Qardaş ölkələrin turizm
əməkdaşlığı genişlənir
Turqut
Gür: “Türkiyə Turizm Yatırımçıları Dərnəyi
Azərbaycanın turizm sektoruna sərmayəçilərin cəlb
olunmasına kömək edəcək”
İyulun 1-də «Park İNN»
hotelində Türkiyənin turizm sənayesinin nümayəndə
heyəti Azərbaycanın turizm qurumlarının rəhbərləri
ilə görüşdü.
Tədbiri giriş sözü ilə
açan Türkiyə Turizm Yatırımçıları Dərnəyinin
(TYD) sədri Turqut Gür bildirdi ki, Bakıya gəlməzdən
bir gün əvvəl Azərbaycanın Qəbələ
rayonunda olub, buranın turizm potensialı ilə
tanışlıq imkanı əldə ediblər: «Etiraf edim
ki, turizm sektorunun təmsilçisi kimi, Qəbələ
rayonunda gördüklərimdən çox məmnun oldum.
Müşahidələrim əsasında deyə bilərəm
ki, 25 il əvvəl Türkiyədə turizm sahəsi yeni
inkişafa başlayanda bizdə mövcud durum Azərbaycandakı
hazırkı durumdan xeyli aşağı idi. Əgər bu
sürətlə davam edərsə, Azərbaycan az vaxt
içərisində turizm sahəsində çox
böyük nailiyyətlərə imza atacaq».
Bakıya ilk dəfə 1992-ci ildə
gəldiyini xatırladan qonaq budəfəki səfər
zamanı gördüklərindən yaxşı mənada heyrətə
gəldiyini bildirdi: “Bakıda müqayisəyə gəlməz
dərəcədə dəyişiklik gördüm. Bu isə
turizm sahəsinin Azərbaycanda sürətli
inkişafından xəbər verir. Bugünkü tədbirdə
Türkiyənin turizm sektorunda öz sözünü deyə
bilən 4 əsas qurumun təmsilçisi iştirak edir. Bu
qurumların hər biri öz istiqaməti üzrə azərbaycanlı
həmkarlarına kömək etməyə hazırdırlar».
Gələn il Bakıda
keçiriləcək «Eurovision» mahnı yarışmasına
ciddi hazırlıq görüldüyünü deyən
T.Gür bu sahədə Azərbaycan tərəfinə
yardımçı olmaq niyyətlərini ifadə etdi. Qeyd
olundu ki, xüsusilə hotellərdə xidmət səviyyəsinin
yüksəldilməsi üçün daha çox işlər
görülməlidir: «Bakıdakı hotellərin
hamısında xidməti beynəlxalq standartlar səviyyəsinə
qaldırmaq lazımdır. Bununla bağlı Azərbaycanın
turizm sektorunun əməkdaşlarına Türkiyədə
treninqlər keçiriləcək. Bundan əlavə, hotellərdə
çalışmaq üçün işçi qüvvəsi
azdır. Türkiyə təcrübəsi hər 100 hotel
nömrəsi üçün 80 işçinin tələb
olunduğunu göstərir. Azərbaycanda tələb olunan
işçilərin sayını da bu üsulla hesablamaq olar.
Amma yay mövsümündə göstərilən xidmətlərin
həcmi və çeşidi artdığına görə tələb
olunan işçilər də artır».
T.Gürün sözlərinə
görə, turizmin inkişafı ölkədə çoxlu
sayda digər sahələrin inkişafına də təsir
edir: «Həmin bölgədə enerji, nəqliyyat infrastrukturu
yaxşılaşır, ərazi abadlaşır, ərzaq məhsullarının
istehlakı artır, bu da həmin sahədə sənaye və
kənd təsərrüfatının inkişafını
sürətləndirir. Bir sözlə, bütün fəaliyyət
sahələri canlanır”.
Qonaq son vaxtlar Azərbaycanda
dünyanın tanınmış brendlərinə məxsus
hotellərin tikintisinin genişlənməsini müsbət hal
kimi qiymətləndirdi. Türkiyəli mütəxəssisin
fikrincə, Bakıda təkcə 5 deyil, 3 və 4 ulduzlu yeni
hotellər də tikilməlidir: «Çünki turistlərin
hamısının maddi imkanları eyni deyil».
T.Gür onu da bildirdi ki, Türkiyə
Turizm Yatırımçıları Dərnəyi Azərbaycanın
turizm sektoruna sərmayəçilərin cəlb olunmasına
kömək edəcək. Onun sözlərinə görə,
ölkədə turizmin inkişafı üçün
xüsusilə Xəzərin sahilində yeni turizm bölgələrinin
yaradılmasına ehtiyac var.
Tədbirdə
çıxış edən Mədəniyyət və Turizm
Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev
bildirdi ki, türkiyəli təmsilçiləri Azərbaycana
dəvət etməkdə məqsəd iki ölkə
arasında turizm sahəsində mövcud əlaqələri
daha da genişləndirmək və qardaş ölkənin təcrübəsindən
yararlanmaqdır: «Türkiyə turizmi böyük təcrübəyə
malikdir. Azərbaycanda isə bu sahə yeni inkişaf edir. Ona
görə də türkiyəli mütəxəssislərin
tövsiyələrinə ehtiyacımız var».
Türkiyə Turistik Hotelçilər
və İşlətməçilər Birliyinin sədri
Timur Bayındır rəhbərlik etdiyi quruma 400-dən
çox hotelin üzv olduğunu bildirdi: «Bu mənim Azərbaycana
ilk səfərimdir. Hotel sahəsində 45 illik təcrübəm
var. Burada müşahidə etdim ki, xarici turistləri Azərbaycana
cəlb etmək üçün bir çox layihələrin
reallaşdırılmasına ehtiyac var. İlk növbədə
isə ölkənin xaricdə geniş təbliğatını
qurmaq lazımdır. Bu baxımdan nə kömək lazım
olsa, göstərməyə hazırıq».
Türkiyə Səyahət
Agentlikləri Birliyinin (TURSAB) baş katibi Gülnur Özalp da
təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat
verdi. Onun sözlərinə görə, TURSAB 30 il əvvəl
yaranıb. Bu müddət ərzində həm daxili, həm də
xarici turizm fəaliyyəti ilə məşğul olublar:
“Türkiyəyə 30 milyon turist gəlir, 10 milyon isə
başqa ölkələrə istirahətə gedir.
Hazırda Türkiyə dünyada turizmin inkişaf etdiyi
ölkələrin sıralamasında 7-ci yerdədir. İndi
bizim qarşımızda duran əsas vəzifə Türkiyə
Cümhuriyyətinin yaranmasının 100-cü
ildönümündə (1923) ölkəmizə gələn
turistlərin sayını 60 milyona çatdırmaqdır. Bu
baxımdan qonşu və qardaş Azərbaycanda turizmin
yüksək səviyyədə inkişaf etməsi bizim
üçün də faydalıdır. İstəyirik bizim təcrübəmizdən
yararlanaraq, vaxtilə etdiyimiz səhvləri siz də təkrar
etməyəsiniz».
Türkiyədən gəlmiş
digər mütəxəssislərin çıxışları
ilə davam edən tədbir maraqlı diskussiyalarla yadda
qaldı. Türkiyəli həmkarları Azərbaycanın
turizm sektorunun təmsilçilərini maraqlandıran
sualları cavablandırdılar.
Sonda Azərbaycan Turizm
Assosiasiyası ilə Türkiyə Turizm
Yatırımçıları Dərnəyi arasında əməkdaşlıq
haqqında memorandum imzalandı.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 6 iyul.- S. 9.