İnsanlara inam, xalqa məhəbbət

 

  Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyətinin günəşi sayılır. Məhz o ucalıqdan nur içən silsilə dağların - yeni sənət zirvələrini fəth edənlərin də öz imzaları var: Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Soltan Hacıbəyov, Niyazi, Arif Məlikov... Bu möhtəşəm sırada öz yeri və yaradıcılıq üslubu olan Xalq artisti Aqşin Əlizadənin Azərbaycan bəstəkarlıq məktəbinin inkişafındakı xidmətləri əvəzsizdir.

  

   Teatrşünas Fərəh Əliyeva bu görkəmli bəstəkar haqqında belə yazır: «Aqşin Əlizadəni haqlı olaraq Azərbaycan musiqisinin klassiki, Üzeyir Hacıbəyli ənənələrinin ən parlaq davamçısı hesab edirlər. Üzeyir Hacıbəylinin musiqisinə xas gözəllik və nəciblik, həssas forma duyumu, xəlqilik, sözün əsl mənasında, klassik təfəkkür tərzi Aqşin Əlizadənin yaradıcılığında yeni səpkidə, müasir görümdə davamını tapır... Aqşin Əlizadə çağdaş dünya musiqisinin ən müxtəlif üslub təmayüllərinə, yazı üsullarına yaxşı bələddir».

   Elə bu səbəbdəndir ki, Aqşin Əlizadənin yaradıcılığı orijinaldır, özünəməxsusdur. Ötən əsrin 60-cı illərindən başlayaraq Aqşin Əlizadə bir çox həmkarı ilə birlikdə Azərbaycan musiqisində, yeni bir mərhələnin başlanğıcını qoydu. İstər müasir üsluba, istərsə də milli incəsənətin ənənələrinə Aqşin müəllim həmişə yeni gözlə baxır, yeni estetik mövqelərdən yanaşır. O, xalq musiqisinin dərin qatlarından aldığı qidanı çağdaş kompozisiya üsullarında birləşdirərək musiqi mədəniyyətimizə bir-birindən gözəl və yeni, o cümlədən nəhəng əsərlər bəxş edir. Əlbəttə, burada önəmli rolu Aqşin Əlizadənin istedadı oynayırsa, digər səbəb onun unudulmaz bəstəkar Cövdət Hacıyevin sinfində təhsil almasıdır.

   Aqşin Əlizadə istər kamera, istərsə də simfonik orkestr üçün bir-birindən orijinal və dəst-xətti ilə seçilən xeyli sayda simfonik əsərlər bəstələyib. Onun skripkaviolonçel üçün yazdığı poema və konsertləri musiqi dünyamızın maraqlı səhifələrini təşkil edir. Yaradıcılığının ilk dövrünə aid üç hissəli kamera simfoniyası bəstəkarın üslubunun mühüm keyfiyyətlərini üzə çıxarır. Eləcə də məşhur «Bayatılar» əsəri (xor üçün) Azərbaycan musiqisində müşayiətsiz xor üçün ilk silsilədir. Məhz Aqşin Əlizadə milli musiqimizdə bu janrın yaradıcısı kimi məşhurdur.

   Aqşin Əlizadə lirik bəstəkardır. Onun musiqisində dolğun, lirik melodiyalar, muğamlarımızın təsirli sədası, aşıq havalarının ruhu, xalq nəğmələrimizin ahəngi, döyüşkən oyunların ritmik naxışları, «Yallı»nın müxtəlif təsirləri, hətta təbiətin özündə olan səslər, avazlar duyulmaqdadır. Ona görə də Aqşin Əlizadə sənətinə istər tamaşaçılar, dinləyicilər, istərsə də teatrşünaslar və musiqiçilər tərəfindən böyük rəğbət və diqqət var. O, xalqımızın təbiətini, məişətini, ovqatını lirik düşüncələrlə musiqinin dilində ifadə etməyi bacaran ustad bəstəkardır. Təbiətindəki səmimiliyi, insanlara inamını, xalqına məhəbbətini yaradıcılığında əks etdirən bəstəkarın müxtəlif dövrlərdə yazılmış əsərləri bu səbəbdən də hər zaman müasir və təzətərdir.

