Xalça Muzeyində ABŞ-dakı Qarabağ Fondunun rəhbərliyi ilə görüş

 

   İyulun 7-də Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi və «Azərbaycan xalçaçıları» İctimai Birliyi Amerika Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru, «Qarabağ Fondu»nun direktorlar şurasının sədri Adil Bağırovla görüş keçirdi.

  

   Muzeyin direktoru Röya Tağıyeva tədbiri açaraq «Qarabağ Fondu» tərəfindən Vaşinqtonda «Azərbaycan xalçaları» aylığı çərçivəsində silsilə tədbirlər keçirilməsindən, bu sərgilərdə Azərbaycan xalçaçılıq məktəbləri və Azərbaycanda bu qədim sənətin ənənəsi haqqında məlumatlar verilməsindən danışdı. Bildirdi ki, fondun iyun ayında təşkil etdiyi onlayn sərgidə xalça muzeyinin saytına müraciət edərək Azərbaycanın 7 xalçaçılıq məktəbinin fotolarından istifadə edilib. R.Tağıyeva muzey və «Azərbaycan xalçaçıları» İctimai Birliyi tərəfindən gələcək əməkdaşlıq proqramını A.Bağırova təqdim etdi. Proqrama əsasən ilkin olaraq «Əjdahalı xalçalarla Böyük İpək yolunda» sərgisinin təşkil olunması irəli sürülüb.

   Daha sonra çıxış edən “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması İctimai Birliyi”nin rəhbəri Bayram Səfərov müxtəlif ölkələrdə milli xalçaların başqa adlar altında təqdim olunmasından danışdı: “Bu işlərin qarşısını almalıyıq. Dövlət tərəfindən Azərbaycan xalçası, muğamı və mədəniyyətin digər sahələrinin inkişafı üçün yetərincə dəstək var. Ona görə də tarixən bizə məxsus mədəni irsimizi dünyaya sübut etməliyik».

   B.Səfərov Azərbaycanın müxtəlif yerlərində Qarabağ xalçası toxumaq üçün sexlər yaradılacağını bildirdi. Bu xalça sexlərinin tikilməsi qaçqınlar və məcburi köçkünlər arasında işsizliyin aradan qaldırılması, bu xalçaların məhz Azərbaycana məxsusluğunun dünya ictimaiyyətinə sübut olunmasına səbəb olacaq.

   «Qarabağ Fondu»nun direktorlar şurasının sədri A.Bağırov isə nəzərə çatdırdı ki, Amerikanın aparıcı jurnallarında erməni müəlliflərin xalçalar haqqında məqalələri dərc olunsa da, Azərbaycan müəlliflərinin yazılarına rast gəlinmir: “Ermənilər öz məqalələrində Qarabağ və Naxçıvan xalçalarını erməni xalçası kimi təqdim edirlər. Bu vəziyyəti dəyişməliyik. Avropa ölkələrində, Amerikada Azərbaycan xalçaları haqqında ingilis dilində materiallar çap etdirməliyik».

   Görüşdə Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin, işğal altında olan rayon muzeylərinin əməkdaşları, digər qonaqlar iştirak edib.

   Qeyd edək ki, ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu qeyri-siyasi və qeyri-kommersiya təşkilatıdır. Fondun əsas məqsədi Azərbaycanın, xüsusilə Qarabağ bölgəsinin mədəniyyətini, incəsənətini, memarlığını, mətbəxini, tarixini Amerikada təmsil etməkdir.

  

 

   Gülər

 

   Mədəniyyət.- 2011.- 8 iyul.- S. 5.