Niyazinin mənzil-muzeyində müəllif
mahnılarından ibarət konsert
İyulun 6-da Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin Klassik Musiqisevərlər Klubunun növbəti
tədbiri keçirildi. Maestro Niyazinin mənzil-muzeyində
keçirilən tədbir bard-ifaçılar Elxan Çələbi
və Samir Rəcəbovun yaradıcılığına həsr
olunmuşdu.
Tədbirdə öncə muzeyin
şöbə müdiri Fazilə Nəbiyeva
çıxış edərək ifaçılar haqqında
məlumat verdi. Bildirdi ki, E.Çələbi 14
yaşından mahnı yazmağa başlayaraq, özündə
bu qabiliyyəti inkişaf etdirib. 1995-ci ildə isə S.Rəcəbovla
konsertlər verməyə başlayıb. Onun repertuarına Azərbaycan
və rus dillərində mahnılar daxildir.
S.Rəcəbov isə 1986-cı
ildən gitarada ifa edir. Repertuarına Azərbaycan və digər
xalqların bəstəkarlarının əsərləri
daxildir.
Daha sonra musiqiçilər ifaya
başladılar. Onların gitaranın müşayiəti ilə
ifa etdiyi mahnılar maraqla qarşılandı. Elxan Çələbi
və Samir Rəcəbov Azərbaycan və rus dillərində
müəllif mahnılarından ibarət konsert proqramı təqdim
etdilər. Konsertin proqramına Azərbaycan xalq
mahnılarının işləmələri və ispan
mahnıları daxil edilmişdi. E.Çələbi 14
yaşında yazdığı «Dalğalar»
mahnısını ifa etdi. Konsert boyu ifa etdikləri hər
mahnının yaranma tarixi və yarama şəraitindən
danışan bardlar vətənpərvər
mahnılarını, həmçinin «Sarı gəlin»i
bardsevənlər üçün ifa etdilər.
Gülər
Mədəniyyət.-
2011.- 8 iyul.- S. 11.