Muğam Teatrı Türkmənistanda konsert proqramı ilə çıxış
edəcək
Arif
Qazıyev: «Mədəni mübadilə əlaqələrin
genişlənməsinə xidmət edir»
İçərişəhərdə,
qədim karvansarada yerləşən Muğam Teatrının
fəaliyyəti daim mədəni ictimaiyyətin diqqətini
çəkir. 22 ildir ki, ölkəmizdə və xaricdə
milli muğamlarımızın təbliğinə töhfələr
verən Muğam Teatrı mütəmadi olaraq yeni layihələrlə
gündəmə gəlir. Teatrın qurucusu və baş
rejissoru Arif Qazıyevlə söhbətimiz də yeniliklərlə
bağlı oldu.
- Arif müəllim, Muğam Teatrının
kollektivi ötən il İranda maraqlı konsert proqramı ilə
çıxış etmişdi. Bu il hansı xarici ölkəyə
qastrol səfərinə hazırlaşırsınız?
- Türkmənistana qastrol səfərimiz
nəzərdə tutulub. Əslində, belə bir təşəbbüs
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov
tərəfindən hələ 3 il bundan əvvəl irəli
sürülmüşdü. O, 2008-ci ildə Bakıya səfəri
zamanı Muğam Teatrına baş çəkmişdi.
Muğam Teatrı kollektivinin
çıxışlarını yüksək qiymətləndirən
Türkmənistan prezidenti fəaliyyətimizlə
maraqlanmışdı. Ona teatr barəsində məlumat
verdik. Bizi diqqətlə dinlədikdən sonra dedi ki, biz bu
Muğam Teatrının kollektivini Türkmənistanda məmnuniyyətlə
gözləyirik.
Türkmənistanın Azərbaycandakı
səfiri də bir dəfə kollektivin ifasını dinlədi,
Muğam Teatrının fəaliyyəti barədə məlumat
topladı. İndi dost ölkəyə səfərə
hazırlaşırıq.
Bir məqamı da diqqətə
çatdırım ki, bizim Türkmənistanda geniş
diasporumuz var, orada 300 min azərbaycanlı yaşayır. Bu
baxımdan Muğam Teatrının Türkmənistana səfəri
onlar üçün də maraqlı olacaq. Qastrol səfəri
sentyabrın sonu - oktyabrın əvvəllərində nəzərdə
tutulub. Səfərə 20 nəfərlik heyətlə gedəcəyik.
Kollektivdən əlavə, qastrol səfərinə Türkmənistanda
çox sevilən müğənnilərimiz Gülyaz və
Gülyanaq Məmmədova bacılarını da dəvət
etməyi planlaşdırırıq. Əlbəttə belə
bir mübadilə, qastrol səfərləri ölkələrimiz
arasında əlaqələrin genişlənməsinə xidmət
edir. Məsələn, bir neçə ay öncə bizim
teatrın üç əməkdaşı Kazanda konsert
proqramı ilə çıxış etdi. Bütün bunlar
həm də Muğam Teatrının yaradıcılığına
əlavə stimul verir.
- Arif müəllim, respublika
daxilində, rayonlarımızda konsert proqramları ilə
çıxış etmək imkanınız olurmu?
- İki əlamətdar gün, 15
İyun - Milli Qurtuluş Günü və 26 İyun -
Silahlı Qüvvələr Günü ərəfəsində
Sabirabad, Salyan, Neftçala, Qazax, Tovuz və Qusarda konsert
proqramları ilə çıxış etdik. İstər
adi insanlar, istərsə də əsgərlərimiz kollektivin
ifasından çox razı qaldı. Onu da deyim ki, sənətçilərin
hərbi hissələrdə, əsgərlər
qarşısında müntəzəm
çıxışlar etməsi çox vacibdir. Bu hərbçilərimizin
xidməti fəaliyyətinə də müsbət təsir edən
amildir. Rayonlarda konsertlərdə çoxları deyirdilər
ki, biz Muğam Teatrının adını eşitmişdik,
amma ifasını dinləməmişdik. Nə yaxşı
ki, rayona gəldiniz.
- Tanınmış sənətkarların
xatirə və yaradıcılıq gecələrini
keçirən Muğam Teatrında bu ənənə bu
gün necə yaşadılır?
- Bu tədbirlərin keçirilməsi
Muğam Teatrında həqiqətən də bir ənənə
halını alıb və biz bu işi davam etdirməkdəyik.
Məsələn, elə sənətkarlar var ki, onlar az-az
xatırlanır, yada salınır. Onlarla bağlı tədbirlər
keçiririk. Böyük sənətkarlarımızın
yaradıcılıq gecələrini keçiririk. Bu aydan
başlayaraq Arif Babayevin, Ağacəbrayıl Abasəliyevin, Əbülfət
Əliyevin yaradıcılıq gecələrini keçirməyi
planlaşdırırıq.
- Ötən söhbətimizdə
«Vağzalı» adlı film çəkmək istədiyinizi
demişdiniz. Bu iş nə yerdədir?
- Bu filmlə «Vağzalı»
havasının haradan gəldiyini, yaranma tarixçəsini
göstərməklə yanaşı, mahiyyətini də
açıqlayacağam. Açığını deyim,
«Vağzalı» havası ola-ola toylarımızda «Mendelson
marşı»nın çalınmasını qəti şəkildə
qəbul etmirəm. Özümüzün gül kimi musiqimiz
var. Yəqin ki, filmi yaxın aylarda başa
çatdıracağıq.
- Bu yaxınlarda növbəti
«Muğam» televiziya müsabiqəsi başa çatdı. Bu
müsabiqədə iştirak edən gənc
ifaçıların çıxışlarını necə
qiymətləndirirsiniz?
- Azərbaycanda muğam müsabiqələrinin
keçirilməsi çox təqdirəlayiq haldır. Eyni
zamanda, yaxşı olardı ki, muğam müsabiqəsinin
qalibləri müəyyən teatrlara qəbul edilsin və gələcəkdə
peşəkar ifaçı kimi püxtələşsinlər.
Mən görürdüm ki, bu müsabiqə çox yüksək
səviyyədə təşkil olunub. Elə bil ki, insanlarda
bir bayram əhvalı var idi. Hamı bu müsabiqədə
iştirak etmək istəyirdi. Bütün bunlar Azərbaycan
dövlətinin mədəniyyətin, musiqinin,
muğamımızın inkişafına diqqət və
qayğısının nəticəsidir. Muğam müsabiqəsinin
laureatlarını Muğam Teatrında görmək
arzusundayam. Muğam teatrı öz ənənəsi olan bir sənət
məkanıdır. Burada hər gün məşqlər olur,
gənc ifaçılar püxtələşir. Ona görə
də, hesab edirəm ki, gənc ifaçıların püxtələşməsi
üçün Muğam Teatrından gözəl bir yer
yoxdur. Çünki bu karvansaranın özü muğam
üçün yaranıb.
Mehparə
Mədəniyyət.-
2011.- 8 iyul.- S. 11.