“Səbuhi”
– 70
Kino tariximizdən
Bakı kinostudiyasının əməkdaşları 1940-cı ilə böyük həvəs və ruh yüksəkliyi ilə, sənətdə yeni axtarışlarla qədəm qoydular. Yeni forma və ifadə vasitələri bu axtarışların əsasını təşkil edirdi. Digər tərəfdən, 1938-ci ildə Moskvada keçirilmiş Azərbaycan incəsənəti ongünlüyünün müvəffəqiyyətləri ümumən mədəniyyət işçilərini gözəl əsərlər yaratmağa ruhlandırmışdı. Bununla belə, II Dünya müharibəsi başlanandan (1939) sonra dünyanın bir çox ölkələrində dinc həyat narahatlıq və həyəcanla əvəz olunmuşdu.
Müharibə ərəfəsində Bakı kinostudiyasında bir neçə bədii ekran əsəri, o cümlədən böyük Azərbaycan maarifçisi, dramaturqu və filosofu Mirzə Fətəli Axundovun həyat və fəaliyyətindən bəhs edən “Səbuhi” filmi istehsala buraxılmışdı. “Yeni horizont” filminin çəkilişləri artıq başa çatdırılmışdı.
Müharibə başlanarkən tarixi-bioqrafik janrda olan “Səbuhi” filmin çəkilişləri davam edirdi. Bu janrda ekran əsərinin bizim kinostudiyada meydana gəlməsi təsadüfi deyildi. O dövrdə Sovet İttifaqının demək olar ki, bütün kinostudiyalarında vətənpərvərlik, xalqlar dostluğu mövzusunda, tarixi şəxsiyyətlər, tanınmış adamlar haqqında filmlər çəkilirdi.
«Əzəmət» (Daşkənd studiyası), «Aleksandr Nevski» («Mosfilm»), «Arsen» (Tbilisi studiyası), «Baltik deputatı» («Lenfilm»), «Qorkinin uşaqlığı» («Soyuzdetfilm»), «Şors» (Kiyev studiyası) və s. bədii filmləri buna misal göstərmək olar. Məqsəd eyni idi: sosialist beynəlmiləlçiliyini, Sovet İttifaqındakı millətlərin sıx birliyinə xələl gətirə biləcək düşmən səylərini dəf etmək.
“Səbuhi” filmində gənc Mirzə Fətəli öz xalqının sədaqətli oğlu, dövrünün qabaqcıl ideyaları uğrunda alovlu mübariz kimi göstərilmişdir. Filmin ssenarisini görkəmli ədəbiyyat tarixçisi, Axundov yaradıcılığının tədqiqatçısı Mikayıl Rəfili yazmışdır.
Səbuhi M.F.Axundovun ədəbi təxəllüsüdür. Səbuhi sübh sözündəndir, sübhə məxsus olan, səhər adamı deməkdir.
Filmdə qəhrəmanın həyatı və fəaliyyəti ilə bağlı çoxlu faktlardan istifadə olunub: onun 1834-cü ildə Tiflisə gəlməsi, o zamankı Cənubi Qafqazın qabaqcıl adamları və sürgündə olan rus dekabristləri ilə yaxınlaşması, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi vəzifəsində çalışması, mütərəqqi rus və Qərbi Avropa ədəbiyyatını, ictimai-fəlsəfi fikrini öyrənməsi, evlənməsi, ərəb əlifbasının latın qrafikası ilə əvəz olunması üçün mübarizə aparması və s. hadisələr ekranda öz əksini tapmışdır.
Filmin elə ilk səhnələrindən gənc Fətəli ilə bağlı maraqlı bir söhbətin şahidi oluruq. O, Tiflisin girəcəyində aşıq Səttara rast gəlir. Aşıq mahnı oxuyur. Jandarm onun üstünə qamçı qaldırır. Səbuhi jandarmdan soruşur: «Sən atana əl qaldırarsanmı?» Jandarm deyir: «mənim atam ölüb». Filmdə aşıq Səttarın surətini görkəmli sənətkar Hüseynqulu Sarabski yaratmışdır. Bu səhnədə müəlliflər jandarmın simasında çar üsul-idarəsinin özbaşınalığını tutarlı faktla açıb göstərirlər.
Filmdə bir sıra maraqlı səhnələr olsa da, bütövlükdə əsər dramaturji həllini tapa bilməyib. Elə ona görə də əsərin baş qəhrəmanı olan M.F.Axundovun xarakteri tam açılmayıb. Bu obrazı yaradan istedadlı aktyor İsmayıl Dağıstanlı nə qədər səy etsə də, buna nail ola bilməyib.
