Pirşağı
Bakı
kəndləri
Dünyanın
dörd bir yanından ölkəmizə gələn turistlər
Azərbaycanın zəngin mədəni irsi, tarixi abidələri,
incəsənəti ilə heyranlıqla tanış olurlar. Ölkəmizin
bir sıra bölgələri bu tarixi-mədəni zənginliyi
özündə yaşadır. Bu sırada Abşeron
torpağının, Bakı kəndlərinin özünəməxsus
yeri var.
Ötən yay (iyul-avqust) Bakı kəndlərinin
bir qisminə baş çəkərək görməli yerləri,
mədəni, tarixi irsi, etnoqrafiyası haqqında bilgi və təəssüratımızı
oxucularla bölüşmüşdük. Həmin silsilədən
yazıları davam etdiririk. Bu dəfə yayın
cırhacırında dincəlməli, mənalı istirahət
etməli, gəzib-görməli məkanlardan birinə -
Pirşağı kəndinə baş çəkdik.
Pirşağı
kəndinin tarixi
Bakının qədim kəndlərindən
olan Pirşağının tarixi orta əsrlərə gedib
çıxır. Lakin mənbələrdə bu barədə
dəqiq tarixi bilgilərə rast gəlmədik. Xəzərin
sahilində yerləşən Pirşağının
etimologiyası haqqında isə müxtəlif versiyalar
mövcuddur. Alimlərin bir qismi “Pirşağı”
sözünün etimologiyasını “Pir Şahı” kimi izah
edirlər. Kəndin yaşlı sakinlərindən olan
Pirşağı məscidinin axundu Sənan dayı da bu
etimologiyanı tutarlı sayır. Onun sözlərinə
görə, Pirşağının min ildən çox
yaşı var: “Kəndin yaşı Tataz pirinin yaşı ilə
ölçülür. Burada əsrlərdən bəri Pir
Şahinin və onun müridi, Şeyx Məhəmmədin məzarüstü
abidəsi var. Tataz piri ziyarətgah olmaqla yanaşı həm
də müalicəvi məkan kimi fəaliyyət göstərir.
Ekzema xəstəliyinə tutulan adamlar pirə gəlib, ətrafdan
otu qırıb, yaxud torpaq götürüb dərilərinin
zədələnmiş yerinə sürtüb, müalicə
olunurlar. Bu vərdiş həmin yerdə ekzema müalicəsində
işlənən nəbatat növlərinin və şəfalı
palçıqların mövcud olduğunu sübut edir. Vaxtilə
burada fəaliyyət göstərmiş alim, təbib Pir
Şahinin də məhz təbiətin bu sirlərinə
yaxşı bələd olduğu üçün müalicəsi
yaxşı nəticələr vermişdir. Kəndbəkənd,
şəhərbəşəhər müalicəyə gələnlər
Pir Şahinin adını əbədiləşdirmiş, onu
müqəddəsləşdirmiş və məkan da onunla əlaqədar
Pir Şahı (Pirşağı) adını
almışdır”.
Daha bir fərziyyəyə görə,
“Pirşağı” ərəb mənşəlli
sözdür, “Pir aşiqləri” mənasına gəlir.
Dilşad Xəqaniqızının “Pirşağı
dünyası” adlı kitabında kəndin adı ilə
bağlı başqa versiya da irəli sürülür. Qeyd
olunur ki, Pir sözü türkcə “bir” (birinci) - öndə
gedən mənasını verir.
Pirşağılılar
Sənan dayının bildirdiyinə
görə, lap qədim zamanlardan Pirşağıda
yaşayan tayfalar Şıxlılar olub. Sonra burada Məmmədsəfililər,
Canahməmmədlilər, Əcəbsalam övladları,
Bayramlılar, Nağıyevlər, Hüseyncanlılar və
başqa tayfalar məskunlaşıb.
XIX əsrin sonlarında buranın
molla və axundları İraq və Nəcəfi-Əşrəfdə
oxuyub alimlik dərəcəsinə kimi yüksəlmişlər.
Axund Ağa Əlizadə, axund Hacı Zeynal Abidin, Hacı Əbu
Salam, Hacı Məcid, Əli İsgəndər, axund Rəşid,
Əhəd Məhəmməd Tağı oğlu, axund
Sadıq və başqalarının adları
Pirşağı tarixinə düşmüşdür. Qafqaz
müsəlmanlarının ilk şeyxi axund Zeynalabdin də
Pirşağı kəndindən idi.
Pirşağı əhalisinin əsas
məşğuliyyəti heyvandarlıq, quşçuluq, əkinçilik
olmuşdur. Bakı kəndlisi öz gündəlik ərzaq tələbatını
bağ və bostanı, şəxsi təsərrüfatı
hesabına ödəyirdi. Hətta kəndin yaşlı sakinlərinin
dediyinə görə, müharibə vaxtı əhali
aclıq nə olduğunu hiss etməyib. Ailənin əti,
yağı, südü, qaymağı öz təsərrüfatından
olduğu üçün o qədər də çətinlik
çəkmirdi.
