Mədəniyyət
və turizm naziri
Türkiyənin turizm qurumlarının rəhbərləri
ilə görüşüb
Xəbər
verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin dəvəti,
Azərbaycan Turizm Assosiasiyasının və «Gilan Tourism»in təşkilatçılığı
ilə Türkiyənin turizm sənayesinin bir qrup təmsilçisi
iyunun 30-dan iyulun 2-dək Azərbaycanda səfərdə olub.
Nümayəndə heyətinə
Türkiyə Turizm Yatırımçıları Dərnəyinin
sədri Turqut Gür, Türkiyə Səyahət Agentlikləri
Birliyinin baş katibi Gülnur Özalp, Türkiyə Turistik
Hotelçilər və İşlətməçilər
Birliyinin sədri Timur Bayındır və Türkiyə-Azərbaycan
İşgüzar Şurasının sədri Cingiz Gül
daxil idi.
İyulun 1-də Türkiyə
nümayəndə heyətini mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev qəbul etdi. Nazir qonaqları
salamlayaraq bildirdi ki, Azərbaycanla Türkiyə arasında
bütün sahələrdə olduğu kimi, turizm sahəsində
də sıx əməkdaşlıq mövcuddur. Qeyd olundu ki,
Türkiyənin turizm sahəsində böyük təcrübəsi
Azərbaycan üçün də maraq kəsb edir. 2001-ci ildən
bu yana Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi
bu işdə Azərbaycan tərəfinə kömək
göstərir: “Ötən müddətdə
qarşılıqlı əməkdaşlıq şəraitində
bir sıra layihələr həyata keçirmişik.
Hazırda türkiyəli müəllimlər Azərbaycan
Turizm İnstitutunda çalışırlar. Eyni zamanda bu
ölkənin Mədəniyyət və Turizm Nazirliyinin
köməyi ilə bir qrup mütəxəssis Azərbaycanın
bölgələrində mehmanxana və mehmanxana tipli obyektlərin
əməkdaşları üçün treninq-kurslar
keçirlər. İnanıram ki, builki «Turizm ili»ndə bu əməkdaşlıq
daha da genişlənəcək”.
Nümayəndə heyətinin rəhbəri,
Türkiyə Turizm Yatırımçıları Dərnəyinin
sədri Turqut Gür bildirdi ki, səfərlərinin məqsədi
Azərbaycanın turizm imkanları ilə tanışlıq,
habelə gələn il Bakıda keçiriləcək
“Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinə
hazırlıqla bağlı Azərbaycanın turizm sektorunun təmsilçilərinə
tövsiyələr verməkdir. Qonaq Qəbələ rayonuna
səfər etdiklərini və bu səfərin onlarda
böyük təəssürat doğurduğunu
vurğuladı: “Azərbaycan turizminin çox böyük gələcəyi
var. Hotellərdə xidmətin səviyyəsi, personalın
hazırlığı bizi çox razı saldı”.
Turqut Gür bildirdi ki, gələn
il Azərbaycanda keçiriləcək “Eurovison-2012” mahnı
müsabiqəsi ilə bağlı istənilən köməyi
göstərməyə hazırdırlar: “Bu müsabiqə ilə
bağlı çoxlu turistlər gələcək. Bu
baxımdan ölkənin turizm xidmətlərinin keyfiyyəti
də yüksək olmalıdır. Bu, çox önəmli
bir məsələdir. Bilirik ki, hazırda Bakıda bir
neçə hotel tikilir və müsabiqə ərəfəsində
istifadəyə veriləcək. Bundan sonra Bakı daha
çox qonaq qarşılamağa hazır olacaq. Bu yöndə
biz də köməyimizi göstərməyə
hazırıq”.
Mədəniyyət.-
2011.- 6 iyul.- S. 9.