   Həmişə iri əsərlər yazmağa marağı olankiçik əsərlərə «vaxt tapa bilmirəm» - söyləyən Aqşin Əlizadə iki baletin müəllifidir. Maraqlıdır ki, bəstəkar libretto seçəndə də həmişə tarixi mövzulara əsaslanır. Bu mənada onun «Babək» baleti haqqında ayrıca danışmaq lazımdır. Bu əsər üzərində 17 il işləyib. «Bu baletdə hər bir səhnəni yeni əsər kimi yazmışam. Məqsədim əyilməzliyimizi, gücümüzü bəyan etmək olub», - söyləyən bəstəkarın bu əsərinin uğurunu şərtləndirən səbəblər çoxdur. Musiqinin əzəməti, gözəlliyi öz yerində, Xalq rəssamı Tahir Salahovun, eləcə də məşhur opera-balet rəssamı Tahir Tahirovun əsərə tərtibat verməsi onun gözəlliyini, təsirini daha da artırmışdır.

   Bəstəkarın ikinci baleti «Qafqaza səyahət» adlanır. Məlumdur ki, XX əsrin ortalarında məşhur fransız yazıçısı Aleksandr Düma Qafqaza səyahət etmişdir. Bu səyahət vaxtı o, Azərbaycanda olmuş, Xurşidbanu Natəvanla, eləcə də digər məşhur şəxsiyyətlərlə görüşmüşdür. Tarixi mövzulara xüsusi maraq göstərən Aqşin müəllim baletin librettosunu da özü yazmışdır. Balet Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının səhnəsində uğurla nümayiş etdirilir. Xan qızı Natəvanın obrazını respublikanın Xalq artisti Mədinə Əliyeva yaradıb.

   Bu möhtəşəm əsərlərin məhz azərbaycanlı bəstəkar tərəfindən yazılması qəlbimizdə iftixar hissi doğurur. «Babək» baleti dünyanın bir çox səhnəsində tamaşaçı rəğbəti ilə qarşılanıb. Yəqin ki, proloq, epiloq və 4 şəkildən ibarət «Qafqaza səyahət» baletinin taleyiuğurlu olacaq. Çünki burada təqdim olunan hadisələrin əks-sədası çox genişdir. bu ahəngin ruhunda duyulan fransız musiqisi də təbii səslənir. Əsərdə müasir xoreoqrafik konsepsiyanın mühüm tələbləri yüksək səviyyədə yerinə yetirilərək son dərəcədə yaddaqalan orijinal süjetli bir balet meydana gəlmişdir. Yəqin ki, baletin məziyyətləri haqqında mütəxəssislər öz rəylərini bildirəcəklər.

   Aqşin Əlizadə, qeyd etdiyimiz kimi, həmişə irihəcmli əsərlərə meylli olduğundan cəmi 7-8 mahnı yazıb. Maraqlıdır ki, onun ilk nəğməsini - «Mənim anam»ı 1957-ci ildə Xalq artisti Sara Qədimova oxuyub. İkinci mahnısını - «Bahar nəfəslim»i isə Xalq artisti Şövkət Ələkbərova ifa edib.

   «İçimdən tələb gəlməsə, mahnı yaza bilmərəm. Mən bütün varlığımla simfonik əsərlərə bağlıyam. Gecə-gündüz daim bu yolda öz axtarışlarımı davam etdirirəm» - deyə fikirlərini bizimlə bölüşən Aqşin Əlizadə 40-dan çox filmə və tamaşalara musiqi bəstələyib. «Tütək səsi», «Təkcə adanı özünlə apara bilməzsən», «Qızıl qaz», «Uşaqlığın son gecəsi», «Mən sizi dünyalar qədər sevirdim» və s. filmlərdəki həzin, eləcə də coşqun musiqi tamaşaçıların yadındadır.

