcəkdir.
Burada işgüzar şəxslərin
istənilən səviyyəli
tədbirləri keçirmələri
üçün ən
xırda incəliklər
belə nəzərə
alınmışdır. 3-cü mərtəbədə
14 toplantı otağı
vardır. Həmin otaqlarda
videomaterialların nümayişi
və istənilən
informasiya-kommunikasiya texnologiyalarından
istifadə etmək mümkündür. 2-ci mərtəbədə də
toplantı otaqları
fəaliyyət göstərəcək.
Ən böyük toplantı otağı (525 nəfərlik)
da bu mərtəbədə
yerləşir. Burada
beş dildə
sinxron tərcümə
üçün texniki
imkan yaradılmışdır.
Kompleksin əyləncə mərkəzi ilə tanışlıq zamanı
bildirildi ki, bura müştərilərin
ürəyincə olacaq.
Müştərilər burada boulinq,
bilyard və digər müxtəlif oyunlarla da məşğul
olacaqlar. Mərkəzdəki buz meydançası isə müştərilərə
əvəzsiz töhfə
olacaq. Dövlət başçısı və ailə üzvləri buz meydançasında nümunəvi
çıxışları izlədilər.
Prezident İlham Əliyevə
hotel kompleksinin dördüncü
mərhələsi çərçivəsində
reallaşdırılacaq tədbirlər
barədə də məlumat verildi. Dövlət
başçısı görülən
işləri yüksək
qiymətləndirdi və
kollektivə uğurlar
arzuladı.
Mədəniyyət.-
2011.- 6 iyul.- S. 8.