Filmdə sovet ideologiyasının tələblərinə cavab verən müxtəlif məsələlərlə qarşılaşırıq. Misal üçün, sovet hökuməti 20-30-cu illərdə ölkədə bütün dinlərə qarşı geniş miqyasda kampaniya təşkil etmişdi. Bu məsələdə ədəbiyyat və incəsənətdən təbliğat vasitəsi kimi istifadə edirdi. Bu baxımdan kinematoqrafiya güclü ideoloji silah idi. O vaxtlar ölkənin müxtəlif studiyalarında «Mollanın üçüncü arvadı» («Sovkino»), «Müharibə Allahı» (Gürcüstan), «Müqəddəsin qızı» (Özbəkistan), «Canlı Allah» (Tacikistan; bu filmdə komsomolçu rolunda azərbaycanlı rejissor Muxtar Dadaşov çəkilmişdir) və s. bu kimi dinə qarşı çevrilmiş filmlər çəkilirdi. Bakıda lentə alınmış «Bismillah» bədii filmindən də İslam dini əleyhinə istifadə olunmuşdu. Halbuki bu film fırıldaqçı mollanın iç üzünü açıb göstərməyi qarşısına məqsəd qoymuşdu.
«Səbuhi» filmində müəlliflər dinə mənfi münasibətlərini açıq-aşkar bildirərək Səbuhinin dili ilə Şeyx Əliyə deyirlər: «Mən sənin Quranına inanmıram, mən sənin şəriətinə inanmıram». Qəribə orasıdır ki, bu sözləri qəhrəmanın adından rejissor A.Beknazarov deyir. Həmin o Beknazarov ki, erməni filmlərinin birində ona türk əsgəri rolunda oynamaq təklif olunanda bundan qəti şəkildə imtina etmişdi.
Bununla belə, filmdə tamaşaçıları vətənpərvər olmağa səsləyən səhnələr az deyil.
Ekranda pis güzərandan cana doymuş və öz hüquqları uğrunda mübarizəyə qalxmış kəndlilərin jandarmlar tərəfindən silah gücünə susdurulması təsvir olunmuşdur. Bu zaman iri planda, kəndlilərin ön cərgəsində ölmüş balaca uşaq göstərilir. Onun sıxılmış ovcunda daş var. Ustalıqla lentə alınmış bu epizoda həyəcansız baxmaq olmur. Ana ölmüş balasını qucağına alıb fəryad edir.
Tamaşaçı ilə birgə bu dəhşətli səhnəni seyr edən Səbuhi azadlığa gedən yolu mədəniyyətdə, maarifçilikdə aramağı qərara alır.
Belə bir təsirli epizodla biz Səbuhinin ərəb əlifbasının dəyişdirilməsi layihəsi ilə Türkiyəyə gedib Osmanlı din xadimləri qarşısında çıxış etməsində rastlaşırıq. Donmuş simalar, sərt və şübhəli baxışlar. Kinokameranın obyektivi bir-bir bu qoca simaları bizə göstərdikcə Səbuhi ilə birlikdə həyəcan keçirir, narahat oluruq.
Tarixdən bizə məlum olan Axundovla filmdəki Səbuhi arasındakı fərq birincinin xeyrinə olsa da, ümumiyyətlə, M.F.Axundov haqqında bədii filmin çəkilməsi müsbət haldır.
Bu filmin ikinci rejissoru Rza Təhmasib, baş operatoru Dmitri Feldman, ikinci operatoru Əsgər İsmayılov, bəstəkarı Tofiq Quliyev, geyim rəssamı İsmayıl Axundovdur.
Filmdə M.F.Axundovun arvadı Tubu xanımın obrazını Leyla Bədirbəyli, Abbasqulu ağa Bakıxanovu Ağadadaş Qurbanov, Mirzə Şəfini Ələsgər Şərifov, Vanonu Möhsün Sənani, Rzanı İsmayıl Əfəndiyev, Şeyx Əlini Kazım Ziya, akademiya rəisini Mustafa Mərdanov yaratmışlar.
Azərbaycan prezidenti İlham Əliyev böyük dramaturq M.F.Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamda deyilir ki, bütün həyatı boyu doğma vətəninin və xalqının tərəqqisi yolunda yorulmadan çalışaraq yeni dövrün irəli sürdüyü mühüm elmi, mədəni və ictimai-siyasi məsələlərə daim fəal münasibət ifadə edən və zamanın qabaqcıl ideyalarından bəhrələnməyə çağıran yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin inkişafı tarixində parlaq səhifə açan Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin təntənəli surətdə keçirilməsi təmin edilsin. Sərəncama əsasən, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında böyük yazıçı-dramaturqun həyat və yaradıcılığına həsr olunmuş “Sübhün səfiri” adlı tammetrajlı bədii film çəkilir.
Filmin ssenari müəllifi Anar, quruluşçu rejissoru Ramiz Həsənoğlu, quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamı Rafis İsmayılov, geyim rəssamı Tahir Tahirov, bəstəkarı Cavanşir Quliyev, II rejissoru Akif Rüstəmov, icraçı prodüseri Adil Qulamovdur.
Aydın Kazımzadə,
Əməkdar incəsənət xadimi
Mədəniyyət.- 2011.- 6 iyul.- S. 11.