“Artıq
hər kəs Azərbaycanda turizmin perspektivli sahə
olduğunu görür”
“Gilan
Tourism” şirkətlər qrupunun baş koordinatoru Xəlil
Duru:
“Çalışırıq
ki, qonaqlarımız heç bir halda bizdən narazı getməsin”
«Gilan Tourism» şirkətlər
qrupunun baş koordinatoru, türkiyəli mütəxəssis Xəlil
Duru turizm sahəsində 30 ildən artıq təcrübəyə
malikdir. Bu sahədə müxtəlif
işlərdə çalışıb. 17
yaşında hoteldə ofisiant köməkçisi kimi işə
başlayıb. Ofisiant, qida şöbəsinin
müdiri, icraçı menecer köməkçisi,
icraçı menecer işləyib. Özünün
dediyi kimi, vəzifə pilləkənlərini bir-bir
qalxıb. 2008-ci ildən Azərbaycanda
çalışır. Bizimlə söhbətində
buradakı fəaliyyətindən danışdı, Azərbaycanda
turizmin vəziyyəti, Türkiyə təcrübəsi ilə
bağlı fikirlərini bölüşdü.
- Xəlil bəy, artıq
dördüncü ildir ki, Azərbaycanda işləyirsiniz. Ölkəmizdə turizmin inkişafını necə
qiymətləndirirsiniz?
- Azərbaycanda turizm inkişaf
edir. Bu danılmaz faktdır. Xüsusilə son illər bu sahədə
böyük işlər görülür, Mədəniyyət
və Turizm Nazirliyi də bu yöndə lazım olan
bütün addımları atır. Bununla
yanaşı, bir sıra məsələlər həllini
tapmalıdır. Bunlardan birincisi hotellərin
və turizm şirkətlərinin bir-biri ilə normal əməkdaşlığının
təmin olunmasıdır. Hər kəs
ayrı-ayrılıqda çalışmaq və yüksək
nəticə əldə etmək istəyir. Əslində isə belə olmamalıdır. Turizm şirkətlərinin və hotellərin fəaliyyətini
vahid mərkəzdən idarə edən ictimai qurum
olmalıdır. Hazırda bu işi Azərbaycan
Turizm Assosiasiyası (AZTA) yerinə yetirir. Burada
hotellər və turizm şirkətləri bir araya gəlir.
Amma bu da yeni qurumdur. Yəqin
ki, müəyyən müddətdən sonra hotellər və
turizm şirkətlərinin rəhbərləri Turizm
Assosiasiyası ilə əməkdaşlığın
effektini daha bariz hiss edəcəklər. Türkiyədə
Səyahət Agentlikləri Birliyi (TURSAB) adlı qurum fəaliyyət
göstərir. Buraya ölkənin
bütün turizm şirkətləri daxildir. Azərbaycanda da turizm fəaliyyəti ilə məşğul
olan bütün qurumlar AZTA-ya inanmalı və ona üzv
olmalıdır. Məsələnin bir tərəfi
də ondan ibarətdir ki, AZTA dövlət qurumları ilə
yaxından əməkdaşlıq etməli və müəyyən
səlahiyyətlərə malik olmalıdır. Sonra isə bu səlahiyyətlər daxilində
öz üzvlərinə kömək etməlidir. Çünki AZTA-nın səlahiyyəti olmasa,
öz üzvlərinin də problemlərini həll edə bilməz.
Konkret olaraq bizim şirkət Mədəniyyət və Turizm Nazirliyi , həm də AZTA ilə yüksək
səviyyədə əməkdaşlıq edir.
- Turizm sahəsində
inkişafı ləngidən amillər kimi nələri
görürsünüz?
- Qeyd etdiyim kimi, biz öncə
hotellərlə turizm şirkətləri arasında normal
qarşılıqlı münasibətlərə nail
olmalıyıq. Turizm şirkəti xaricdən
turistin ölkəyə gəlməsini,
qarşılanmasını və yerləşdirilməsini təmin
edir. Bu işin müqabilində isə
hoteldən həmin şirkətə müəyyən faiz
güzəşt edilməlidir. Əslində
turizm şirkətinin əsas qazancı da elə budur. Sizə adi bir misal deyim. Bir dəfə
xaricdən qonaqlarımız gəlmişdi. Bir hotellə onların yerləşdirilməsi ilə
bağlı danışdıq, yerləri
bronlaşdırdıq. Sonra elə olub ki,
qonaqlarımız özləri də təsadüfən həmin
hotelə gedərək otaq götürüblər. Maraqlananda məlum oldu ki, hotel turizm şirkəti
olaraq bizə təklif etdiyi qiymətləri eynilə konkret
müştəriyə də təklif edib. Halbuki hotellər turist şirkətlərinə daha
güzəştli qiymətlər təqdim etməlidirlər
ki, bu işdə qarşılıqlı maraq olsun. Əks halda, turizm şirkəti nəyə
lazımdır? Deməli, bizdə hələ
hotel-turizm şirkəti münasibətləri
formalaşmayıb.
