Cənub
bölgəsində ekoturizmin
inkişafına dəstək
Təbii gözəlliyi, ekoloji
saflığı, zəngin mədəni irsi, mehriban və
qonaqpərvər insanları olan Azərbaycanın cənub
bölgəsi turizm əhəmiyyətli məkandır.
Bir tərəfdən Talış
dağları, digər tərəfdən Xəzər dənizi
ilə əhatələnməsi bu regionda turizmin əksər
növlərinin inkişafı üçün əlverişli
zəmin yaradır. Bu təbii imkanlardan yararlanaraq xüsusilə
ekoturizmlə bağlı müxtəlif layihələr həyata
keçirmək mümkündür.
“Şəfəq” Ekoturizm
İctimai Birliyi də bölgənin mövcud
potensialının tanıdılmasına, o cümlədən
ekoturizmin inkişafına dair layihələr həyata
keçirir. Birliyin rəhbəri Vamiq Babayevin sözlərinə
görə, qurum fəaliyyət göstərdiyi 2005-ci ildən
indiyədək turizm sahəsində 7 layihə icra edib. Layihələrin
reallaşdırılmasına Dünya Bankı, Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Dövlət
Məşğulluq Mərkəzinin Lənkəran filialı,
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası və Almaniya Texniki Əməkdaşlıq
Təşkilatı dəstək verib: «Bu layihələrlə
Cənub bölgəsində kənd-yaşıl turizmin və
ekoturizmin inkişafına dəstək vermək istəyirik.
Bu gün dünya turizm sənayesində kənd turizmi
mühüm yer tutur. Kənd ərazilərinin
landşaftı, tarixi-mədəni və digər amilləri
insanların fiziki və mənəvi bərpasına təsir
edən əvəzsiz qüvvələrdir. Kənd turizminin əsas
yerləşdirmə obyekti isə kənd evidir. Ev sahibi öz
evində turistləri qəbul etdiyi halda bu ev kənd qonaq evi
statusuna malik olur. Kənd qonaq evi adətən bir ailəyə
məxsus olmaqla, qısa müddət ərzində buraya qonaq
gəlmiş turistə yerləşdirmə, qidalanma, lazım
gəldikdə ekskursiya və digər xidmətləri təqdim
edən kiçik mehmanxana müəssisəsidir. Bütün
bunları nəzərə alaraq, layihə çərçivəsində
kənd-yaşıl turizmin reallaşdırılması
üçün əlverişli olan kənd evlərini müəyyənləşdirmişik,
həmin evlərin sahiblərinə Lənkəran rayonunda
müxtəlif maarifləndirici xarakterli təlimlər
keçmişik. Bu təlimlər kənd sakinlərinin evlərində
turistləri saxlamaq, onlara qulluq və davranış
qaydalarını əhatə edib».
Hazırda Prezident yanında QHT-lərə
Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə
Astara rayonunun Ojakəran kəndində yol infrastrukturunun
yaxşılaşdırılması istiqamətində layihə
həyata keçirdiklərini deyən V.Babayev bildirdi ki, bu da
kənd-yaşıl turizminin inkişafına yönəlik bir
layihədir: «Təşkilatımız eyni zamanda müxtəlif
yerli kənd icmaları və beynəlxalq təşkilatlarla
da əməkdaşlıq edir. Məqsədimiz beynəlxalq təşkilatları
regiona cəlb etmək və onların burada müxtəlif
istiqamətli layihələrin həyata keçirilməsinə
dəstək vermələrini təmin etməkdir. Hazırda
müxtəlif layihələr üzərində işləyirik”.
“Şəfəq” Ekoturizm
İctimai Birliyinin hazırladığı internet saytında
(www.southtourism.az) da cənub bölgəsində mövcud olan
turizm ehtiyatları və məhsulları haqqında geniş
informasiya yer alıb.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 6 iyul.- S. 10.