Etnoqrafik turizm
marşrutları: Lahıc
Qədim tarixə, zəngin mədəni
irsə və əsrarəngiz təbiətə malik Azərbaycan
bütün dövrlərdə yüksək
tolerantlığı ilə seçilib. Zərdüştlük
dininin vətəni, Qafqazda xristianlığın ilk
beşiyi, İslam dininin geniş yayıldığı bu məkan,
müxtəlif etnosların sülh içində
yaşadığı ərazi, rəngarəng mədəniyyətlərin
bir-birindən bəhrələnərək çiçəkləndiyi
diyardır.
Azərbaycan etnoqrafik rəngarəngliyi
ilə seçilən ölkədir. Ölkəmizin ərazisində
yaşayan müxtəlif etnik qruplar dövlətin də
yaxından dəstəyi ilə özünəməxsus mədəniyyət
elementlərini qoruyub saxlayırlar. Bu mədəniyyət məişət
həyatında, sənətkarlıqda, mətbəxdə və
müxtəlif mərasimlərdə öz əksini
tapmaqdadır.
Azərbaycana gələn turistləri
də bölgələrimizin etnoqrafik xüsusiyyətləri
və mədəni irsi cəlb edir. Bu baxımdan Lahıc Azərbaycanın
etnoqrafik turizm marşrutu kimi seçilən bölgələrindəndir.
Lahıc qəsəbəsi
İsmayıllı rayonunda, Böyük Qafqazın ətəyində,
Girdiman çayının sahilində yerləşir. Erkən
orta əsrlərdə indiki Lahıc ərazisində müxtəlif
tayfalar məskunlaşmışdı. 1500 illik tarixi olan
Lahıc qəsəbəsinin yaradılmasını III-VII əsrlərə
aid edirlər. Dəniz səviyyəsindən 1500 m
hündürlükdə yerləşən Lahıc Babadağ
və Niyaldağ silsilələri ilə əhatə olunur və
ona təbii qala şəraiti bəxş edir. Belə bir
coğrafi məkan qədim zamanlarda Lahıcın
basqınlardan yaxşı müdafiə olunması
üçün imkan yaradıb.
Sənətkarlıq
mərkəzi
Lahıc XVIII-XIX əsrlərdə
Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən
olub. Lahıc ustalarının misdən
hazırladıqları, mürəkkəb və incə
naxışlarla bəzədikləri dolça, satıl, sərnic,
məcməyi, sərpuc, aşsüzən, kəfkir, kasa, cam,
qazan, çıraq və s. məmulatlar Orta Asiyada,
Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə
və digər yerlərdə tanınıb. XIX əsrin ortalarında
Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət
göstərib. Lahıc ustalarının yüksək sənətkarlıqla
düzəltdikləri odlu (tüfəng, müxtəlif tipli
tapançalar və sair) və soyuq (xəncər, beybut,
qılınc, bıçaq və sair) silahlar əl-əl gəzib.
Bu silahlar ornamentlərlə bəzədilir, onlara sənətkarların
möhürü vurulurdu. Vaxtilə Rusiyanın İjevsk silah
zavodunda Lahıc ustalarının təcrübəsindən
istifadə olunmuşdu. O dövrdə Lahıcda 100-dən
artıq sənət növü - misgərlik, dabbaqlıq,
çəkməçilik, papaqçılıq, sərraclıq,
dəmirçilik, həkkaklıq, qalayçılıq,
dulusçuluq, dərzilik və s. peşələr inkişaf
tapmışdı. Muzey-qoruğa çevrilmiş Lahıcda həmin
illərdən yadigar qalan məhəllə məscidləri,
su kəməri və kanalizasiya (kürəbənd), Girdiman
qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri
davam və inkişaf etdirilir.
Lahıcın misgərlik nümunələri
bu gün də məşhurdur. Bura səfər edərkən,
misgərlik emalatxanalarında ustaların işlərinə
baxmaqla bərabər, bir neçə sənətkar sirlərini
də öyrənmək olar. Arzu edənlər hədiyyə
olaraq mis məmulatları ala bilər.
Qəsəbə tarixi abidələrlə
zəngin olduğundan muzey tipli qoruq və Şahdağ Milli
Parkının hissəsi sayılır. Lahıcın
yaxınlığında qədim Azərbaycan dövləti
olan Qafqaz Albaniyasının hökmdarı Cavanşirin
adını daşıyan qala var. Kənddə fəaliyyət
göstərən etnoqrafiya muzeyində kəndin
keçmişi, köhnə məişət əşyaları
ilə tanış olmaq olar. Lahıcın gözəlliklərindən
biri də Niyaldağdır. Niyaldağ dəvə belinə
oxşar 9 yaldan ibarətdir. Bu yal silsiləsi dəvə
karvanını xatırladır. Kənd ətrafında
çay dərələri boyu at gəzintisi etmək olar.
