Bakıda
dünya şöhrətli müğənni
Müslüm Maqomayevin
barelyefi açıldı
“Zəmanəmizin
musiqi dünyasının ən parlaq ulduzlarından olan
Müslüm Maqomayevlə bağlı xatirələr Azərbaycan
xalqının qəlbində daim yaşayacaq”
İyulun 6-da dünya şöhrətli
Azərbaycan musiqiçisi, müğənni və bəstəkar,
Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm
Maqomayevin Bakıda vaxtilə yaşadığı binada (Fikrət
Əmirov, 1) barelyefinin açılışı oldu.
Barelyefin müəllifi görkəmli heykəltəraş,
Xalq rəssamı Ömər Eldarovdur.
Müslüm Maqomayevin məşhur
“Azərbaycan” mahnısının sədaları altında
barelyefin üzərindən ağ örtük
götürüldükdən sonra mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev tədbirdə
çıxış etdi. Müslüm Maqomayevin Azərbaycan
mədəniyyətini dünyaya tanıdan böyük sənətkar
olduğunu vurğuladı: “Dünyanı fəth edən
bariton səsli məşhur musiqiçi Müslüm
Maqomayevin ecazkar səsi heç zaman qulaqlarımızdan getməyəcək
və bu səs bizə hər zaman zövq verəcək. Zəmanəmizin
musiqi dünyasının ən parlaq ulduzlarından olan
Müslüm Maqomayevlə bağlı xatirələr Azərbaycan
xalqının qəlbində daim yaşayacaq”.
Nazir mərasimin keçirilmə
tarixinin də təsadüfi olmadığını dedi. Qeyd
olundu ki, 6 iyul Müslüm Maqomayevin ömür-gün
yoldaşı, məşhur müğənni, SSRİ Xalq
artisti Tamara Sinyavskayanın ad günüdür: “Bu barelyef
Tamara xanıma bir hədiyyədir”.
Mədəniyyət və turizm
naziri Bakıda Müslüm Maqomayevin büstünün
qoyulacağını da bildirdi. Nazirin sözlərinə
görə, Bakıdakı musiqi məktəblərindən
birinə dahi musiqiçinin adı verilib və həmin musiqi
ocağının qarşısına dahi müğənninin
büstü qoyulacaq.
Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli
2012-ci ildə böyük sənətkarın 70 illik
yubileyinin qeyd ediləcəyini, bu münasibətlə silsilə
tədbirlər keçiriləcəyini bildirdi. Bu tədbirlər
çərçivəsində Müslüm Maqomayevə həsr
olunmuş beynəlxalq musiqi müsabiqəsi təşkil
olunacaq.
Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə
müğənninin “Azərbaycan” mahnısını
müasir Azərbaycanın simvolu adlandırdı: ”O, unikal səsə
malik idi. Müslüm bu gün də bizimlədir, o daim
yaşayacaq”.
Rusiyanın Azərbaycandakı səfiri
Vladimir Doroxin uşalıqdan Müslüm Maqomayevin ifasına
heyranlığını, onun musiqisinin hər zaman yüksək
səviyyə göstəricisi olduğunu vurğuladı. O,
böyük musiqiçinin Azərbaycan və Rusiya əlaqələrinin
möhkəmlənməsinə mühüm töhfə
verdiyini bildirdi.
Xalq artisti Xuraman Qasımova da dahi sənətkarın
qeyri-adi səsə malik istedad sahibi olduğunu söyləyərək,
onu Azərbaycanın fəxri adlandırdı.
Xalq artisti, kinorejissor Eldar Quliyev
Müslüm Maqomayevlə bir binada
yaşadığını, onunla qonşu, yaxın dost
olduğunu dedi: “Bu gün burda dayanıb nəsə demək mənə
çox çətindir. Biz burada Müslümlə qonşu
olmaqla bərabər daim yaradıcı fikir mübadilələri
etmişik. O, daxilən çox güclü insan idi”.
Barelyefin müəllifi, Rəssamlıq
Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov
böyük musiqiçiyə ehtiramını dilə gətirdi:
“Müslüm Maqomayev ifa etdiyi hər mahnıda, ariyada bir
dünya yaradırdı”.
Mərasimin sonunda
çıxış edən sənətkarın
ömür-gün yoldaşı Tamara Sinyavskaya barelyefin
açılmasında zəhməti olan bütün insanlara
minnətdarlığını bildirdi: “Mən, bu an hisslərə
qapıldım və 1972-ci ildən bəri Müslümlü
həyatım gözlərimin önündə canlandı.
Müslümün vətənində belə böyük bir
sevgi ilə anılması mənə mənəvi güc
verir. Çox sevinirəm ki, Müslüm hər zaman
böyük hörmətlə anılır. Bütün
bunları gördükdən sonra tam əminliklə deyə
bilərəm ki, Müslüm Maqomayev heç vaxt unudulmayacaq.
Buna görə şəxsən prezident İlham Əliyevə
və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya
minnətdarlıq edirəm. Müslümü sevdiyim kimi, Azərbaycanı
da sevirəm”.
Reyhan
Mədəniyyət.-
2011.- 8 iyul.- S. 4.