İkincisi, turizm obyektlərində hazırda narahatlıq yaradan məqamlardan biri xidmətin səviyyəsidir. Bu sahədə təcrübəli işçilər azdır. Məlumdur ki, bu il Bakıda yeni beynəlxalq brendli hotellər istifadəyə veriləcək. Tutaq ki, onların bəzi rəhbər işçiləri xaricdən dəvət edildi. Axı hotelin bütün işçilərini xaricdən dəvət etmək mümkün deyil. Ofisiant, qeydiyyat, təsərrüfat şöbəsində çalışmaq üçün yerli təcrübəli əməkdaşlar lazımdır. Çünki qonağa yüksək səviyyəli xidmət göstərmək lazımdır ki, növbəti dəfə ölkəyə gələndə də həmin hoteli seçsin.
- Bəs bu problemi necə həll etmək
olar?
- İlk növbədə
hotellər öz əməkdaşlarına treninqlər təşkil
etməlidir. Mən həmişə öz
hotellərimdə işçilərə özüm treninq
verirəm. İşçiləri 3-4 ay əvvəldən
işə götürürəm, onları
hazırlayıram, bundan sonra isə hotel fəaliyyətə
başlayır. Bu halda hoteldə xidmətin səviyyəsindən
danışmaq mümkündür. Bu təcrübə
Türkiyədə geniş yayılıb. Eyni firmaya aid olan hotellər
özləri turizm üzrə peşə liseyi yaradırlar. Həmin
liseyin məzunlarını sonradan öz hotellərində
işə götürürlər. Belə
olduqda insanlar da ürəklə həmin liseyə oxumağa gəlirlər.
Çünki bilirlər ki, oxuduqdan sonra
işsiz qalmayacaqlar. Digər tərəfdən,
lisey, məktəb aça bilməyən hotellər öz əməkdaşlarını
pullu kurslara göndərirlər. Türkiyədə
hətta aşpazlıq kursları da var. Bundan əlavə,
hoteldə çalışmaq istəyən insanları turizm
sahəsində təcrübəsi olan ölkələrin
hotellərində bir neçə aylıq təcrübə
keçməyə göndərirlər. Amma
bu artıq dövlət hesabına olur.
- Azərbaycanda da dövlət
hotel sahəsində peşə hazırlığına diqqət
verir. Azərbaycan Turizm İnstitutunun nəzdində peşə-hazırlıq
kurslarının təşkili də buna nümunədir...
- Bunu çox təqdir olunası
hal kimi dəyərləndirirəm. Qəbələdə
və İsmayıllıda belə kurslar artıq fəaliyyət
göstərir. Bunlar Mədəniyyət və
Turizm Nazirliyinin gördüyü işlərin nəticəsidir.
Eyni zamanda biz özümüz də bu işlərdə
dövlətə dəstək olmalıyıq. Məsələn, biz də ehtiyac olanda əməkdaşlarımızı
xarici ölkələrdə təcrübə kursu keçməyə
göndəririk. Yəni işimizin effektli
alınması üçün lazım olan bütün
addımları atırıq. Çalışırıq
ki, qonaqlarımız heç bir halda bizdən narazı getməsin.
- «Gilan Tourism»in əksər
hotelləri regionlarda fəaliyyət göstərir. Hazırda Azərbaycan hotellərində qiymətlərin
yüksək olması çox müzakirə edilir. Bu baxımdan siz qiymət siyasətini necə tənzimləyirsiniz?
- Mövsümdən əvvəl Mədəniyyət
və Turizm Nazirliyinin qiymətlərin endirilməsi ilə
bağlı tövsiyəsini nəzərə alıb, Qəbələdəki
iki beşulduzlu hoteldə qiymətləri 15 faiz
aşağı saldıq. Bundan əlavə,
iyulun 1-dən yeni hazırladığımız paketi turistlərə
təqdim edirik. Paketə “tam pansion”, səhər,
günorta, axşam yeməyi və gecələmə daxildir.
Bu paketin qiyməti bir nəfər
üçün 85 manat müəyyənləşdirilib.
Paketlər 4 günlük və 7
günlükdür. Bunu ona görə
etmişik ki, hotellərimizə daha çox turist cəlb edək.