Turistlərin sevimli məkanı
Lahıc turistlərin ən
çox maraq göstərdiyi məkanlardan biridir. Statistikaya
görə, ildə bura 25-30 min turist gəlir. Lahıc Turizm
İnformasiya Mərkəzinin direktoru Dadaş Əliyevin
sözlərinə görə, Lahıc qədim sənətkarlıq
mərkəzi kimi, həm füsunkar təbiəti ilə daima
turistlərin diqqətini özünə cəlb edib: “XVIII-XIX
əsrlərdə qəsəbə mis qablar və silah
istehsalının əsas mərkəzlərindən biri
sayılırdı. Məmulatlar yüksək zövqlə və
mürəkkəb naxışlarla bəzədilirdi. Vaxtilə
burada sənətkarlığın 40-dək növü
inkişaf edib. Bu gün də müəyyən sənət ənənələri
yaşamaqdadır. Burada sənətkarlıq o qədər
inkişaf etmişdi ki, bir usta bir qabı düzəldəndə,
digər usta artıq o qabı düzəltməzdi. Hər
qabın, hər əşyanın öz
ixtisaslaşmış ustası vardı. Misgərlik, dəmirçi
sənəti bu gün də yaşayır. Xalq sənətkarlığı
yüksək səviyyədə inkişaf edib”.
Həmsöhbətimiz deyir ki,
Lahıc həm də öz arxitekturası, adət-ənənələri
ilə fərqlənir: “Bölgəyə gələn turist əhalinin
məişəti ilə də çox maraqlanır. Bir
çox hallarda əcnəbi turistlər hotellərdə yox, kənd
evlərində qalırlar, yerli əhalinin həyat tərzi, məşğuliyyətləri
ilə daha yaxından tanış olurlar. Əgər
Lahıcda toy, nişan mərasimləri varsa, adət-ənənələrimizi
göstərmək üçün turistlər həmin mərasimlərə
dəvət olunur. Lahıc sakinləri çox qonaqpərvərdir.
Bəzən yerli camaat özləri qonaqları mərasimlərə
dəvət edir. İndi qədim adət-ənənələrlə
az adam toy edir. Amma müəyyən detallar qalıb. Burada hələ
də qız toyu, oğlan toyu ayrı-ayrı olur. Gəlini məşəllərlə
gətirmək ənənəsi qalıb. Əlbəttə
ki, bunlar hamısı Lahıca gələn hər bir turist
üçün maraqlıdır”.
“BİG-Azeri-tour” turizm şirkətinin
rəhbəri Ofil İsmayılov turistlərin etnoqrafik turizm
marşrutlarına, xüsusilə də Lahıca böyük
maraq göstərdiklərini deyir. Onun sözlərinə
görə, Azərbaycanda yaşayan azsaylı xalqların fərqli
mədəniyyətləri, məişətləri turistlərin
böyük marağına səbəb olur: “İstər əcnəbi,
istərsə də yerli turistlərə bölgələrin
özünəməxsus xüsusiyyətləri maraqlı gəlir.
Azərbaycanın öz zəngin mədəniyyəti ilə
yanaşı azsaylı xalqların spesifik mədəniyyətləri,
mərasimləri, adət-ənənələri turizm məhsulu
kimi təqdim oluna bilər. Biz Lahıca turlar təşkil edərkən
Lahıcda hər bir detal turistə maraqlı gəlir. Onlar
burada xalq yaradıcılığı nümunələri ilə
tanış olurlar, füsunkar təbiətin qoynunda mədəni
istirahət edirlər. Azərbaycanda olan Nic, Xınalıq və
bu kimi digər etnoqrafik marşrutlar da turistlərin diqqətini
çox cəlb edir”.
Lahıcın
özünəməxsus mətbəx nümunələri
İsmayıllı Rayon Mədəniyyət
və Turizm Şöbəsinin müdiri Azər Abbasov deyir ki,
Lahıca gələn turistlərin mədəni istirahəti
yüksək səviyyədə təmin olunur: “Lahıc sənətkarlıq
mərkəzi kimi bütün dövrlərdə insanların
maraq dairəsində olub. Bura gələn turistlər füsunkar
bir təbiətdə istirahət etməklə bərabər,
milli mətbəx nümunələri ilə də
tanış olurlar. Qeyd edim ki, Lahıcda mətbəx nümunələri
digər bölgələrdən fərqlənir. Burada plovun,
dolmanın dadı tamamilə fərqlidir. Bu gün Lahıc əsl
turizm məkanıdır. Hotellərdə qiymətlər də
münasibdir. Bir günlük istirahət 25-30 manata başa gəlir.
Kənd evlərində uzunmüddətli qalmaq istəyənlər
də olur. Onlar burada əhalinin məişəti ilə, sənət
növləri tanış olurlar. Əl işləri ilə
maraqlanırlar, hədiyyələr alırlar”.
Ceyhun
Zərbəliyev
Mədəniyyət.-
2011.- 6 iyul.- S. 10.