   Aqşin Əlizadə həm də Sovet İttifaqı Qəhrəmanı, Azərbaycanın igid övladı Mehdi Hüseynzadənin bacısı oğludur: «Gözümü açandan anam Bikəxanımın dayım haqqında söylədiyi maraqlı hadisələri eşitmişəm. Mehdinin üç yaşım olanda mənə göndərdiyi fotoşəkili də indiyəcən saxlayıram. Şəklin arxasında dayımın öz əli ilə yazdığı cümlələr həyatımın, demək olar ki, işığına çevrilib». «Bəs nə əcəb Aqşin Əlizadə dayısı Mehdi Hüseynzadə haqqında musiqi əsəri yazmayıb» - sualımıza qəribə cavab aldıq: «Yəqin ki, siz «Uzaq sahillərdə» filminə baxmısınız. O filmin musiqisi böyük bəstəkarımız Qara Qarayevə məxsusdur. Həmin musiqinin özü ayrıca bir gözəl əsərdir. Radioda tez-tez səsləndirirlər. Elə paklıq, ilkinlik var ki, ona toxunmaq, onun gözəlliyini dağıtmaq günahdır. Qara Qarayev Mehdi Hüseynzadə ilə bağlı elə bir musiqi əsəri yazıb ki, mən bu mövzuya heç vaxt müraciət edə bilmərəm. Çünki bir mövzuda kimsə yazırsa və bu, çox əzəmətli, güclü alınırsa, sən öz daxili imkanlarını nəzərə almalısan, o səviyyədə, o möhtəşəmlikdə qüdrətini göstərə bilərsən, ya yox? Mənə elə gəlir ki, Qara Qarayev musiqisi bənzərsizdir. Bu səbəbdən də mən heç vaxt bu mövzuda yazmaq haqqında düşünmürəm».

   Musiqi mədəniyyətimizin inkişafında böyük xidmətləri olan Aqşin Əlizadə 40 ilə yaxındır ki, Bakı Musiqi Akademiyasında, Yusif Məmmədəliyev adına Naxçıvan və Türkiyənin Van universitetlərində dərs deyir. Gələcək bəstəkarların, musiqiçilərin yetişməsində böyük fədakarlıq göstərir.

   Qəribədir, o, dünyaya ancaq səslərlə baxır. Gördüyü hər bir rəngi, möcüzəni, hadisəni, qəribəliyi, mütləq səslərin içindən keçirir. Onun ahəngində, məhz səs gözəlliyi, səs incəliyi, səs təsiri axtarır. Varlığı ancaq səsə aludə olmuş Aqşin Əlizadə, bütün dövrlərdə, bütün məqamlarda öz həmkarlarının hamısı ilə ünsiyyət bağlamağı, dostluq etməyi və bu dostluqda sədaqətli olmağı, nümunə göstərməyi bacarır. Onun fikrincə, Azərbaycanın tanınmış bəstəkarlarının hamısı gözəldir. O, heç bir sənət adamının, musiqiçinin bir-birinə münasibətdə hansısa bir incikliyin, narazılığın olacağına inanmır: «Biz gəldi gedərik, qalan sənətdir. Hər birimiz bu sənətə xidmət edirik». Onu narazı salan başqa məsələdir. Musiqiyə, xüsusilə də bəstəkarlığa elə-belə yanaşmaq, təhsil görmədən, notu bilmədən, «bəstəkaram, mahnı yazıram» - söyləmək çox gülüncdür. Tarixən həmişə hər hansı bir musiqinin, xüsusilə də mahnı janrının yaranmasında üç şəxsin rolu danılmazdır. Şair, bəstəkar, ifaçı. Təəssüf ki, indiki dövrdə bunun hamısı bir adamda “cəmləşir”. Əlbəttə, bu istedaddan gəlmir, sadəcə sənətə, musiqiyə biganəlikdir, onun məsuliyyətini dərk etməməkdir. Amma qəribədir ki, bu təzə «bəstəkarlar» heç vaxt böyük, deyək ki, simfonik əsərlərə müraciət etmirlər. Çünki simfonik əsəri yazmaq asan deyildir. Yaxşı olardı ki, mahnıya bəslənən biganə münasibətlərə də son qoyulaydı. Bizim ən yaxşı mahnılarımızı xalq özü yaradıb. Heç olmasa xalqın iradından çəkinək.

   Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aqşin Əlizadənin arzuları çoxdur. O, tarixi mövzularda yeni iri musiqi əsərləri üzərində işləmək fikrindədir. «Hələlik müşahidələr aparır, ayrı-ayrı musiqi parçaları üzərində çalışıram» - söyləyən Aqşin Əlizadəyə yeni səhnə uğurları, tamaşaçı alqışı gətirən xoş günlər arzulayırıq.

  

 

   Flora Xəlilzadə

   yazıçı-publisist

 

   Mədəniyyət.- 2011.- 6 iyul.- S. 13.