- Bakıdakı hotellərinizlə
rayondakı hotelləriniz arasında qiymət fərqi nə qədərdir?
- Biznes hotellə resort, yəni
istirahət hotellərinin təklif etdiyi xidmətlər
müxtəlifdir. Ona görə də
onların satış-bazarlama strategiyası da fərqli
olmalıdır. Biznes hotelləri
müştəriyə bir qiymət verir, ona müştəri
gətirən turizm şirkətinə isə başqa qiymət.
Turizm şirkətlərinə verilən qiymət
təbii ki, güzəştli olur. İlk baxışdan
bu fərq o qədər də hiss olunmur. Amma
müəyyən məqamlarda onu görmək
mümkündür. Məsələn, tutaq ki, hər
hansı bir turizm şirkəti mənə zəng vurub dedi ki,
50 nəfərlik qrup üçün mənə qiymət
söylə. O, məndən 50 nəfərlik otaqlar, 3-4
gün qalmaq, iclas keçirmək üçün konfrans
zalı, iclas arasında kofe-breyk istəyirsə, təbii ki, mən
ona endirimli qiymət təklif edəcəyəm. Əks halda, bir başqa hotel o endirimi edəcək.
Bu baxımdan rəqabət hər bir zaman
olmalıdır. Çünki rəqabət
keyfiyyəti yüksəldir.
- Azərbaycanda fəaliyyət
göstərən hotellərdə yerli mütəxəssislərdən
az istifadə edilməsi gündəmdə
olan məsələlərdəndir. Tabeçiliyinizdə
olan hotellərdə azərbaycanlı kadrlardan istifadə
edirsinizmi?
- Mənim bu məsələ ilə
bağlı heç bir narahatlığım yoxdur. Mən Azərbaycana gələndə Qəbələdəki
«Qafqaz Resort» hotelinin icraçı meneceri, bütün
departament müdirləri Türkiyədən dəvət
edilmişdi. Hotelin şef aşpazı da
türkiyəli idi. Onun yanında bir azərbaycanlı
köməkçisi vardı. Hazırda həmin
hotelin şef aşpazı azərbaycanlıdır. Bundan əlavə, baş mühasib, texniki
şöbənin müdiri, ön büro müdiri azərbaycanlı
qardaşlarımızdır. Eləcə
də «Qafqaz Riverside» hotelində İT meneceri,
satış-bazarlama şöbəsinin müdiri də azərbaycanlıdır.
Yəni kimdə bir balaca bacarıq varsa, onu irəli
çəkirik. Bir neçə ilin
içərisində hotel müdiri olmaq mümkün deyil.
Mən 31 ildir turizm sahəsində
çalışıram, amma cəmi 10 ildir baş müdir vəzifəsinə
yüksələ bilmişəm. İnsanı
idarə etmək çox çətin məsələdir.
Xüsusilə hotel meneceri bacarıqlı və
təcrübəli şəxs olmalıdır.
- Bir neçə gün əvvəl
ölkə başçısının iştirakı ilə
«Kempinski»nin açılışı
oldu. Bu hotel müştəriləri nə
vaxtdan qəbul etməyə başlayacaq?
- «Kempinski»nin
283 nömrəsi, 38 rezidensiyası var. Kompleks hotel üstəgəl
rezidensiya kimi fəaliyyət göstərəcək. «Kempinski» Azərbaycanın ən böyük hotel
kompleksi olacaq. Sentyabrın axırından
tam fəaliyyətə başlayacaq. Bu
hotel, bildiyiniz kimi, beynəlxalq şəbəkə hotellərinə
aiddir. Ona görə də “Kempinski”ni
Avropadan gələn mütəxəssislər idarə edəcəklər.
- Və sonda. “Turizm
ili”ndən nələr gözləyirsiniz?
- “Turizm ili” ilə
bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
müxtəlif çoxsaylı tədbirlər keçirilir.
Turizm sektorunun nümayəndələri də
artıq bu sahəyə fərqli gözlə baxmağa
başlayıblar. Turizmin perspektivli və
maraqlı sahə olması fikri formalaşıb. Sizə bir faktı deyim. Qəbələdə
ilk hotelimizi açanda işçi qəbul etməkdə
çətinlik çəkirdik. İşçi
axtaranda “mən ofisiant ola bilmərəm,
başqalarına qulluq edə bilmərəm” deyirdilər. Amma indi hamı bu sahədə işləmək istəyir.
Çünki turizm sahəsindəki gözəllikləri
kəşf edirlər. İndi gələn
qonaq da razıdır, işləyən də. Əsl məsələ də elə budur.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 8 iyul.- S. 9.