Pirşağılıların ənənəvi
fəaliyyət sahələrindən biri də
bağçılıqdır. XIX əsrin ikinci
yarısından başlayaraq bəzi milyonçular
(H.Z.Tağıyev, M.Nağıyev və b.) Bakı ətrafı
kəndlərdə xüsusi istirahət bağları,
yaşıllıq guşələri saldırırdılar. Həmin
bağlar bu gün də qalmaqdadır. Dənizkənarı
sahələrdə Pirşağı bağları yerləşir.
Bağlara əhali yalnız yay mövsümündə
köçür.
Hazırda Pirşağının
13 min nəfərdən çox əhalisi var. Erməni
qüvvələrinin Dağlıq Qarabağ və ətraf
rayonları işğal etməsi nəticəsində
köçkün düşmüş əhalinin bir qismi (təxminən
5 min nəfər) Pirşağıda yerləşib.
Pirşağıda bir orta məktəb binası, bir internat
tipli məktəb, klub, kitabxana, ambulatoriya, təcili yardım
stansiyası, “Qızılqum” oynaq-dayaq xəstəliklərinin
müalicəsi sanatoriyası var.
Pirşağı həm də bir
çox tanınmış alim və geoloqların böyüyüb
boya-başa çatdığı məkandır.
Tanınmış neftçi-alim, ARDNŞ-in birinci
vitse-prezidenti Xoşbəxt Yusifzadə, general Kərim Kərimov,
geoloq Akif Əlizadə, Firuz Hacızadə, axund Ağa Əlizadə,
tarix elmlər namizədi İslam Yusifzadə bu torpağın
yetirmələridir.
Tarixi abidələri
Kənd sakinlərinin verdiyi məlumata
görə, Pirşağıda iki pir, 3 hamam, 4 ovdan olub.
Birinci qədim pir dənizə yaxın ərazidə yerləşmiş,
lakin sonralar adamlar bu ərazidən köçdükdən
sonra torpaq altında qalmışdır. Məlumdur ki, Pirşağı
özünün güclü şimal küləklərilə
məşhurdur. Güclü tufanlar nəticəsində dənizkənarı
yaşayış yerləri torpaq altında qalıb.
Pirşağının mərkəzi
kimi tanınan “Seyid Qədir” məscidi qədim tarixi abidə
kimi qorunur. Deyilənlərə görə, məscidin 600 ildən
çox yaşı var. Sovet hökuməti qurulandan sonra məscidin
fəaliyyətinə qadağa qoyulub. Bir müddət
taxıl anbarı kimi istifadə olunub. Hazırda məscid
yenidən fəaliyyət göstərir.
Pirşağıda dəniz qırağında qum hamamı kimi tanınan, XIX əsrdə tikilən “Hacı Şahverdi” hamamı da maraqlı quruluşuna görə fərqlənir. Vaxtilə hamamın yanındakı quyudan şirin su çıxarılıb. Pirşağıda bu gün də qorunub saxlanılan ikinci hamam Kərbəlayı Abusalamoğlunun hamamıdır. Bu tikili də tarixi abidə kimi qorunur.
Pirşağı Mədəniyyət
evində
Özünəməxsus tarixi olan Pirşağı Mədəniyyət evi bu gün də çoxşaxəli fəaliyyətini davam etdirir. 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə təmir edilən mədəniyyət evində müxtəlif ansambl və özfəaliyyət dərnəkləri var. Mədəniyyət evinin direktoru Baba Ramazanov: “Son illər fəaliyyətimizi daha da genişləndirmişik. Əlamətdar günlərdə tədbirlər təşkil edir, gəncləri özfəaliyyət dərnəklərimizə cəlb edirik. “Üçlük” və “Əks-səda” ansambllarımız bayram günlərində kənd sakinləri qarşısında çıxış edir. Bu yaxında İsveçrədən gələn rəssamlarla görüş oldu. Kəndin istedadlı balaca rəssamları ilə birgə isveçli rəssamlar xalça üzərindən naxışlar seçərək həmin naxışları divar üzərinə həkk etdilər”.
B.Ramazanov 2011-ci ilin “Turizm ili” elan olunması ilə əlaqədar “Gənc turist klubu” yaradıldığını da qeyd etdi: “Gənc turist klubu” layihəsinə Pirşağı qəsəbəsinin tarixi ilə tanışlıq, Bakı şəhərində yerləşən tarixi abidələrə ekskursiya və s. gəzintilər daxildir”.
Qeyd edək ki, Pirşağı Mədəniyyət evində məşhur neftçi-alim Xoşbəxt Yusifzadəyə həsr olunmuş xüsusi otaq da var. Burada X.Yusifzadənin fəaliyyəti ilə bağlı fotolar, kitablar, ona həsr olunmuş şeir, neft buruqlarının maketi və s. əşyalar gələn qonaqlara nümayiş olunur.
Yeganə Cansail
Mədəniyyət.- 2011.- 6 iyul.- S. 12.